open-hands

Əllərin titrəyirsə, deməli…

Baxış sayı: 2. 725

Terapevt Nailə Ələkbərovanın sözlərinə görə, əllərin titrəməsi (tremor) fizioloji və ya patoloji olur: Fizioloji səbəblərdən əllərin titrəməsi müvəqqətidir və bunun səbəbi aradan qaldırılanda keçib gedir. Əllərin titrəməsi orqanizmdə gedən hansısa patoloji proseslərlə bağlıdırsa, bunu aradan qaldırmaq çətinləşir. Həkim deyir ki, əllərin əsməsinin fizioloji səbəblərinə stress, həyəcan, əsəb gərginliyi aiddir: “Əksər insanlar qorxanda, həyəcanlananda əlləri titrəməyə başlayır. Misal üçün, imtahan verəndə, yüksəklikdən qorxan adam yüksəkliyə qalxanda əl-ayağı əsməyə başlayır. Utancaqlıq həyəcanla qarışanda da adamın əlləri titrəyir. Əl ilə fiziki iş görəndə də əl əsə bilər. Çox ağır və uzun fiziki işlər gördükdə əzələlər gərginləşir. İşi bitirdikdən sonra əzələlər boşalır və biləkdə boşluq, əllərdə titrəmə müşahidə olunur”.

N.Ələkbərova bildirib ki, üşüyəndə də əllərimiz əsir. Amma soyuq olanda yalnız əllər deyil, bütün bədən titrəyir: “Spirtli içki çox qəbul edənlərin də əlləri titrəyir. Xüsusilə də, spirtli içki içilən günün səhərisi əllər əsir. Tünd qəhvə və çaya üstünlük verənlər də tremordan şikayət edirlər”.

Onun dediyinə görə, bəzi dərman vasitələrinin qəbulu da əllərin titrəməsinə səbəb olur. Lakin müalicə bitdikdən, dərman qəbulu dayandırıldıqdan sonra əllərin əsməsi keçir.

Əllərin patoloji səbəblərə görə əsməsi xəstəlik üzündən baş verir. Həmsöhbətimizə görə, əlləriniz hər gün titrəyirsə, həkimə müraciət etmək lazımdır: “Belə ki, əllərin tez-tez titrəməsi hansısa xəstəlikdən xəbər verə bilər. Məsələn, əllər şəkərli diabet, tireotoksikoz, böyrək xəstəlikləri zamanı titrəyir. Toksik maddələrdən zəhərlənmə zamanı da əllərin əsməsi müşahidə olunur. Parkinson xəstəliyi zamanı isə əllər zəif titrəyir. Beyində şişlər və zədə zamanı, skleroz və ya damar xəstəliklərində əllərin titrəməsi nəzərə çarpacaq qədər güclü olur. Əllərin titrəməsi boyun osteoxondrozu, hipertoniya xəstəliklərinin də əlaməti hesab olunur. Xəstəliklərlə yanaşı, əllərin titrəməsi irsi də keçə bilər. Əllərin titrəməsi irsidirsə, adətən ailənin bütün üzvləri bundan əziyyət çəkir. Tremorun ilkin əlamətləri yaşlananda üzə çıxır”.

Anaları körpələrin əllərinin titrəməsi narahat edir. Körpənin əlləri doğulduğu gündən titrəyə bilər. Bu əsəb və endokrin sistemin möhkəmlənməməsi üzündən baş verir. Adətən zəif əzələ titrəmələri uşaq qışqıranda və ya ağlayanda müşahidə olunur. Mütəxəssis bildirir ki, bu, adi fizioloji haldır və buna görə narahat olmağa dəyməz: “Amma bu cür hallar körpənin 3 ayından sonra da baş verirsə, həkimə müraciət etmək lazımdır. Ola bilər ki, uşağın əsəb sistemində bətndaxilində və ya doğum zamanı yaranan hansısa patologiya mövcuddur”.

Əllərin titrəməsini aradan qaldırmaq üçün ilk növbədə onun səbəbini araşdırmaq və müalicə etmək lazımdır: “Əgər əllər həyəcandan, qorxudan əsirsə, sakitləşmək, bu, təbii halda mümkün deyilsə, sakitləşdirici dərmanlar içmək olar. Spirtli içki qəbul edənlərə əllərin titrəməsi keçsin deyə içkini azaltmaq, tünd qəhvə və çaya üstünlük verənlərə isə daha açıq və zəif içkilər içmək məsləhətdir”.

Əgər əllər patoloji səbəbdən titrəyirsə, həkimə getmək mütləqdir. Yalnız həkim uyğun müalicəni təyin edə bilər. Əllərin titrəməsi artıq dözülməz həddədirsə, cərrahi yolla da müalicə etmək mümkündür. Lakin əməliyyata yalnız müalicə heç bir effekt vermədikdə qərar vermək məsləhətdir.

Həkim onu da deyir ki, dərmanla müalicə və cərrahi əməliyyatdan başqa müalicəvi bədən tərbiyəsi də əllərin titrəməsini aradan qaldırır: “Məsələn, boyun osteoxondrozu zamanı müəyyən idman hərəkətləri yaxşı nəticə verir. Bu xəstəliyin müalicəsi üçün kiçik motorikanın inkişafına yönələn idman hərəkətləri tətbiq olunur. Ümumiyyətlə, əllərin sağlam və gözəl görünüşü, yaşlandıqda belə titrəməsinin qarşısını almaq üçün tikiş tikmək, toxumaq, xırda əl işləri görmək məsləhətdir”.

Elnur Ağayev




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir