valideyn

Uşaqlar niyə çox sual verirlər və onlarla necə davranmalı?

Baxış sayı: 1. 044

Uşağınız siz düşündüyünüzdən də çox sual verir? Artıq bu suallara cavab verməkdən bezmisiniz? Hətta, uşağınızın suallarına cavab verməkdə çətinlik çəkirsiniz? Elə isə görək uşaqlar nə üçün çox sual verirlər və ya onların bu sualları qarşısında nə etmək lazımdır?

Hər şeydən əvvəl deyək ki, uşaqlar ətraf mühiti daha çox öz səyləri ilə anlamağa çalışırlar. Bu baxımdan uşaqlar üçün bilavasitə gördüklərini anlamaq daha asan olur. Ancaq hadisələrin arxasında duran bəzi səbəbləri və ya görə bilmədikləri, ancaq eşitdikləri bəzi mücərrəd məfhumları anlamaqda çətinlik çəkirlər. Bunun üçün də bir böyüyün yardımına ehtiyac hiss edirlər. Yəni, onların sual vermələrinin səbəbi əslində içində yaşadıqları dünyanı tanımaq cəhdidir.

Image result for sual verən uşaqlar"

Digər tərəfdən, uşaqlar əsasən 3 yaşından yuxarı çox sual verirlər və bu proses təqribən 6 yaşına qədər davam edir. Bu dövrdän sonra suallarda müəyyən bir seyrəlmə müşahidə olunur. Bu dövrdə sualların çox olmasının ən mühüm səbəblərindən biri də uşağın “mən” dövrünü yaşamasıdır. Yəni, uşaq bütün dünyanı öz pəncərəsindən görməyə çalışır və buna görə də, ondan kənarda baş verən hadisələri başa düşməkdə çətinlik çəkir. Sualların çoxluğunun başqa bir səbəbi isə bu dövrdə uşaqların hələ konkret düşünə bilməmələridir. Buna görə də, onlar ancaq konkret hadisələri anlaya bilirlər. Məsələn, uşaqlar varlıqlarını bildikləri, ancaq görə bilmədikləri şeylərlə bağlı daha çox sual verirlər. Məsələn, “Axşamlar günəş hara gedir”, “Mən necə dünyaya gəldim?”, “Ulduzlar yeriyə bilirlərmi?” və s. kimi suallarla gördüklərini konkretləşdirərək başa düşməyə çalışırlar.

Image result for soru soran çoçuklar"

Digər tərəfdən, yuxarıda da deyildiyi kimi uşaqlar bəzən hadisələrin arxasındakı səbəbləri bilmək istəyirlər. Məsələn, “Atam nə üçün evə həmişə gec gəlir?”, “Nənəm nə üçün məni sizin kimi öpmür?”, “Bu maşın nə üçün belə sürətlə gedir?” və s. Uşaqlar bu sualların heç birini necə gəldi vermirlər və təbii olaraq, onları razı salan bir cavab gözləyirlər. Belə hallarda uşağın suallarına gülmək və ya istehza etmək çox təhlükəlidir. Digər tərəfdən, əgər valideyn suallara cavab verməkdə çətinlik çəkirsə, lazım gəlsə, kitablardan da istifadə etməlidir. Təbii ki, uşağa cavab verərkən onun intellekt səviyyəsini və qavrama qabiliyyətini nəzərə almaq da çox vacibdir. Bəzən verdiyiniz cavablar uşağı razı salmaya bilər. Buna görə də, məsələni uşağın başa düşəcəyi bir səviyyəyə yaxınlaşdırmalı və lazım gəlsə, bir yox birdən çox misal verməlisiniz. Əgər uşaq maraq dairəsindən kənar suallar verirsə, ona dərhal sərt reaksiya göstərmək olmaz (məsələn, “Sənin yaşın hələ azdır” və ya “Sənə belə suallar vermək olmaz” kimi). Çünki bu cür münasibət uşaqda maraq hissini daha da artıra bilər. Digər tərəfdən, uşağa “Biz buna cavab verə bilmərik” və ya “Biz bu sualın cavabını öləndən sonra öyrənəcəyik” kimi cavablar da vermək olmaz. Çünki konkret bir şeyi başa düşməkdə çətinlik çəkən uşağa ölüm və ölüm kimi konkret olmayan mücərrəd məfhumlardan bəhs etmək onun fikrini daha da qarışdıra bilər. Bunun əvəzinə uşağa anlaya biləcəyi lakonik cavablar vermək lazımdır. Bəzən birbaşa cavab vermək əvəzinə uşağın düşünməsinə də şərait yaratmaq olar. Məsələn, “Bəs sən bu barədə nə düşünürsən?” kimi suallarla cavabı uşaqla birlikdə axtara bilərsiniz.

 

 

Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir