saxta baba

Yeni il şənlikləri – valideyn narazılıqları, uşaq sevincləri

Baxış sayı: 1. 086

Yeni ilin astanasındayıq. 2020-ci ilə sayılı günlər qalıb. İlin əvəzlənməsinə ən çox sevinən isə, sözsüz ki, uşaqlardır. Çünki Yeni il onlar üçün məktəblərin tətilə çıxmasından əlavə, həm də böyük əyləncədir. Həm bayırda, həm də evlərdə bayram ab-havası yaşanır, Şaxta baba, Qar qız, şam ağacı, nağıl qəhrəmanları ilə birlikdə əylənmək üçün ideal bir şərait yaranır. Uşaqların bayram sevinci Yeni ilin atributları ilə birlikdə unudulmaz günlər yaşadır.

Bayram olsun, mədəniyyət müəssisələrimiz bayramı və bu bayramın həvəskarı olan balacaları diqqətdən kənar qoysun? Təbii ki, mümkün deyil.

Hər il olduğu kimi, bu dəfə də mədəniyyət müəssisələrimiz, xüsusən, teatrlarımız bayram sevincini uşaqlarla birlikdə yaşamaqdan ötrü onlar üçün xüsusi bayram repertuarı hazırlayırlar.

Əlbəttə, uşaqların olduğu yerdə maraqlı, məzəli hadisələrin olması qaçılmazdır. Biz də bayram günlərində teatrlarımızın rastlaşdığı maraqlı hadisələri xəbər almağa çalışdıq. Teatra övladını yedizdirmək üçün gələnlərdən tutmuş, teatrın dənizin içində olduğunu düşünənlərə qədər müxtəlif hadisələrin yaşandığını öyrəndik. Teatrlarımızın mətbuat katiblərinin “xatirə dəftəri” belə maraqlı hadisələrlə kifayət qədər zəngin imiş.

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı deyir ki, ümumiyyətlə, Yeni il şənliklərində valideynlər uşaqlardan daha çox “problem” yaradırlar: “Bu “problemlər” müxtəlif rəngdə, fərqli şəkildə olur. Məsələn, valideyn elə bilir ki, onun uşağı oturub tamaşaya baxırsa, bütün uşaqlar da ondan nümunə götürməlidir, sakit, idarəolunan olmalıdır. Amma uşaq olan yerdə elə səs-küy, hərəkət olar. Şənliyin gözəlliyi də burdadır. Gecikən valideynlərlə, biletin üstündə yazılan tarixdə tamaşaya gəlməyənlərlə hərdən sıxıntı yaşanır. Amma bütün bunlar keçib-gedən qayğılardır. Əsas odur ki, uşaqlar sevinir, əylənir, bayram ab-havası yaşanır. Biz kollektiv olaraq bütün uşaq şıltaqlığına, valideyn uşaqlığına dözməyə hazırıq, təki razı getsinlər, növbəti tamaşalarda yenə bizi seçsinlər.

O ki qaldı konkret əhvalata, indi birini xatırlayıram. Bir valideyn mənə yaxınlaşıb aqressiv şəkildə narazılıq elədi. Səbəb də bu idi ki, gecikmişdi, uşağının qabaq sırada oturmağını istəyirdi. Valideyni birtəhər razı saldıq, uşağı da tamaşaya maraqla baxdı. Çıxanda mənə dedi ki, siz hələ məni yaxşı tanımırsınız, lazım olsa, bu teatrdan birini tikdirərəm, özümüz şənlik təşkil edərik. Mən də cavab verdim ki, nə gözəl, təki siz teatr binası tikdirin, söz verirəm, sizin teatrın şənliyində Şaxta baba özüm olacam”.

 

Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat katibi Fəridə Rüstəmova sosial şəbəkələr üzərindən teatrsevərlərin suallarına böyük zövqlə cavab verdiyini deyir: “Onlar bir gündə 100-dən artıq sualla müraciət edirlər. Əlbəttə, onların içərisində elələri var ki, çox yaddaqalandır. Bəzən elə hallar olur ki, teatrın yerini göstərən naviqatoru da əvəz edirəm. O gün biri yazıb ki, müəlliməm, sinfimlə gəlirəm, teatrınız bulvarın lap içindədir? İstədim deyəm ki, yox, dənizin lap içindədir. Əlbəttə ki, demədim, əksinə, ürəyimdə sevindim ki, heç vaxt bizim teatrımızın ünvanını bilməyən bir müəllim rəhbəri olduğu sinifdə teatra həvəs yaradır.

Bir dəfə də paylaşdığım şəkilləri, tamaşamızın repertuarını bəh-bəhlə bəyənən bir xanım mənə yazmışdı ki, Akademik Musiqili Teatrı həddindən artıq sevir və övladı da məhz musiqi təhsili aldığı üçün istəyir ki, Üzeyir Hacıbəylinin səhnə əsərlərinə gəlib baxsınlar. Onlara seçdikləri tamaşa haqqında dolğun məlumat verdim. Və o, bir neçə gün sonra yazdı ki, artiq bilet alıb və mütləq gələcəklər. Hətta həmin xanım tamaşadan öncə teatrın gözəlliyindən zövq almaq, tanış olmaq üçün bir az tez gəlmək istədiyini də bildirdi. Aradan bir neçə gün keçmiş, mənə uzun-uzadı üzrxahlıq mesajları yazdı ki, çaşıb o biri teatra getmişəm, sonra zaman etibarı ilə geri qayıtmaq mümkün olmayıb və məcburiyyət qarşısında bilet alıb onların tamaşalarına baxmalı olmuşam. Mən də dedim, çox gözəl, ürəyinizi sıxmayın, əsas odur ki, teatrlara doğru hərəkətiniz  başlayıb.

Bir dəfə də bir xanım yazmışdı ki, elə bilirəm, teatr təkcə qalstuklular üçündür. Maraqlı o qədər hallar olur ki, bəzilərini ifadə edə bilmirəm. Amma bir şeyə sevinirəm ki, insanların fikirlərində teatr özünəməxsus yer tutmağa başlayır.

Elə insanlar var ki, çox kübar və incə yanaşırlar teatrlara. Elə insanlar da var ki, gələn kimi restoran ab-havası ilə teatrı dəyişik salırlar”.

 

A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmovanın xatırladığı maraqlı əhvalatların personajları təkcə uşaqlar və valideynlərlə məhdudlaşmır, hətta qəhrəmanlar arasında həmkarlarımız da var: “Teatrda çalışmaq, xüsusilə də mətbuat məsələlərinə cavabdeh olmaq maraqlı və bir xeyli də məsuliyyətli işdir: Niyə məsuliyyətli? Çünki bizim teatrın əsas siması onun kuklaları, yəni obyekti bu personajlardır. Məsələn, rolları qeyd edərkən daha çox heyvan adları yazıldığı üçün, xüsusən gənc jurnalistlərimiz məsələni gülüşlə qarşılayırlar. Bir dəfə adını çəkməyəcəyim bir saytın xanım yazarı, həm də çox gənc jurnalisti ilə məşqə baxırdıq. Reportaj edirdi. Təbii ki, ondan əvvəl butafor sexi, əlbisə otağı və rəssamların,  konstruktorların işləri ilə tanış olmuşdu. Bu mənada müəyyən yeni bilgilərin işə yarayacağını düşünmüşdüm. Beləcə, məşqi izləyirik. Xeyli baxdıqdan sonra gözlənilməz bir sual verdi: “Həmidə xanım, heç eşşək olmaq istəyən könüllü aktyorunuz olub?” Özlüyümdə izaha başladım: “Kukla Teatrında istənilən personaja və hətta cansız əşyalara da obraz gözü ilə baxıldığı üçün bu kimi məsələlər siz deyən kimi başa düşülmür”. Elə bu an gözəl qızımız: “Hə də vallah, eşşək nə bilir zəfəran nədi”, – dedi. Sonra nə isə əlavələr etsə də, mən artıq tərkidünya idim və ağlayana qədər güldüm. Bir dəfə böyük bir ali təhsil müəssisəsinin həmkarlar komitəsinə rəhbərlik edən xanım nümayəndə yaxınlaşıb, Yeni il biletlərini soruşdu. Təbii ki, mən də vəzifəm çərçivəsində məlumat verdim, tamaşanın təsvirini etdim. O yan, bu yana boylanan xanımın dediklərimlə ilgilənmədiyini sezdikdə, dayandım. Qadın bunu başa düşdü, “a “padarok?”, – sual verdi. Mən də səliqəli geyinmiş xanıma “biz, əsasən mənəvi qida veririk”, – dedim. “Əşi, nə mənəvi qida e, uşağa “padarka” maraqlıdı”, – dedi. Mən də öz növbəmdə “biz o hədiyyələrin içərisindəki qida məmulatlarının keyfiyyətinə cavabdeh deyilik”, – söylədim. Qadın yenə heç nəyə qulaq asmadıqda, biz də “kuklalar heç, əsas “padarkadı” fikrində olan xanımı yola saldıq. On dəqiqədən sonra xanımın foyedəki kuklalarla selfi etdiyini, hətta bir kuklanı az qala sıradan çıxaracağını görüb sevindim: deməli, o da mənəvi qida axtarır.

Bunlardan başqa, kürkünü qarderoba verməyən, qazançada dolma gətirən analardan, popkornunu qarderobçu yeyər – deyə ağlayan uşaqdan, foyedəki kuklanı aparmaq istəyən və icazə verilmədikdə, “kukladı da, təzəsin düzəldərsiz”, – deyən atalardan da danışmaq olar”.

 

Bakı Usaq Teatrının mətbuat katibi Leyla Həşimova da xatirələrini bizimlə bölüşdü: “Keçən il teatrımız Gədəbəyə Yeni il şənliyi keçirməyə getmişdi. Gecə saat 3-də aktyor Rauf Hüseynli hamını yalandan oyadıb ki, iclasdı. Bütün heyət 3-də geyinib müəllimin otağına gəlib…

Gədəbəydə hava çox soyuq olur və hər tərəf buz bağlayır. Konsert vaxtı həyətdə yerə xalça sərmişdilər ki, iştirakçılar yıxılmasın. Buna baxmayaraq, uşaqlar Şaxta babanı çağırırlar. Şaxta babanın elə xalçanın üstünə çıxmağı ilə yerə yıxılması bir oldu. Həmin il yollar buz bağladığı üçün kollektiv dekabrın 31-də evə gəlib çıxa bilməmişdi. Yeni ili elə yolda qarşılamışdılar”.

Teatrlarımıza 2020-ci ildə də bir-birindən gözəl səhnə əsərləri, tamaşaçıların sevgisi və həvəsindən doğan maraqlı hadisələr arzu edirik.

 

Xəyalə Rəis




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir