qrip

Soyuqlayanda işə getməlimi, getməməlimi?

Baxış sayı: 817

“Yalvarıram, çıx, get evinə” – bunu mənə müdirim dedi. “İşçilər şikayətlənirlər. Onlar sənin pis virusuna yoluxmaqdan qorxurlar”.

Nə qədər israr etsəm də ki, bu, sadəcə soyuqdəymədir və mən özümü o qədər də pis hiss etmirəm, qulaq asan olmadı. Təslim olmaq məcburiyyətində qaldım, yoxsa işlədiyim xəbərlər şöbəsindən məni zorla çıxaracaqdılar.

Düzdür, vəziyyətim lap da əla deyildi, ancaq inanırdım ki, bütün günümü ədyal altında keçirəcək qədər xəstə deyiləm.

Asqıranda işə gedib-getməmək məsələsi dostlarım, həmkarlarım və sosial şəbəkələrdəki izləyicilərim arasında elə böyük fikir ayrılığına gətirib çıxardı ki,”brexit” mübahisəsi onun yanında yalan oldu.

Bəziləri “Sən allah, böyütmə, bu ki sadəcə soyuqdəymədir!” dedi. Digərləri razılaşdılar ki, “Hə, bu, qəliz məsələdir”. “Xəstəliyini həmkarlarına da yoluxdurmaq istəyirsən? Eqoist!” – belə deyənlər də oldu.

Mən əmək qanunvericiliyi, etika prinsipləri və ictimai sağlamlığın toqquşduğu bir situasiyayla üz-üzəydim.

 

Yaxşı və pis soyuqdəymə

Biz soyuqdəyməylə hər yerdə rastlaşırıq – tramvayda, supermarketdə, uşaq meydançasında. Hətta evdən heç vaxt çıxmamağı planlaşdırsaq belə, nə vaxtsa kimdənsə bu xəstəliyə yoluxacağıq.

Yaxşı, bəs, onda niyə çoxları narahat olur? Axı, bu, qış fəsli üçün normal haldır.

“Soyuqdəymə virus xəstəliyidir və orqanizmlər fərqli olduğu üçün ona reaksiyalar da fərqlidir. Bəziləri soyuqdəyməni çox ağır keçirirlər. Özünüzü həqiqətən pis hiss edirsinizsə və simptomlar məhsuldar çalışmağınızın mümkün olmadığını göstərirsə, evdə qalmanız məsləhətdir. Bununla siz həm də virusunuzu yaymamış olacaqsınız” – Personalın İnkişafı İnstitutunun (CIPD) əməkdaşı Rachel Suff belə deyir.

Virusların çoxu soyuqdəyməylə nəticələnir, amma ən çox yayılanları rinoviruslardır

Kraliyyət Ümumi Praktika Həkimləri Kollecinin rəhbəri professor Martin Marshall da müxtəlif insanların viruslara fərqli reaksiya verdiyini deyir.

Amma biz nəyin bahasına olursa-olsun, soyuqdəymədən qorunmalıyıqmı? Məgər viruslar bizim immun sistemimizi möhkəmləndirmirmi?

Britaniya İmmunologiya Cəmiyyətinin keçmiş rəhbəri professor Peter Openshaw son 25 ilini bu məsələni araşdırmağa həsr edib. O bildirir ki, soyuqdəymə virusları orqanizmin ümumi sağlamlığı üçün faydalıdır, amma bunu bütün hallara şamil etmək olmaz.

Sən demə, yaxşı və pis soyuqdəymə bölgüsü varmış.

“Mən bütün ömrümü virusların hansının faydalı olduğunu anlamağa həsr etmişəm. Çünki onların bəziləri immun sistemini məşq etdirirlər” – Openshaw belə deyir.

Bəs, immunetit zəif olanlar necə olsun?

“Anam xərçəng xəstəliyinə tutulanda mən də işdə ağciyər infeksiyasına yoluxdum. Üç həftə ərzində anama baş çəkməyim qadağan edildi deyə, ona baxıcı tutmalı oldum” – qadın həmkarlarımdan biri mənə belə dedi.

O, istənilən yerdə bu xəstəliyə yoluxa biləcəyini etiraf etsə də, israr edir ki, fasiləsiz olaraq asqıran biriylə üz-üzə olan masada oturub işləmək heç də yaxşı vəziyyət deyil.

Professor Marshall soyuqdəyməsi olanlara (xüsusilə də xəstələrlə, uşaqlarla və hamilə qadınlarla işləyənlərə) asqırıq və öskürəklə işə çıxmamağı məsləhət görür.

“Slater” şirkətinin əmək hüququ üzrə vəkili Hayley Johnson xatırladır ki, kistik fibroz diaqnozlu şəxslər və yenicə kimyaterapiya müalicəsi almış xəstələr üçün soyuqdəymənin nəticələri çox ağır ola bilər.

 

Son illərdə soyuqdəyməyə münasibət dəyişibmi?

Deyəsən, hə.

CİPD qeyd edir ki, kadrlar şöbəsi əməkdaşları arasında keçirilən sorğular işçilərin il ərzində xəstəlik məzuniyyəti götürdüyü günlərin sayı orta hesabla 5,9 günə düşüb. Bu, institutun belə sorğulara başladığı son 19 il ərzindəki ən aşağı göstəricidir.

Kadrlar şöbələrində çalışanların 83 faizi bildirib ki, insanların xəstə vəziyyətdə işə gəldiklərini görüblər, 63 faizi isə məzuniyyətdə olan şəxsləri çalışarkən gördüyünü deyib.

Rachel Suff bu məsələdə əmək şərtlərinin roluna diqqət çəkir: “Məlumdur ki, çox adam onsuz da işdə çətinlik çəkir. Onlar bilirlər ki, bir neçə gün evdə qalsalar, qayıdanda daha çox işləməli olacaqlar”.

Hayley Johnson deyir ki, son illərdə işverənlər işçilərin xəstələnmə statistikasını daha diqqətlə izləməyə başlayıblar, xüsusilə də onlar çalışmağa tez-tez və bir neçə günlüyə ara verəndə.

Johnson-un sözlərinə görə, şirkətlər xərcləri mümkün qədər azaltmağa çalışırlar və buna görə də hər bir əməkdaş 1,5 adamın işini görməli olur.

Çox adam hesab edir ki, xəstə olsa belə, durub işə getməlidir.

Hər şey işverəndən asılıdırmı?

Biz soyuqdəyməsi olanları evə göndəririk. Hərçənd kollektivimiz cəmi altı nəfərdən ibarətdir və soyuqdəyməyə ucbatından üç nəfərimiz işləyə bilməsə, müştərilərin sifarişlərini yerinə yetirməmiz çox çətin olar” – “Acoustic and Engineering Consultants Ltd” şirkətinin nümayəndəsi Paul Knowles belə deyir.

Kiçik Müəssisələr Federasiyasının (FSB) sədri Mike Cherry kiçik şirkətlərdə çalışan şəxsləri sağlamlıq məsələlərini işverənlə müzakirə etməkdən çəkinməməyə çağırır:

“10 işverəndən 9-u dəyişən rejimdə çalışmaq imkanı yaradır. Çünki kimsə özünü pis hiss edirsə, amma vəziyyəti müəyyən işləri yerinə yetirməyə imkan verirsə, ona evdən işləmək fürsəti yaratmaq daha əlverişlidir”.

Cherry frilanserlərə və fərdi sahibkarlara daha çətin olduğunu vurğulayır:

“Boş vaxtla təmin etmək məcburiyyəti haqqında qanun onlara şamil olunmur, özlərində isə heç nəyə baxmadan və nəticəsi nə olur-olsun, işləmək vərdişi var”.

 

Soyuqdəyməyə görə işdən çıxarmaq olarmı?

“Xəstənin yataqdan qalxa bilməsi o demək deyil ki, o həm də işləyə bilər. Hətta infeksiyanın zəif variantları üçün də həkimlər pasiyentlərə arayış verirlər. 10 illik iş təcrübəmdə bütün hallar üçün arayış tələb edən yalnız bir şirkətə rast gəlmişəm. Demək olar ki, bütün kompaniyalar xəstə əməkdaşın 5 gün evdə qalmasına normal yanaşırlar və bu müddət uzandığı hallarda arayışa ehtiyac duyurlar” – Hayley Johnson belə deyir.

O, sadə bir çıxış yolu təklif edir – işverənlər və əməkdaşlar bir-birinə etibar etməlidirlər.

“İşçisinin yalan danışdığına əmin olan işverən onu işdən çıxara bilər” deyən Johnson nümunə olaraq hipotetik bir situasiya təsvir edir: əməkdaş zəng vurub xəstələndiyini və işə gələ bilməyəcəyini deyir, sonra da barda şampan şərabı içdiyini göstərən şəklini sosial şəbəkələrdə paylaşır.

Ancaq işverənlərin böyük əksəriyyəti əməkdaşların xəstələnmələri barədə dediklərini həqiqət olaraq qəbul edir və bu, tərəflər arasındakı qarşılıqlı və yüksək səviyyəli inamdan xəbər verir.

Biscuits adlı itin bir üstünlüyü var: insanların soyuqdəyməsi ona yoluxmur

Mən nə başa düşdüm?

Problemin bütün aspektlərini araşdırandan sonra bu nəticəyə gəldim ki, iş yeri sarıdan bəxtim gətirib və mən bunu unutmamalıyam: bəzi insanların immuniteti zəifdir.

Yoluxucu xəstəliyə tutulanda özümə və iş yoldaşlarıma qarşı daha mərhəmətli davranıb yaxşılaşana qədər evdə işləməliyəm.

Sevimli itim Biscuits hadisələrin bu şəkildə inkişafına çox sevinər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir