sigorta

Əhali əmlakını sığortalamaqda niyə maraqlı deyil?

Baxış sayı: 1. 537

Prezident İlham Əliyev 2020-ci ilin yanvarın 13-də keçirdiyi müşavirədə əmlakın sığortalanması ilə bağlı ciddi maarifləndirmə işlərinin aparılması və əmlakın sığortalanması məsələsinin müasir standartlara uyğunlaşdırılması ilə əlaqədar tapşırıq verib. Diqqətə çatdırılıb ki, maarifləndirmə ilə yanaşı, marketinq işləri də aparılmalı, vətəndaşların əmlakın sığortalanmasında maraqlı olmaları üçün müvafiq tədbirlər görülməlidir. Çünki, əmlakın sığortası vətəndaşların da mənafelərinə cavab verir. Vətəndaşlar daşınmaz əmlaklarını icbari qaydada sığortalamaqla, fövqəladə hallarda riskləri minimuma endirmiş olurlar. Yanvarın 24-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə müşavirə keçirilib və Prezident İlham Əliyevin icbari sığorta ilə bağlı tapşırıqları müzakirə edilib. Baş Nazir qeyd edib ki, dövlət başçısı əmlakın sığortalanması işinin vətəndaşla sığorta şirkətlərinin qarşılıqlı maraqları çərçivəsində həyata keçirilməsinə üstünlük verir. O, bu məsələdə də maarifləndirmənin mühüm amil olduğunu vurğulayıb.

Əli Əsədov Nazirlər Kabinetinin 2019-cu il 21 may tarixli sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişafına dair 2019-2021-ci illər üçün Tədbirlər Planı”nda nəzərdə tutulmuş işlərin sürətləndirilməsinin və bununla bağlı mütəmadi hesabat verilməsinin vacibliyini bildirib. Qeyd olunub ki, aqrar sığorta sahəsində qəbul edilmiş qərarların da icrası daim diqqətdə saxlanılmalı, bu istiqamətdə işlər sürətləndirilməlidir. Qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verən Baş Nazir Ə.Əsədov görülmüş işlərin nəticələrinin 3 aydan sonra yenidən müzakirə ediləcəyini bildirib.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirir ki, bütövlükdə maliyyə sferasında, maliyyə bazarında sığortanın özünün xüsusi çəkisi var. Onun sözlərinə görə, bir çox ölkələrdə sığorta şəbəkəsi və sığorta sistemi bank sektorunu dəfələrlə qabaqlayıb: “Sığortanın özü iqtisadiyyatda əsas aparıcı maliyyə institutlarından biridir. Əlbəttə, bu getdikcə ölkəmizdə də formalaşır, bununla bağlı qanunlar qəbul olunur. Bilirsiniz ki, ayrı-ayrı sahələr üzrə, o cümlədən kənd təsərrüfatı, tibbi sığorta ilə bağlı çox mühüm addımlar atılıb. Ancaq bununla yanaşı, biz etiraf etməliyik ki, bütövlükdə sığorta sistemi ilə bağlı vətəndaşlarımızın, xüsusilə iş adamlarının, sahibkarların bu sahədə yetərincə fəaliyyəti görünmür. Biz onu “Diqlas” və “Eurohome” ticarət mərkəzlərində baş verən yanğınlar zamanı, eləcə də digər sahibkarlıq subyektlərində hansısa təbii fəlakət nəticəsində ortaya çıxan problemlər səviyyəsində müşahidə etmişik. Bütün hallarda yük əsasən dövlətin üstünə düşüb. Bu ölkə prezidentinin vətəndaşa olan diqqətinin bir nümunəsi idi ki, zərərçəkənlərə dövlətin dəstəyi oldu. Ancaq bütövlükdə dünya təcrübəsində belə bir şey yoxdur. Dünya praktikasında bu kimi məsələlər birbaşa sığorta sektoruna, sığortalı və sığorta edən arasındakı münasibətlərlə tənzimlənir”.

Millət vəkili deyir ki, sığorta sahəsində özünü büruzə verən, dövlət başçısının da qarşıya qoyduğu vəzifələrdə yer alan məsələlərin həlli üçün ilk növbədə maarifləndirmə işi görülməlidir: “Ciddi maarifləndirmə prosesi getməlidir. Bir tərəfdən hər bir iş adamı müqavilə bağlayanda ətraflı izahat işi aparılmalıdır. Digər tərəfdən, ümumiyyətlə, bu sferada çalışan insanlar, xüsusilə, bizim biznes strukturunun subyektləri çox önəmli iş görməlidirlər. Bu, həm sığorta bazarının genişlənməsini təmin edəcək, həm də bütövlükdə ölkə iqtisadiyyatının mühüm qolunu inkişaf etdirəcək. Digər tərəfdən, baş verən hər hansı hadisə zamanı dəyən ziyanın ödənilməsində dövlətin yükünü azaldacaq. Ona görə də qəbul edilən qanunlar, Nazirlər Kabinetinin normativ aktları ilə yanaşı, həm də maarifləndirmə işi çox geniş şəkildə həyata keçirilməlidir. Eyni zamanda, burda bir məsuliyyət məsələsi də özünü büruzə verməlidir”.

 

Sığorta eksperti Hikmət Allahverdi isə açıqlamasında deyir ki, 8 ildir qüvvədə olan “İcbari sığortalar haqqında” qanunun icrası ilə bağlı cidi addımlar atılmalıdır. Onun sözlərinə görə, ilk növbədə əhali arasında geniş təbliğat aparılmalıdır: “Nazirlər Kabinetinə tapşırılan məsələlərdən sadəcə cərimələrin tətbiqi icra mexanizmi qalıb. Qanun 8 ildir qüvvədədir. Hüquqi şəxslərin istifadəsində olan əmlaklarla bağlı bu qanun tamamilə işləyir. Sadəcə, fiziki şəxslərə bağlı müəyyən problemlər yarandı. Ola bilsin bu, seçki ilə bağlıdır. Lakin reallıq budur ki, 8 ildir qüvvədə olan qanunla bağlı nəzarəetedici orqanın qismən də olsa işlər aparılıb. Sığorta şirkətləri də təbliğ aparıblar. Sanki kimlərsə, sadəcə, keçən ilin son aylarında bu işi daha aktivləşdirdilər, ancaq sonradan nədənsə anidən geriçəkilmə oldu. Təbii ki, təbliğat məsələsi əhali arasında geniş aparılmalıdır. Bu bir reallıqdır ki, əhalinin böyük bir qismi ətraflı məlumata sahib olmadan sığorta şirkətlərinə böyük bir axın etdi, əmlakını sığortalatdı. Amma onlar bunu sığortanın məğzini bilmədən, sadəcə, cərimə məsələsini eşidib etdilər. Lakin bu cərimə mexanizminin tətbiqinin mümkün olmayacağı barədə məlumat yayılan kimi dərhal əhali sığorta şirkətlərinə axını dayandırdı. Ona görə də bu mexanizm üzərində işləmək lazımdır. Cərimə mexanizmi hansı formada olmalıdır, necə edilməlidir və sair dəqiqləşdirilməlidir. Əgər səhv etmirəmsə, bu cərimə protokollarının formasını Nazirlər Kabineti təsdiq etməlidir. Paralel olaraq əhali arasında geniş təbliğat işlərinin aparılması vacibdir”.

Ekspert bildirir ki, dünya təcrübəsində əmlakın özünün icbari sığortası az-az rast gəlinən hallardır: “Qonşu Türkiyəni götürsək, ora aktiv zəlzələ bölgəsi olduğuna görə deprem sığortası deyilən bir sığorta növü var ki, bu, məcburidir, tətbiq olunur. Yəni, burada söhbət insanların öz mülkiyyətində olan əmlakının sığortalanmasından gedir. Bu, bizdə də tətbiq olunur. Sadəcə, bizdə risklər kifayət qədər geniş əhatə olunub. Burda sadəcə zəlzələ deyil, yanğın, partlayış, bütün növ təbii fəlakətlər, subasma, üçüncü şəxslərin qəsd hərəkətləri nəzərdə tutulub. Bu baxımdan götürsək, bizdəki qanun daha geniş əhatə olunub və çox ucuz qiymət qoyulub sığorta üçün. Bu qanunu hardasa sosial bir layihə kimi də düşünə bilərik. Qanun Kür daşqınlarından sonra qəbul olunub. Səhv etmirəmsə, 2012-ci ildə qüvvəyə mindi. Praktikada belədir ki, əgər bu mülkiyyət şəxsə məxsusdursa, bununla bağlı bütün qərarları vermək şəxsin özünə aiddir. Sadəcə, dövlət qəza anında insanlara yardım məqsədi ilə bu qanunu qəbul etmişdi. Əhalinin alıcılıq qabiliyyətini nəzərə almaq lazımdır. Görünür ki, böyük əksəriyyətin il ərzində 50 manatı ödəməyə, yumşaq desək, həvəsi yoxdur. Halbuki, bu, günə heç 15 qəpik etmir. Gündə 3-4 manat siqaretə pul xərcləyən adam nədənsə sığorta üçün 15 qəpik ödəmək istəmir, bunda maraqlı deyil. Bu da təbii ki, məlumatsızlıqdan, təbliğatın az aparılmasından irəli gəlir”.

 

Alpər TURAN




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir