Ölümündən 21 il keçməsinə baxmayaraq, mahnıları hələ də dillər əzbəri olan Barış Mançonun oğlu Doğukan Manço atası haqqında ən qiymətli xatirələrini “Publika.az”-la bölüşüb. “Gencaile.az” həmin müsahibəni təqdim edir.
– Yanvarın əvvəlində Barış Mançonun doğum günü oldu. Söhbətə elə bundan başlayaq, Doğukan bəy. Atanız doğum günlərini necə qeyd etməyi sevərdi?
– Sağlığında atamın doğum gününü ayrıca qeyd etməzdik. Adətən Yeni il ərəfəsində hamımız bir masa ətrafına toplaşardıq deyə bu günü bayramla birləşdirməyi seçərdi. Evdə ləziz bayram süfrəsi hazırlanardı, axşam ailə dostlarımızla birlikdə həm Yeni ili qarşılayar, həm də atamın doğum gününü qeyd edərdik.
– Barış Mançonun uşaq verilişini bütün yaşıdlarım maraqla izləyərdi, nə yalan deyim ordakı uşaqları qısqanar və yerlərində olmağı arzu edərdim. Yaşım az olsa da, anlayırdım ki, bu adam özəl biridir. O, sizin xatirələrinizdə necə yaşayır?
– Təbii ki, bizi Barış Manço kimliyindən ziyadə, atamız olması maraqlandırırdı. İş qrafiki sıx olduğu üçün bizə az vaxt qalırdı, amma onu gözləmək, gəlişini bilmək belə həyəcanverici idi. Dolayısı ilə hər görüş bizim üçün ayrı bir xatirə idi. Bir gün digərinə bənzəməzdi.
– Sənətkarın ölümündən artıq 21 il keçib. Bu illər sizi onun yoxluğuna alışdıra bilib? Ya da sualı belə qurum, nə zaman anladınız ki, bir daha geri qayıtmayacaq?…
– Atam tez-tez səyahətə gedirdi, aylarla görmədiyimiz vaxtlar olurdu, onda belə yoxluğunu qəbul etmək çətin olurdu. Bu səfərlər bizə çox uzun səyahət kimi görünürdü. Nəticədə atamızı görməsək də, televiziya ekranlarında izləyir, radiolarda səsini eşidirdik. Vəfat etdikdən sonra TV-də daha çox görməyə başladıq. Əlbəttə ki, beyin qayıtmayacağını bilir, amma qəlbə izah edə bilmirsən.
– Böyük sənətkarın övladı olmaq böyük xoşbəxtlikdir. Bəs Barış Mançonun oğlu olmaq sizə nələr qazandırıb?
– Barış Monçonun oğlu olmaq bizə məsuliyyət, öhdəlik, səbir və ən önəmlisi duyğularını idarə etmək bacarığı qazandırıb.
– Ailəsinə yetəri qədər vaxt ayıra bilirdi?
– Klassik səslənsə də, doğmasını itirən insan üçün hər ölüm erkəndir. Özünü xalqına həsr etmiş bir şəxsin ailəsinə ayıra biləcəyi zaman nə yazıq ki, məhduddur. O, əlindən gələni etsə də, ayırdığı vaxt bizə yetməzdi.
– Barış Manço həm də sərvət dəyərindəki əntiq əşya kolleksiyasıyla məşhurdur. Dünyanın müxtəlif ölkələrindən tək-tək topladığı nadir əşyaların aqibəti vəfatından sonra necə oldu?
– Kolleksiyanın mənəvi çəkisi onun dəyərindən qat-qat üstündür. Odur ki, bircə parçasını belə satmadıq, qoruyub saxladıq. Bu gün onların hər biri Barış Mançonun ev muzeyində sərgilənir. Onu sevən hər kəs gəlib bu evi ziyarət edə, həmin əşyalarla yaxından tanış olmaq imkanı qazana bilər. Türkiyədə ən çox ziyarətçisi olan muzeylərdən biridir. Hər ay təxminən 10.000-ə yaxın insan gəlir. Bu rəqəmlər hər il getdikcə daha da artır. Demək ki, bu dünyada Barış Manço sevənləri azalmır, artır…
– Barış Manço Türkiyənin yenilikçi sənətçilərindən, ölkəsinin taleyində öz izini qoymuş bir sənətkar idi. Yeniliyə bu qədər meylli olan insanın əntiq əşyalara marağı hardan qaynaqlanırdı?
– Atam həmişə deyərdi ki, “Keçmişini bilməyən bu günün qiymətini anlaya və gələcəyi görə bilməz”. Odur ki, tarixi və mənəvi çəkisi olan əntiq əşyalar bu günlərə necə gəldiyimizin bələdçisidir. Bu, hər hansı qılınc, zinət əşyası, boşqab və s. ola bilər.
– Sizcə, dostlarına göstərdiyi diqqət, qayğı və sədaqətin qarşılığını görə bilirdi?
– Əlbəttə, hiss edirdi. Barış Manço həyatda olanda çox sevilirdi. Yeri gəlmişkən, azərbaycanlıların da sevimlisi idi. Atam qardaş ölkəni, xüsusilə sizin sənətçilərlə işləməyi çox sevərdi.
– Ananızla tanışlıq hekayəsi də çox təsirlidir, bu sevgi nağılını sizə danışardı?
– Onların tanışlıq hekayəsi çox ilgincdir, atam anama ilk görüşdə evlilik təklifi edib. Barış Mançonu tanıyanların çoxu bunu bilir. Tanışlıq hekayəsini bizə səhnəcik qurub, teatr tamaşası kimi oynayaraq danışmışdı. Valideynlərim xarab olmuş telefon sayəsində tanış olub.
Barış Manço xalamgilin həm qonşusu, həm də həyat yoldaşının yaxın dostu olub. Bir gün anam xalamgilə qonaq gedir, evdə telefonları işləmədiyi üçün üst qonşuya qalxır. Qapını açan Barış Mançodan “Olar zəng edim” deyə soruşur. Bu zaman atamın “Əgər mənimlə evlənsən, zəng edə bilərsən” təklifinə anam “Niyə də yox” deyərək gülür. Anam danışıq üçün ödəniş etmək istəyəndə atam “Hər halda evlənəcəyik, nə pul” deyərək onu yola salıb. Sonradan bu tanışlıq böyük sevgiyə çevrilir.
Toyları da yaddaqalan olub. Atam zarafat etməyi sevirdi, toy mərasimində konfet əvəzinə plastinka paylamışdı. Plastinkanın bir üzündə cütlüyün dalaşması, o biri üzündə isə atamın dili ilə desək, xoşbəxtlik hekayələrini danışdıqları səs yazısı var idi.
– Barış bəy xanımların da sevimlisi idi. Bu, ailədə qısqanclığa səbəb olurdu?
– Barış Manço kimi xarizmatik və bacarıqlı bir adamı sevməmək… Sizcə də qəribə olmazmı? Anamız da aristokrat bir xanımdır. Belə bir kişiyə sahib çıxmağı hər qadın bacarmazdı zatən.
– Bildiyim qədərilə Barış ismi Türkiyədə ilk dəfə atanıza verilib. Onun adı ilə xarakteri bir-birini tamamlayırdı? Özü sülhsevər olsa da, mahnılarında bir qədər üsyankar ruh sezilir.
– Doğrudur, Barış adı ilk dəfə atama qoyulub. Amma Barış Manço üsyanını heç bir zaman mahnılarına köçürməyib. Əksinə mülayim davranışları ilə insanlara hikmətli mesajlar verməyə çalışırdı. Üsyanı vardısa da, mesajlarını anlaya bilməyənlərə idi.
– Azərbaycanlı publisist Etibar Babayev Barış bəyin yaxın dostu olub. Onun yazdığı “Barış körpüsü” kitabından xəbəriniz var?
– Etibar Babayev çox qiymətli ziyalımızdır. Ötən il onu evimə qonaq çağırmaq fürsəti qazandım. Atama dəyər verib, sağ olsun. Atamın sağlığında dəyər verdiyi dostları mənim üçün də qiymətlidir.
– Ən çox dinlədiyiniz mahnısı hansıdır? Ümumiyyətlə sizə özəl oxuduğu bir mahnı və laylası var idi?
– 200-dən çox bəstəsi var atamın. Bəyəndiyim siyahı daim dəyişir. Sıxıntılı günlərimdə mahnılardan özüm üçün dərman resepti kimi siyahı tərtib edirəm. Məsələn, “Kazma”, “Halil İbrahim sofrası” dünya və insanlıq üçün ən hikmətli nəğmələrdir.
– Barış bəyin zəif tərəfləri nələr idi və nəyi heç bir zaman bağışlamazdı?
– Barış Manço istəyinin yerinə yetirilməməsini, bir mövzunu 2 dəfə söyləməyi, ya da nəyisə iki dəfə xahiş etməyi sevməzdi. Çox intizamlı və planlı biri idi. Odur ki, nizamsız və işini düzgün yerinə yetirə bilməyənləri sevməzdi. Lovğa və həyasız insanları bağışlamazdı.
– Xəsis olması haqqında deyilənlər nə dərəcə həqiqət idi?
– Atama xəsis deyən adam yəqin ki, fərqli münasibətini sərgiləmək istəyib. Əslində o, çox tədbirli insan idi və israf etmək istəməzdi. Evimizdə boşqabda qalan yemək zibilə atılmazdı və ya 2 -3-dən çox salfet istifadə edilməzdi. İsrafa, ağac kəsilməsinə və suyun lazımsız yerə axıdılmasına qarşı çıxırdı. Ancaq Barış Manço öz cibindən məktəb tikdirib xeyriyyə işlərinə xərcləyəcək qədər səxavətli idi. Özünüz qiymətləndirin…
– Öz şərqisində deyildiyi kimi, ömrünün son baharını necə keçirmişdi?
– Qəlbi qırıq keçirmişdi, türk insanını çox xaotik bir dönəmdə görmüş, bundan ötrü içi yanmışdı. Ölümündən əvvəl məyusluğa düçar olmuşdu, deyirdi ki, yazdığım mahnılar, doğruları paylaşmaq üçün xərclədiyim zaman və əziyyət qarşılığında mədəniyyətimiz necə olur ki, getdikcə korlanır. Bu düşüncələr onu narahat etməyə başlamışdı.
– Doğukan bəy, ölməz sənətkarın həyatı haqqında bilmədiyimiz məqamları azərbaycanlı oxucusu ilə paylaşdığınız üçün təşəkkür edirəm. İnanıram ki, Barış Manço həsrətini kiçik də olsa azaltdı.
– Barış Mançoya verdiyiniz dəyər və onu torpaqlarınızda yaşatmaq üçün göstərdiyiniz sadiqlikdən dolayı mən sizə minnətdaram.