1) Gecikən
Punktuallıq – işçinin ən vacib keyfiyyətlərindən biridir və göstərir ki, işçi vaxtını rasional şəkildə idarə edə bilir. Ona görə namizədin müsahibəyə gecikməsi işəgötürəndə elə rəy formalaşdırır ki, o işlədiyi zaman da həmişə gecikəcək.
2) Sakit
Belə insanı danışdırmaq çox çətindir, əgər maqqaşla söz çəkmək alınırsa da belələri burnunun ucunda danışır. Sakit insanlar adətən sual vermirlər və ümumiyyətlə, müsahibəyə niyə gəldiklərini anlamırlar. Təbii ki, özlərini “sata” bilmədikləri üçün də qərar başqa namizədin xeyrinə olur.
3) Həddən artıq yüksək karyera hədəfləri olan
Bu tipə aid olan insanlar öz işgüzar biliklərini əmək bazarı ilə əlaqələndirə bilmirlər. Dünən məzun olmuş biri bu gün misal üçün baş direktor vəzifəsinə CV göndərirsə, şübhəsiz, elə ilk mərhələdə ciddi qəbul olunmayacaq. Müsahibəyə çağırılmaqdan söhbət gedə bilməz.
4) “Mənfi” iş axtaran
Belə insanların hər işi pis gedir və bunun da günahkarı bir qayda olaraq əvvəlki müdirləridir. Müsahibədə öz qabiliyyətini nümayiş etdirmək yerinə bu tip namizədlər əvvəlki iş yerini, həmkarlarını, müdirini pisləyir. Və təəssüflə bildirir ki, uzun müddət bütün bunlara dözüb, sonda isə onu işdən çıxarıblar… Həm də heç bir əsas olmadan!
5) Əlindən hər iş gələn namizəd
Bu tip iş axtaran təklif olunan hər işi qəbul etməyə hazırdır. Xadiməlikdən şöbə müdirliyinə qədər hər işin öhdəsindən gələ bilər. CV-də arzu olunan bütün vəzifələri həvəslə sıralayan namizədlər HR-da çaşqınlıq yaradır.
6) Savadsız iş axtaran
Bu tip iş axtaranlar işgüzar yazışma tələb edən vəzifəyə qəti şəkildə götürülmürlər. Bu kateqoriyaya CV-də yazdığı hər sözdə səhvə yol verən insanlar aiddir. Hətta elələri olur ki, iddia etdikləri vəzifənin adında belə orfoqrafik səhvə yol verirlər.
7) “İnstaqramçı” iş axtaran
Bu tip namizədlər həmişə onlayn olur. Müsahibədə belə telefonu əllərindən yerə qoymurlar, imkan düşən kimi gələn ismarıclara baxırlar. Təəssüf ki, bu növ iş axtaranlara son dövrdə çox rast gəlinir.
8) “İngilis bayrağı”
Bu kateqoriyaya iş yerini tez-tez dəyişən insanlar daxildir. Onların iş stajı illərlə deyil, aylarla hesablanır.