TEMPERATUR

Koronavirus haqqında bilmədiklərimiz – NEÇƏ DƏRƏCƏDƏ YOX OLUR?

Baxış sayı: 892

İqlim və ekologiyanın sürətlə dəyişməsi, eləcə də insan-heyvan qarşılıqlı əlaqələrinin artması səbəbindən gələcəkdə yeni koronavirus infeksiyalarının yayılmasının qaçılmaz olması ehtimalı yüksəkdir. Buna görə də koronaviruslara qarşı effektiv müalicə üsullarının hazırlanmasına ehtiyac vardır.

Bu fikirlər AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının sədri, akademik İradə Hüseynovanın “Azərbaycan” qəzetində dərc olunan məqaləsində yer alıb. Akademik məqalədə koronaviruslar, təkamülü, davamlılıq mexanizmləri və onlara qarşı mübarizə yollarından bəhs edib.

Məqalədə bildirilir ki, Dünya Səhiyyə Təşkilatı (DST) 1980-ci illərə qədər xüsusilə təhlükəli infeksiyaların reyestrinə 4 infeksiyanı Taun (Pestis – Plague), Vəba (Cholera), Təbii çiçək (Variola vera – Smallpox) və Sarı qızdırmanı (Yellow fever) daxil etmişdi. 1980-ci ildə DST Assambleyası vaksinasiya sayəsində Təbii çiçəyin ləğvinə nail olunduğu haqda hesabat vermişdi. Hazırda bu infeksiyalar qrupuna Hemolitik qızdırmalar (Denqe, Lassa, Marburq, Ebola, Qərbi Nil qızdırması), ağır kəskin respirator sindrom koronavirusu (SARS) da daxil olmuşdur.

Bu gün dünyada müxtəlif bakteriya və virus xəstəliklərindən qorunmaq üçün vaksinlərdən geniş istifadə edilir. Virus əleyhinə orqanizmin ilkin müdafiə xətti anadangəlmə immunitetdir. Anadangəlmə immunitet hüceyrələri patogenləri ümumi mexanizm ilə tanıyır və reaksiya göstərir, amma qazanılmış immunitetdən fərqli olaraq, sahib orqanizmə uzunmüddətli müdafiəni təmin edə bilmir.

Koronavirus pandemiyasında S-zülallardan təşkil olunmuş “tac”ın mövcudluğu açıq səthdə virusun yaşama qabiliyyətini aşağı salır. Oksigen və digər oksidləşdiricilər sərbəst təsir göstərə bildiklərindən S-zülalların denaturasiyasına gətirib çıxarır. Tədqiqatlar zamanı məlum olub ki, quru səthdə koronavirus bir neçə saatdan bir neçə günə kimi qala bilir. Bu virusun plastik və paslanmayan polad materiallar üzərində 72 saat, karton üzərində 24 saat, mis üzərində isə 4 saat müddətində qala bildiyi müəyyən edilib. Koronavirusun ətraf mühitdə +33°S temperaturda 16 saat müddətində, +56°S-də isə 10 dəqiqə ərzində məhv olduğu aşkarlanıb. Tədqiqatlar zamanı müxtəlif antiseptik maddələrin koronaviruslara təsiri fərqli nəticələr göstərib.

Gələcək tədqiqatlar koronavirusun dəyişmələrini, mutasiyalarını aşkara çıxarmağa və mümkün qədər proqnozlaşdırmağa istiqamətləndirilməlidir və vaksin hazırlanmasına xərclənən çox böyük həcmdə vəsaitin əhəmiyyətli bir hissəsi məhz bu cür araşdırmalara yönəldilməlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir