elnur ekberov

Tənəffüs sisteminin “qapısını” viruslardan necə qoruyaq?

Baxış sayı: 957

Bildiyimiz kimi, yuxarı tənəffüs yollarının virus infeksiyalarına yoluxması əsasən hava-damcı yolu ilə baş verir. Bu hadisə virusa yoluxmuş insanların asqırma, öskürmə zamanı və danışıq əsnasında olur. Belə ki, tənəffüs yollarında olan seliyin tərkibində virus konsentrasiyası olduqca yüksəkdir. Viruslar selikdə aerozol şəklində asılıdır və bir müddət (bir neçə dəqiqə) canlı qala bilirlər. Məhz belə bir aerozol sağlam insanın tənəffüs yollarına daxil olan zaman və immun sistemi buna imkan verdiyi təqdirdə yoluxma baş verir. Təhlükəli məqamlardan biri də odur ki, xəstəliyin inkubasiya dövründə (əlamətlər meydana gələnə qədər) belə virus konsentrasiyası yoluxdura biləcək səviyyədədir. Respirator virusların tənəffüs yollarını örtən epitelə yüksək zədələyici qabiliyyəti var.

Bu səbəbdən tənəffüs sisteminin “qapısı” sayılan burun və ağız boşluqları xüsusilə qorunmalıdır. Respirator virusların kükrəyişi dövründə (yaz, payız fəsilləri) bu, daha önəmlidir. Artıq xəstəlik əlamətləri başlamış insanlar mütləq şəkildə qoruyucu tibbi maska istifadə etməlidir. Bu sosial gigiyena və sosial məsuliyyət normasıdır və virusların yayılma ehtimalını olduqca azaldır. Paralel olaraq xəstəliyin əlamətləri başlayan andan mütəxəssisə müraciət və izolyasiya mütləq şərtlərdəndir. Bununla, fəsadlardan qaçmaqla bərabər infeksiyanın yayılmasının qarşısı müəyyən qədər alınar.

Digər problemli məqam-sağlam insanların qorunmasıdır. Yuxarıda qeyd etdiyimiz kimi-burun və ağız boşluğu “qapı” rolu oynadığı üçün bu orqanların sağlamlığı və yerli immunoloji vəziyyəti önəmli rol oynayır. Yerli immun vəziyyətini zəiflədən xəstəliklər-rinit, sinusit, nazofaringit, kariyes, gingivit, qlossit, mikozlar (göbələk zədələnməsi) və s. Xüsusilə yaz və payız aylarında burun və burunətrafı ciblərin, ağız və diş ətinin xroniki xəstəliklərinin sanasiyası və kəskin xəstəliklərin müalicəsi mütləq həyata keçirilməlidir. Bununla, bəhs edilən orqanların yerli immunoloji statusu yüksəlir və infeksiyalara qarşı dayanıqlığı təmin olunur. Ayrıca, infeksiya əlamətləri olan insanlarla ünsiyyətdən sonra burun və ağız boşluğunun antiseptik məhlullarla (xlorgeksidin, benzidamin, hidrogen peroksid 3% və s.) yuyulması, əllərin və digər təmas səthlərinin dezinfektantlarla (spirt, xlortərkibli səthi aktiv maddələr) işlənməsi mütləqdir. Ünsiyyət zamanı əl ilə görüşmək və öpüşməkdən çəkinmək məsləhət görülür.

Bəhs edilən tədbirlər və məhdudiyyətlərin məqsədi mövcud epidemioloji vəziyyətdə sağlam qalmağa, xəstəliyin yayılmasının qarşısını almağa və fəsadlardan qorunmağa yönəlidir.

Elnur Əkbərov-Qulaq, burun, boğaz, baş və boyun cərrahı, uzman həkim




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir