Hazırda koronavirus (COVİD-19) infeksiyası bütün dünyada sürətlə yayılmaqdadır. Virusdan qorunmaq üçün əsas tələb gigiyenik qaydalara əməl etməkdir. Virusun sürətlə yayıldığı dövrdə insanları əsas maraqlandıran məsələlərdən biri qida təhlükəsizliyidir. Azərbaycanda gündəlik qida məhsulları içərisində ilk yeri çörək tutur. Ancaq təəssüf ki, hələ də çörəyin gigiyenik qaydalara əməl edilmədən açıq şəkildə, gigiyenik tələblərə əməl olunmadan satılması hallarına rast gəlinir.
Məsələ ilə bağlı açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, onlara hər gün çörək istehlakçılarından müraciətlər olur: “Bu sahədə problemlər var. Nazirlər Kabinetinin 94 saylı qərarında deyilir ki, satılan bütün mallar qablaşdırılmalı, üzərində buraxılma tarixi olmalı, istehsal edən müəssisənin ünvanı yazılmalıdır. Lakin biz görürük ki, çörəklərin təxminən 20 faizi üstü açıq şəkildə, anti-sanitar şəraitdə, maşınların baqajında satışa gətirilir. Qida Təhlükəsizliyi Agentliyi vəziyyəti dəyişməyə çalışır. Təəssüflər olsun ki, istehlakçıların isti çörəyə tələbatı var. İsti çörəyi də qablaşdırmaq olmur, çünki tərləyib xarab olur. Ona görə də bəzən istehsalçılar da məcbur olub tələbi yerinə yetirmək üçün çörəyi isti və açıq şəkildə dükanlara göndərirlər. Bu, Nazirlər Kabinetinin 94 saylı qərarına zidd olmaqla bərabər, təbii ki, virusun yayılmasında da öz rolunu oynayır. Virusun çörəyin üzərində bir neçə sutka qalması mümkündür”.
E.Hüseynov deyir ki, koronavirusla mübarizədə Nazirlər Kabinetinin 94 saylı qərarı əhali üçün mühüm rol oynaya bilər: “Əhali bilməlidir ki, isti çörək zərərlidir. Çörəyə elə tələbat yaratmaq lazımdır ki, soyuq olsun, istehsalçılar da çörəyi qablaşdırsınlar. İndi marketlərdə çörəklər açıq satılır, bu, yolverilməzdir. İqtisadiyyat Nazirliyi də bu məsələləri həll etməlidir, əhali bundan narahatdır. İstehsal olunan yerlərdə çörəklər qablaşdırılmalı və etiketləşdirilməlidir”.
Azərbaycanda böyük çörək istehsalçılarından olan N1 Çörək Zavodunun baş ustası Elşən Quliyev deyir ki, ən sadə çörək un, su, duz və mayadan ibarətdir: “Burada unun keyfiyyətli olması çox önəmlidir. Biz un alanda həmin undan laboratoriyamızda analizlər götürülür. Analiz nəticəsində unun keyfiyyət göstəriciləri normada olmalıdır. Un aldığımız dəyirmanla da şərtimiz budur ki, bizim zavoda ancaq yüksək keyfiyyətli un verilməlidir. Keyfiyyət göstəriciləri yoxlanılır, əgər həqiqətən də keyfiyyət yüksəkdirsə, biz həmin undan çörək bişiririk. Suya gəldikdə bizim müəssisədə osmos sistemi var. Bu sistem vasitəsilə su 3 mərhələdə təmizlənir. Su yumşaldılır, yəni kənar maddələr sudan ayrılır. Çörəyə içməli su vurulmalıdır. Mütəxəssislər, həkimlər bildirir ki, borudan gələn su içməli deyil. Yəni çörəyin reseptində deyilirsə ki, içməli sudan istifadə edilməlidir, deməli həqiqətən də buna əməl etmək, təmizlənmiş, yumşaldılmış sudan istifadə etmək lazımdır. Biz də bu cür sudan istifadə edirik. Bundan əlavə, çörəyin xəmirini acıtmaq üçün təbii mayadan istifadə edilir”.
Baş usta hazırda Azərbaycanda çörəklə bağlı əsas problemləri də açıqladı. Onun sözlərinə görə, ölkədə il ərzində 1,2 milyon ton çörək istehlak edilir: “Başqa sözlə, gündə 3 min ton ətrafında çörək istehlak edirik. İndi gəlin baxaq, bu həcmin neçə faizi tam gigiyenik standartlara uyğun şəkildə istehsal olunur, qablaşdırılır və nəql edilir. Məndə olan məlumata görə, ümumi istehlak olunan çörəyin cəmi 5-6%-i beynəlxalq standartlara cavab verir. Hər birimiz mağazalarda görürük ki, çörəyin çoxu açıq şəkildə gətirilir. Sadəcə, üstünə yazılır ki, əl vurmaq olmaz, ancaq satıcı əl vura bilər. Bu gün bütün dünya koronavirusa qarşı mübarizə aparır, amma bizim mağazalarda hələ də açıq şəkildə, yeşikdə gətirilən çörəklər satılır. Hətta böyük supermarketlərdə belə çörəyin bu cür satışına rast gəlinir. Sadəcə, həmin çörəklər paketlərə qoyulub satılır, hansı ki, həmin paketlər sterilizasiya olunmayıb, eyni paketdə kartof-soğan, başqa məhsullar da satılır. Xüsusilə bugünkü günlərdə bu cür şəraitdə çörək satılması yolverilməzdir”.
Baş usta deyir ki, çörək istehsal edən müəssisə tikiləndə də gigiyenik tələblərə uyğun olmalıdır: “Müəssisədə tamamilə paslanmayan metal və nikeldən hazırlanmış avadanlıqlardan istifadə edilməlidir. Çörəyi necə gəldi istehsal etmək olmaz. Başqa müəssisələrdə olmamışam deyə, bir söz deyə bilmərəm, amma bizim müəssisədə bütün gigiyenik tələblərə əməl olunur. Müəssisə tikiləndə bütün qaydalara uyğun tikilib. İstehsal prosesi kompüter proqramı vasitəsilə avtomatik şəkildə, insan müdaxiləsi olmadan idarə edilməlidir. Eyni zamanda hər bir istehsal tsiklindən sonra avadanlıq xüsusi gigiyenik vasitələrlə sterilizasiya edilməlidir. Xəmirin kəsilməsi, forma verilməsi və konveyerə verilməsi tam avtomatik olmalıdır. Çörək əl dəymədən soyudulmalı, doğranmalı və steril paketlərdə qablaşdırılmalıdır. Daşınma zamanı təmiz və steril nəqliyyat vasitələrindən istifadə olunmalıdır”.
Elşən Quliyev qeyd edir ki, N1 Çörək Zavodunda hər şey əvvəlcədən proqramlaşdırılır: “Reseptlər əvvəlcədən proqramlaşdırılıb kompüterin yaddaşına verilir. Növbə rəhbəri sifarişi alandan sonra hansı çörəkdən nə qədər bişirəcəksə, onu hesablayır. Bir var reseptin yazılma qaydası, biri də var o reseptdən qazanhesabı istifadəsi. Kompüterin yaddaşına olan proqrama, baza kompüterə tapşırıq verilir ki, hansı çörəkdən nə qədər lazımdır. Bundan sonra dozalaşdırma da heç bir insan təsiri olmadan başa gəlir. Burada nə texnoloq, nə növbə rəisi, nə də istehsalatın rəisi müdaxilə edərək resepti dəyişə bilər. Sistem unun çəkisi, suyun miqdarı, çörəyin içinə qatılan maddələrə qədər özü edir. Bizdə 20-dən çox çörək növü, hər birinin özünəməxsus resepti var. Elə növ var içərisində bitki yağı, eləsi var duru yağ, eləsi var şəkər və s. var. Bunların hamısı kompüter vasitəsilə dozalaşdırılır. Ümumi proses özü də kompüter tərəfindən idarə olunur. Bizdə sadəcə operatorlar var, bu operatorlar ancaq parametrlərə nəzarət edirlər. Yəni istəsələr belə, çörəyin tərkibini, çəkisini dəyişə bilməz. Operator, sadəcə nəzarətçidir, heç bir müdaxilə edə bilməz”.
Usta bildirir ki, çörək sobadan çıxdıqdan adi şəraitdə soyudulursa, həmin çörək ən azı 2-2,5 saat satışa verilə bilməz: “Qədimdə bir söz var idi ki, çörək sobadan kənarda bişir. Çörək bişirilən kimi yeyilə bilməz, onda mədədə və ya bağırsaqda müxtəlif xəstəliklər əmələ gələ bilər. Bizdə çörəyi soyudan xüsusi qurğular – Avropa standartlarına uyğun olan tam texnoloji qurğulardır, primitiv, əldə düzəldilən bir şey deyil. Bu qurğular da ümumi sistemə qoşulub, yəni kompüterlə işləyir. Hər çörəyin tərkibinə, çəkisinə müvafiq soyuması var. Bizdə bir çörək üçün ən aşağı soyuma müddəti 90 dəqiqədir. Ən sadə çörək 500 qramlıq zavod çörəyidir. Bu çörəyin soyudulması üçün proqrama yazılan müddət 90 dəqiqədir, bu müddəti heç kim dəyişə bilməz. 700 qramlıq çörək isə bir qədər ağır olduğu üçün onun soyudulmasına bir qədər artıq zaman lazımdır. Elə çörək var ki, tərkibi daha mürəkkəbdir, soyudulma müddəti 120 dəqiqədir. Bu soyutma adi şəraitdə deyil, xüsusi qurğu – aparatla olur. Çörək soyuyanda sonra çörəyi doğrayan və paketləyən qurğulardan istifadə olunur. Bunlar xüsusi paketlərdir, yəni mağazada satılan adi paketlərdən deyil. Bunlar çörək üçün öncədən sifariş verilmiş paketlərdir və qapalı şəkildə gəlir. Həmin aparat özü paketin ağzını açır, çörəyi içinə qoyub ağzını bağlayır. Yəni heç bir prosesdə çörəyə insan əli dəymir. Sadəcə olaraq, paketlənmiş hazır çörəklər yeşiyə yığılaraq maşına qoyulur”.
E. Quliyev vurğulayır ki, müəssisədə xüsusi nəqliyyat vasitələrindən istifadə edilir: “Müəssisədə bütün maşınlar xüsusi təyinatlı, yəni çörək daşımaq üçün nəzərdə tutulmuş maşınlardır. Amma çox müəssisədə kimin nə maşını varsa, necə gəldi, çörəyi daşıyır – “QAZel”lərdə, şəxsi maşınlarda, baqajda və s. Bu, yolverilməzdir. Maşınların özü də istifadədən, yəni çörəyi daşıyıb geri qayıdandan sonra içərisi yuyulur və dezinfeksiya edilir, sabahı gün çörəyin daşınması üçün hazır vəziyyətə gətirilir. Eyni zamanda avadanlıqlarımız da o cür təmizlənir. Əgər bir-iki gün ərzində məhsul istehsal olunubsa, o günün sonunda avadanlıq sökülür, yuyulur, sterilizə olunur və növbəti istehsal gününə hazır vəziyyətə gətirilir. Mağazalara çörəyin daşınmasından sonra həmin mağazalarda bizim üçün ayrılan hissədə səliqə ilə yığılır. Bir sözlə, bizim zavodda bişirilməsinə başlanandan mağazaya çatdırılana kimi çörəyə insan əli dəymir. Əslində, hər yerdə bişirilməsinə başlanandan istehlakçıya çatdırılana qədər çörəyə insan əli dəyməməlidir”.
Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) hazırladığı metodiki göstərişdə də bildirib ki, koronavirusdan qorunmaq üçün alış-veriş edərkən diqqətli olmaq lazımdır. Göstərişdə qeyd olunur ki, Nazirlər Kabinetinin 94 saylı qərarına əsasən, termiki emal olunmadan və təmizlənmədən istifadə edilən qablaşdırılmamış məhsulların vitrində açıq şəkildə satışı yolverilməzdir. Çörək, unlu-qənnadı məmulatları və digər qablaşdırılmamış qida məhsulları alıcılara xüsusi geyimlə təmin edilmiş satıcılar təqdim etməlidir.
AQTA-dan bildirilib ki, ölkəmizdə koronavirusa qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində tətbiq olunmuş xüsusi karantin rejimi ilə bağlı qurumun əməkdaşları tərəfindən ərzaq məhsullarının satışı məntəqələrində monitorinqlər davam etdirilir: “AQTA əməkdaşları qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, ərzaq məhsullarının satışı məntəqələrində xüsusi karantin rejiminə, eləcə də Agentliyin bu sahədə hazırladığı metodiki göstərişlərə əməl olunması ilə bağlı monitorinqlər keçirir. Eyni zamanda bu tədbirlər çərçivəsində qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində çalışan əməkdaşların maarifləndirilməsi ilə bağlı geniş təbliğat işləri görülür.
İndiyədək Agentlik əməkdaşları tərəfindən sahibkarlar arasında mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilib. Onlara termiki emal olunmadan və təmizlənmədən keçmədən istifadə olunan qida məhsullarının xüsusi yerlərdə saxlanılması, bu məhsulların alıcılara xüsusi geyimli market əməkdaşları tərəfindən təqdim edilməsi ilə bağlı tövsiyələr verilib. Eləcə də qida məhsullarının daşınması və saxlanılması qaydalarına əməl olunması ilə bağlı ərzaq məhsullarının satışı ilə məşğul olan ticarət müəssisələrinin sahiblərinə məlumat verilib ki, daşınması qaydalara uyğun şəkildə həyata keçirilməyən qida məhsulları, xüsusilə çörək, digər un məmulatları, qənnadı məmulatlarını satış şəbəkələrinə daxil etməsinlər”.
Qeyd edilib ki, Agentlik tərəfindən bu sahədə bir neçə metodiki göstəriş hazırlanaraq müvafiq sahibkarlıq subyektlərinə rəsmi şəkildə təqdim olunub. Maarifləndirmə tədbirləri çərçivəsində bu günlərdə respublikamızın bütün bölgələrində, eləcə də Bakı şəhərində fəaliyyət göstərən ərzaq məhsullarının satışı məntəqələrində AQTA əməkdaşları tərəfindən hazırlanmış təşviqat xarakterli çap materialları da ərzaq satışı məntəqələrində quraşdırılıb: “Agentlik bir daha vətəndaşları ərzaq məhsullarının satışı obyektlərində tətbiq olunmuş koronovirusla bağlı xüsusi rejimə əməl etməyə, virusdan qorunmaq üçün tələb olunan metodiki göstərişlərdə nəzərdə tutulmuş qaydalara ciddi şəkildə riayət etməyə çağırır”.