Mövcud şərait həyatımızda bir sıra dəyişikliklərə səbəb olub. Hazırda həyatını karantin şəriatində keçirən insanların tək əyləncəsi sosial şəbəkələrdir. Demək olar ki, böyük əksəriyyət gününün çox hissəsini “facebook”, “instaqram”, “youtube” və s. sosial şəbəkələrdə keçirir. Belə istifadəçilərin aktivliyinin artdığı açıq şəkildə görünür. Maraqlıdır, xüsusi artım hansı sosial platformalarda müşahidə edilir və aktivliyin artmağının hansı müsbət və mənfi tərəfləri var?
Marketinq üzrə mütəxəssis Fərid Hacıyev son günlərdə insanların sosial şəbəkələrdə daha çox vaxt keçirməsinin ən əsas iki səbəbi olduğunu deyir: “Birincisi odur ki, insanların əvvəlki dövr ilə nisbətdə daha çox vaxtı var. Hər nə qədər işə getməli olanlar və evdən işləyənlər olsa da, insanlar yenə sosial şəbəkəyə kifayət qədər vaxt ayırırlar. Çünki ən azı, yolda vaxt keçirmirlər. Digər məsələ isə odur ki, onların ehtiyacı olan informasiya, daha çox sosial şəbəkələrdədir. Artıq həm ölkədaxili, həm də qlobal vəziyyətlə bağlı sosial şəbəkələrdən daha çox xəbər almağa, gündəmi izləməyə çalışırlar. Sosial şəbəkələr aktiv müzakirənin mövcud olduğu platformalardır, insanlar isə bu müzakirələrə və bu platformalara acdırlar. Məhz bu səbəbdən, belə vəziyyətlərdə bu platformalarda informasiya axınına nəzarət etmək və həmin axına düzgün və koordinasiyalı məlumatların ötürülməsi çox vacibdir. Bu, sadəcə dövlət qurumlarının deyil, həmçinin özəl şirkətlərin, nüfuzlu qurumların və şəxslərin üzərinə düşən vəzifədir. Şirkətlər maarifləndirici kontent istehsal etməyə çalışmalıdırlar”.
F.Hacıyev qeyd edir ki, bu artımın həm müsbət, həm də mənfi cəhətləri var: “Marketinq və kommunikasiya tərəfdən baxsaq, müsbət cəhətlər odur ki, rəqəmsal aləmdə daha çox potensial müştəri var. Daha çox insanı kommunikasiya fəaliyyətinin hədəfi olaraq seçmək və daha çox şəxsi “tərəfimizə çəkmək” imkanı var. Bu isə sadəcə reklam mətnləri və mesajları ilə olmur, faydalı kontent istehsal etmək lazımdır. Mənfi cəhətlərdən ən vacibi isə odur ki, dezinformasiyalar daha sürətli bir şəkildə yayılır və daha çox insana çatır. Nəticədə vəziyyəti idarə etmək, “təmiz” kommunikasiya qurmaq həm dövlət üçün həm də özəl şirkətlər üçün daha da çətin olur. İstənilən yanlış xəbər daha sürətə yayılır. İndiki vəziyyətdə qəliblərdən çıxaraq, vəziyyətə uyğunlaşa bilmək bacarığı lazımdır”.
Sosial media meneceri Aysel Qurbanova da mövcud vəziyyətlə bağlı olaraq həm yeni istifadəçilərin sayının, həm də köhnə istifadəçilərin sosial şəbəkədə keçirdikləri zamanın artdığını bildirir: “Açığı, bunu statistik olaraq dəqiq rəqəmlərlə göstərməyimiz mümkün deyil. Çünki bu istiqamətdə bir araşdırma etməmişik. Amma ümumi olaraq deyə bilərik ki, bəli, sosial şəbəkədə aktivlik əvvəlki dövrlərə nisbətən çox artıb. Bunun isə iki səbəbi var. Birincisi, şəbəkələrə yeni istifadəçilər qoşulub. Yəni əvvəllər “facebook”u, “instaqram”ı olmayanlar belə vaxt keçirmək üçün özlərinə profil açıblar. İkinci səbəb isə mövcud istifadəçilərin sosial şəbəkələrdə daha aktiv olmağı, daha çox vaxt keçirmələridir. Ölkəmizdə daha çox istifadə edilən sosial şəbəkələr “facebook”, “instaqram”, “linkedin”, “youtube”dur. Digər şəbəkə istifadəçiləri də var, amma sayları elə də çox deyil. Qeyd etdiyim dörd şəbəkədə arasında ən çox aktivlik ilk olaraq “instaqram”, daha sonra “facebook”da qeydə alınıb. Xüsusilə də “instaqram”da xanım istifadəçilərin aktivliyi artıb. Məsələn, əvvələr həftədə 2-3 paylaşım edən xanım, son dövrlər demək olar ki, hər gün şəkil paylaşır. Bu aktivlik “facebook”da da müşahidə edilir. Paylaşımların sayı çoxalıb. Kimisi baxdığı filmi, oxuduğu kitabı paylaşır, bəziləri canlı yayımlar edir, mesaj bölümündə kiminləsə həmsöhbət olurlar. Bütün bunlar aktivliyi artır. Bu artım, təbii ki, sosial şəbəkələrdə reklam yerləşdirən şirkətlər üçün olduqca müsbət haldır. Bu zaman onların məhsulunu kifayət qədər geniş auditoriya görür. Digər tərəfdən, istifadəçilərin informasiyanı daha tez əldə etmələri baxımından da bunu müsbət qiymətləndirmək olar. Amma çalışmaq lazımdır ki, sosial şəbəkələr aludəçilik yaratmasın. Bunun üçün sosial şəbəkədən istifadə müddətimizi idarə etməyi bacarmalıyıq”.
Günel Azadə