Onunla söhbətdə fərqli dünyanın qonağına çevrilirsən. Deyir ki, bəzən qadınlar özlərini təsdiq edə bilmədikdə, övladının uğurları ilə özünü olduğu mühit və cəmiyyətdə təsdiq etdirmək istəyir. Yəni mən bu uğur qazanan uşağın anasıyam. Burda əsas özünü vurğulamaq olur. Sosial şəbəkələrdə valideynlər uşağının ancaq uğurunu paylaşır. Halbuki, uşağa uduzmağı da qəbul etməyi öyrətmək lazımdır…
Müsahibimiz Qadın və Uşaq Akademiyası İctimai Birliyinin rəhbəri, jurnalist və ən əsası, 5 yaşlı Ucalın anası Sevinc Fədaidir. Onunla müsahib kimi görüşsəm də, söhbətimizin sonunda, əslində, iki ana kimi dərdləşdiyimizin fərqinə vardım. “Qadının dilindən yenə də qadın anlar” deyimi, yəqin ki, burda yerinə düşər.
– Ana olduqdan sonra həyatınızda nələr dəyişdi?
– Mən ana olacağımı biləndə də, Ucal dünyaya gələndən sonra da daha çox bunun məsuliyyətini hiss etdim. Təsəvvür edin ki, bir insanın həyatı sənin əlindədir və sən onu istədiyin şəkildə yetişdirə bilərsən. Mənə görə, analıq hissi, övlada sevgi növbəti mərhələdə yaranır. Ona toxunduqca, yedizdirdikcə, qucağına aldıqca, ağlayanda sakitləşdirdikcə, daha çox ana olduğunu hiss etməyə başlayırsan.
Ana olmaq gözəl bir hissdir. Məsələ mükəmməl ana olmağa çalışmaq deyil, biz bilmədən səhv də edə bilərik. Əsas övladınla aranda sağlam bağ yarada bilməkdir. Uşaq özü də körpəlikdən qucaqlanmaq istəyi ilə o bağı yaratmağa meyilli olur. Bu sevgi və bağ həm də övladında özgüvən hissi yaradır, uşaq özünü mənən güclü hiss edir.
Analıq mənim özümə qarşı da məsuliyyət hissimi artırdı. Artıq həyatına, yaşam tərzinə bir ana, himayəndə daha bir insanın olduğu qadın kimi yanaşırsan. Analıq məni səbirli və qərarlarımda daha qətiyyətli etdi. Ucal dünyaya gələndən sonra daha çox təmkinli oldum. Bunu mənə təkcə ana olmağım qazandırmasa da, bütün hallarda həyatda nə yaşamağıma baxmayaraq, ən böyük qazancım elə təmkinli davranmağı öyrənməyim oldu. Əvvəllər baş verən hadisələrə daha emosional yanaşırdım.
– Mütəxəssislər övlada həddindən artıq sevgi verməyin zərərli tərəflərinin də olduğunu qeyd edirlər. Sizcə, çox sevginin zərəri ola bilərmi?
– Sevgini idarə etmək olmur, az və ya çox sevmək bizdən asılı deyil. Sadəcə hesab edirəm ki, övladımıza sevgimizi onu özümüzdən asılı salacaq şəkildə göstərməməliyik. Sevgimiz bizi narahat, gərgin anaya çevirməməli və bu da uşağın əl-qolunu bağlamamalıdır. Uşağın valideyninin arxasında deyil, yanında olduğunu bilməsi vacibdir. Yəni sən özünə inanırsan, güvənirsən, öz addımlarını özün atırsan, amma büdrəyəndə əlindən tutan valideynin də olduğunu bilirsən. Arxayınlaşmırsan, amma bunu hiss etməyin sənə güc verir. Sevmək və sevilmək səni zəiflətməməlidir, qəfəsə salmamalıdır, narahat etməməlidir. Psixoloqların çox gözəl vurğuladığı bir məqam var. Deyirlər, uşaqları körpə vaxtı sevərmiş kimi çimdikləməyin, dişləməyin. Onlar bunu sevgi kimi bilir və gələcəkdə onlara qarşı olan zorakılıq əlamətlərinin sevgidən olduğunu anlayırlar. Deməyim odur ki, sevgi incitməməlidi, sevgidən sui-istifadə etmək olmaz. Mən Ucala bunu fərqli şəkildə təlqin edirəm. Belə ki, sevginin təməli sayğıdır. Sevgi ilə bərabər uşağa sayğını da aşılamaq lazımdır. Sayğı yoxdursa, sevgi boşda qalır, ailəyə ziyan vurur.
Xüsusilə bir şeyi vurğulamaq istəyirəm. Fikir verin, bir çox analar, xüsusilə də həyat yoldaşından ayrılmış və ya onu itirmiş qadınlar övladlarını “yaşam səbəbim” kimi statusla yükləyirlər. Bu, çox ağır məsuliyyətdir, uşaq bunu daşıya bilməz. Bu mənada çox həssas olmaq və həyatını elə doldurmaq lazımdır ki, övladından bu mənada umacağın azalsın, onun həyatını zindana çevirməyəsən. Xüsusilə virtual öhdəliyi yerinə yetirməyə çalışan qadınlar bu mənada uşaqdan çox istifadə edirlər. “Aşkım”, “sevgilim”, “hər şeyim”, “tək yaşam səbəbim” və s. başlıqlı fotolar bunun göstəricisidir.
– Sizcə, qadın cəmiyyət üçün ideal kişi yetişdirə bilərmi? Adətən deyirlər ki, oğlan uşağı atası ilə daha çox zaman keçirməlidir ki, kişi xarakteri formalaşsın.
– Əlbəttə, çətin də olsa, qadın bunu təkbaşına da bacara bilər. Sadəcə, istər qadın, istərsə kişidən ideal xarakter gözləmək həyatımızı çətinləşdirə bilər, bu, başqa bir məqam. Sadəcə, qadının əvvəlcə özünün yetişməsi, fikirlərinin, dünyagörüşünün formalaşması lazımdır. Həyat təcrübəsi, müşahidələri, həyat və insanlara, hadisələrə öz yanaşması olmalıdır ki, o, şəxsiyyət yetişdirə bilsin. Ümumilikdə isə, bir kişinin övladına qazandırdığı hər şeyi ana qazandıra bilməz. Ailə dağıldıqdan sonra övladını atasına göstərməyən qadınlara həmişə deyirəm ki, bunu etməyin. Qadın nə qədər yetkin, savadlı, dünyagörüşlü olsa belə, bir kişinin övladına verəcəyini verə bilməz. Xüsusilə oğlan uşaqlarına… Bütün hallarda kişi kişidir, qadın da qadın. Mən “kişi kimi qadın”, “kişi qeyrətli qadın” terminlərinə qarşıyam. Çünki qadın bütün xüsusiyyətləri, ruhu, həssaslığı, zərifliyi, əsaləti, mənəvi gücü ilə qadındır. Bu, bir yaradılış məsələsidir.
– Siz övladınızın yetişməsində və formalaşmasında hər hansı tərbiyə üsulundan istifadə edirsinizmi?
– Hər valideynin övladının xüsusiyyətinə görə ona yanaşma, tərbiyə üsulu var. Hər ailənin öz qoxusu olduğu kimi, bu ailə metodikası da fərqli olur. Uşaq ailədə fərdlərin xüsusiyyətlərinə uyğun yetişir. Mən nə qədər psixologiya ilə bağlı kitablar oxusam da, mütəxəssislərlə məsləhət edib onlardan müasir tərbiyə metodunu mənimsəsəm də, övladıma qarşı yanaşmamı təkcə bu üsullar müəyyənləşdirmir. Övladıma özümün və onun xarakterinə uyğun şəkildə yanaşıram. Mənim Ucala yanaşmamda ən çox diqqət etdiyim – onu həmişə sevdiyimi və qətiyyətimi hiss etməyidir. Yəni səni sevirəm, səni incidə bilmərəm, amma sevgimdən istifadə olmaz. Uşaqların ağlamağına nə qədər həssas olsam da, Ucalın ağlayaraq nəyisə etmək, etdirmək istəyi mənim qərarımı dəyişmir. Ən xoşlamadığım şey bu cür böhran yaşananda, kənardan kiminsə müdaxiləsidir. Bizdə bu mədəniyyət formalaşmalıdır. Bütün hallarda çalışıram ki, oğlumu alçaltmayım, qırmayım, incitməyim, “mən”ini məhv etməyim. Cəmiyyətdə ən çox qoruduğum eqomdur, heç kimə eqomu məhv etməsinə icazə vermirəm. Eləcə də kiminsə övladımın eqosunu məhv etməsinə icazə vermərəm. Dözülməz bir situasiya yaransa belə, özümü sakitləşdirirəm. Bu gün onu alçaltsam, o sabahın kompleksli bir fərdinə çevriləcək və şəxsiyyət kimi natamam yetişəcək. Bu kompleks daim onu incidəcək. Böyüyəndə bu intiqam hissi mənim özümə, onun çevrəsindəki insanlara, sevdiyi qadına, dostlarına yönələcək.
– Qorumaq deyəndə, bu gün uşağı ailə ilə birlikdə bir də düşdüyü çevrə yetişdirir. Bu baxımdan, yetişən nəsil də bir az təhlükə siqnalı ötürür.
– Mən uşağın nəzarətdə saxlanılmasının tərəfdarıyam. Onun azadlığını boğmayacaqsan, seçim hüququnu pozmayacaqsan, amma həm də nəzarətdə saxlayacaqsan. Çünki o hələ tam olaraq hər şeydə doğru qərar vermək, sərbəst addımlamaq iqtidarında deyil. Onun sənin təcrübənə və fikirlərinə ehtiyacı var. Uşağı sevgi və qorxudan qəfəsdə böyüdüb, sonra ona azadlıq vermək yaxşı nəticə vermir. Belə olduğu təqdirdə, o, gələcəkdə azadlığa çıxanda, daha böyük yanlışlıqlar edəcək. Necə ki, qəfəsdən çıxan quş necə uçacağını bilməz… Uşağa seçim sərbəstliyi verməliyik. Yanlış qərar da versə, sən ona bu gün o azadlığı verməlisən ki, bu təcrübəni qazansın, sabah doğrunu seçə bilsin. Müəyyən şeylər var ki, instinktdir. Ancaq elə xüsusiyyətlər var ki, onları qazanması üçün sən uşağa o şəraiti yaratmalısan. Mən bu gün Ucala o şəraiti yaratmasam, özü azadlığa çıxanda hər şeyin dadına baxmaq istəyəcək. O özü təcrübədən keçirəcək, ancaq yanlış yerdə və yanlış formada…
– Bəzən də analar “uşağıma şərait yaradım” deyərkən onu çox yükləmiş olurlar. Uşaqdan gözləntilərinin daha yüksək olduğunun dəfələrlə şahidinə çevrilmişik. Bunun özü psixoloji olaraq uşaqlara təsir edir.
– Bu fikirlə razıyam. Mən azyaşlı uşaqları müxtəlif kurslara göndərərək, şeirlər əzbərlətdirərək yükləməyin əleyhinəyəm. Ucalı heç nəyə məcbur etmirəm. Misal üçün, 20 Yanvar ərəfəsində bağçada ona əzbərləməsi üçün iki bəndlik şeir vermişdilər. İşdən gələndə gördüm nənə-babası şikayət edir ki, Ucal şeir əzbərləmir. Bəs, şeir uşaq nitqini inkişaf etdirir və s. Amma şeirə baxdım ki, başdan-ayağa qan, ölüm, şəhid və bu kimi ifadələr işlədilib. Bu, uşaqda travma yarada bilər. Onda qorxular yaranmasına səbəb olar. Ümumiyyətlə, uşağın anlamadığı bir mövzuda nəyisə əzbərləməyinə nə ehtiyac var, bunun nə faydası var? 5 yaşı olmayan uşaq o ölümü necə başa düşə bilər? Bəzən mənə deyirlər ki, Ucalı atasının qəbrinin üstə apar, qoy atası ilə tanış olsun. Hər şeyin öz zamanı var, indi onun üçün tezdir. Zamanı çatanda ona psixoloji travma yaşatmadan, canını acıtmadan həqiqəti izah edəcəm. Körpə uşaqların qəbir üstə aparılmasının əleyhinəyəm. Bizdə həyat yoldaşını itirmiş qadınlar o görüntünü yaratmaqla sanki özlərini sığortalayırlar. İstəyirlər ki, insanların onlara yazığı gəlsin. Bunun özü natamamlıq kompleksidir. Uşaqların dünyasını dəyişən valideynin qəbrini qucaqladığı şəklini paylaşırlar. Sağlam düşünə bilən insan bunu etdirərmi?
– Bəzən analar yetişə bilmədikləri uşaqlıq arzularını, sanki övladları üzərində tətbiq etməyə çalışırlar.
– Bəzən qadınlar özlərini təsdiq edə bilmədikdə, övladının uğurları ilə özünü olduğu mühit və cəmiyyətdə təsdiq etdirmək istəyir. Yəni mən bu uğur qazanan uşağın anasıyam. Burda əsas özünü vurğulamaq olur. Sosial şəbəkələrdə valideynlər uşağının ancaq uğurunu paylaşır. Halbuki, uşağa uduzmağı da qəbul etməyi öyrətmək lazımdır. Bəzən ananın övladı ilə qürur duymağa o qədər ehtiyacı olur ki, uşağı uşaq yaşından yükləməyə başlayır. 4-5 yaşında uşağı bir neçə kursa göndərir, çalışır ki, uşaq tez qələbə qazansın. Özlərinin qazanmadıqları uğurları uşaqlardan gözləyirlər. Uşaq da çox yüklənir və uşaqlığını yaşaya bilmir. Uşaq hansı yaşını yaşamırsa, gələcəkdə mütləq həmin yaşı yaşamaq istəyir. Bu gün yüklənən uşaqlar 10-12 yaşında başlayırlar oxumamağa. Çünki yorulurlar. Çünki sən onu vaxtından əvvəl dərs yükü ilə yükləmisən.
Xəyalə Rəis