Bir müddətdir ki, pandemiyanın təsir etdiyi sahələrdən yazırıq. Hər kəsə bəllidir ki, mövcud şərait, digər tərəfdən də dünya bazarında neftin qiymətinin görülməmiş həddə aşağı düşməsi iqtisadiyyatın bütün sferalarına mənfi təsir göstərdi. Maraqlıdır ki, mövcud vəziyyət əmlak bazarına necə təsir edib, növbəti mərhələ üçün gözləntilər, proqnozlar nələrdir?
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev qeyd edir ki, 2020-ci ilin ilk rübü ərzində daşınmaz əmlak bazarında əvvəlki illərə nisbətən xeyli zəifləmə baş verdi: “Adətən bazarda yanvar-fevral aylarında alıcılıq qabiliyyəti normal olurdu. Dinamikliyin zəifləməsi ilk olaraq neftin qiymətinin ucuzlaşması ilə başladı. Neftin qiyməti düşən kimi insanlar ev almaq əvəzinə pullarını dollara çevirməyə başladılar. Satılan mənzillər daha çox sosial evlər və ipoteka ilə verilmiş mənzillər oldu. Koronavirus yayılmağa başlayandan etibarən daşınar və daşınmaz əmlak sektorunda tam sakitlik hökm sürür. Bu sakitliyi digər ölkələrlə sərhədlərin bağlanması, bəzi bank əməliyyatlarında məhdudiyyətlərin olması, regionlardan Bakıya gəliş-gediş olmaması və digər səbəblərlə əlaqələndirmək olar. Əlavə olaraq ev almaq istəyənlər olsa belə, ev satanlar virus təhlükəsinə görə öz evlərinə kənar adamları buraxmırlar. Həmçinin “evdə qal” kampaniyası aparıldığına görə insanların ev alması prosesi dayanıb. Düşünürəm ki, əmlak bazarını ayağa qaldırmaq üçün dövlət müəyyən addımlar atmalıdır. Məsələn, dövlət ipotekası kimi sosial layihəli kreditlər ayrılmalıdır. Bu gün dövlət ipotekasını almaq üçün dövlət işçisi olmalısan və ya yüksək maaşın olmalıdır. Amma nəzərə almayıq ki, hər kəs dövlət sektorunda işləmir. Bu sahəni dirçəltməkdən ötrü özəl sektorda işləyən adamlar üçün həmin dövlət ipotekası kimi kreditlər ayrılmalıdır. Azərbaycanda iqtisadiyyata ən güclü töhfə verən sahələrdən biri daşınmaz əmlak sahəsidir. Söhbət mənzil satışından deyil, binaların tikilməsindən gedir. Tikintinin canlanması üçün addımlar atılmasa, bunun mənfi təsirləri böyük ola bilər”.
Ekspert kirayə bazarındakı vəziyyətdən də danışdı: “Xüsusilə də kirayə bazarında çökmə başlayır desək, yanılmarıq. Böyük ticarət obyektlərinin bağlanması, mağaza və ofislərin fəaliyyətlərini dayandırması və məhdud iş saatı xeyli ticarət obyektinin boşalmasına gətirib çıxarıb. Təbii ki, dövlətin bütün bu çağırışları və addımları atması birbaşa vətəndaşların virusdan qorunmasına xidmət edir. Düşünürəm ki, bəzi məsələlərdə vətəndaşlar, xüsusən də obyekt sahibləri icarədarlar üçün bu problem aradan qalxana qədər ciddi güzəştlər etməlidirlər. Tutaq ki, 1000 manata icarədə olan obyektin qiyməti ən azından 500 manata enməlidir ki, icarə götürənlər problemlər aradan qalxana qədər ayaqda dura bilsinlər. Əks halda, boşalan obyektlər uzun müddət boş vəziyyətdə də qala bilər. Bu məsələ nəinki kirayəlik obyekt sahiblərinə, həmçinin mənzillərini kirayəyə verən vətəndaşlara da aid olmalıdır. Kirayədə yaşayan vətəndaşların bir hissəsi müəyyən tikinti və iaşə obyektlərində işlədiklərinə görə bu gün həmin şəxslər də işsiz qalaraq evlərində oturub gözləmək məcburiyyətindədirlər”.
Həmsöhbətim deyir ki, təkrar mənzil bazarında bir müddət çətinlik yaşansa da, ilkin mənzil bazarında davamiyyət təmin ediləcək: “Çünki ilkin mənzil bazarında satılan yeni tikilən binalardakı mənzillər binanı tikən şirkətlər tərəfindən həm daxili kredit, həm də uzunmüddətli bank kreditlə satılır. Ona görə də bu mənzillərə tələbat olacaq. Təkrar mənzil bazarında isə bir müddət sakitlik hökm sürəcək. Yay aylarında onsuz da əmlak bazarında digər aylara nisbətən sakitlik olur. Bu sahənin əvvəlki vəziyyətinə qayıtması üçün ən azı sentyabra qədər vaxt lazımdır”.
Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlının sözlərinə görə, hazırda əmlak bazarının gələcəyinə yönəlik bir fikir səsləndirmək çətindir: “Çünki hələ ki vəziyyətin konkret olaraq hansı dinamika ilə davam edəcəyini də proqnozlaşdırmaq mümkün deyil. Neft bazarındakı vəziyyət getdikcə daha da gərginləşir. İndiki halda mövcud vəziyyətin qısamüddətli, yoxsa uzunmüddətli olacağı haqqında nə isə demək düzgün olmaz. Hər bir halda, ilk olaraq pandemiyanın nəticələrinin aradan qaldırılması istiqamətində işlər görülməlidir. Ən azı, karantin şəraiti bitməli, dövlətlərarası ticarət əlaqələri bərpa olmalıdır. Yalnız bundan sonrakı dövrdə danışmaz əmlak və ya iqtisadiyyatın ayrı-ayrı sahələrində bərpa işləri görülə bilər. Təbii ki, bir müddət inkişafdan danışa bilmərik, sadəcə, bərpa işləri ilə kifayətlənəcəyik. Yəni ehtimallar və bəzi nüanslar deməyə əsas verir ki, bu il hansısa sahədə ciddi inkişaf gözlənilmir. İqtisadiyyatda stabilləşməni, artımı növbəti ildən gözləyə bilərik”.
Günel Azadə