Toy

Qafqazın toy adətləri müasir qadınları necə təqib edir?

Baxış sayı: 1. 142

Toy bir çoxlarının həyatında ən xoşbəxt günlərdən biridir. Amma patriarxal ənənələrin güclü olduğu ölkələrdə toy günü qadınlar üçün qorxulu nəticələnə bilir. Valideynlərin seçimiylə baş tutan evliliklərin hələ də çox olduğu Azərbaycanda qədim adətlər bu gün gəlin üçün psixi və fiziki işgəncəyə çevirir və bunun nəticəsi bəzən uzun illər boyu hiss edilir.

“Toy gecəsi həyat yoldaşım gözümün qabağında soyunmağa başlayanda mən qorxdum. Artıq ərdə olduğumu yadıma salmağım da məni sakitləşdirmədi. Ancaq bilirdim ki, mən də qalxıb soyunmalıyam” – öz xahişinə görə adını dəyişdiyimiz Elmira öz toy gününü belə xatırlayır.

27 yaşı vardı, universiteti bitirib tərcüməçi işləyirdi. Onun üçün gələcək həyat yoldaşını valideynləri seçmişdilər. Elmira ərə getməyə “anasını sevindirmək” üçün razılıq vermişdi: “O qonşumuzuydu, ali təhsil almamışdı, həyata baxışlarımız tamamilə fərqliydi. Məni onunla qardaşlarım tanış edib demişdilər ki, yaxşı adamdır. Anamsa sevinirdi ki, uzağa getməyəcəm, gözünün qabağında olacam”.

Elmira bir neçə dəfə anasına hələ ailə qurmaq istəmədiyini deyir. Anası bunu qohumlara danışır və onlar Elmiraya təzyiq göstərməyə başlayırlar. “Mənim artıq 27 yaşım vardı və qohumlarım şübhələnirdilər ki, yəqin qız uşağı deyiləm və buna görə ərə getmək istəmirəm”.

Halbuki toy gecəsi onun ilk seks təcrübəsiydi. Elmira deyir ki, əri bunu bilsə də, qətiyyən onun vəziyyətiylə maraqlanmayıb. Eləcə qızın üstünə yıxılıb, sonra Elmiranın başı şkafa dəydikcə çıxan səsə görə qapı döyülüb, bir qadın “Bir az sakit olun, bu nə mədəniyyətsizlikdir” deyə qışqırıb.

O dəqiqələrdə qapının dalında Esmiranın anası, iki xalası, qaynanası və bir də bir uzaq qohumları (qapını döyüb qışqıran) oturmuşdu – bu “sevgi aktına” və gəlinin bakirəliyinə şahidlik etmək üçün.

“O otaqdakı bütün səslər eşidilirdi. Mən ağrıdan ölürdüm və bərk utanırdım. Fikirləşirdim ki, doğrudanmı, nikah elə bu deməkdir” – Elmira belə deyir.

Həmin o uzaq qohum gəlinin yengəsi “təyin edilmişdi”. Adətən, ərli qadın olan yengə toydan dərhal sonra bəylə gəlinin evinə gedib yan otaqda gözləməyə başlayır. Onun əsas vəzifələrindən biri gəlinə məsləhət verməkdir, çünki gəlinin seks haqqında heç nə bilmədiyi qəbul olunur, buna görə də otaqdan çıxıb yaşlı və təcrübəli həmcinsindən məsləhət almaq hüququ var. Yengənin digər vəzifəsi yatağın mələfəsini götürməkdir.

Rəsm

“Zifaf gecəsi mistik xarakter daşıyır”

Toydan sonrakı gün mələfənin nümayiş etdirilməsi ənənəsi Qafqaz xalqlarının bir çoxunda var. Mələfədəki qan ləkəsi qohumlar üçün cinsi əlaqənin sübutu sayılır. Bu “sübutu” görəndən sonra onlar gəncləri təbrik edirlər və nikah ancaq bundan sonra baş tutmuş sayılır.

“Elə bu adətə görə də zifaf gecəsi mistik xarakter daşıyır – hamı səhər mələfənin nə göstərəcəyini gözləyir. Ona baxan qohumların hamısı gördüyünü şərh etməyi özünə borc bilir” – Azərbaycanda qadın haqları sahəsində araşdırmalar aparan Şəhla İsmayılova belə deyir.

Mələfədə qan yoxdursa, qızı “xarab mal” kimi valideynlərinin yanına qaytara bilərlər. Bundan sonra o, boşanmış hesab edilir. İkinci dəfə ərə getmək şansı çox az olan belə qadınlar ata evində tənə altında yaşayırlar.

Azərbaycanın hüquq müdafiəçiləri deyirlər ki, zifaf gecəsinə şahidlik edilməsi və mələfənin nümayişi daha çox əsasən əyalətlərdə populyardır.

Bəzən toydan əvvəl qızın bakirəliyi haqqında “mütəxəssis” rəyi alınır – ginekoloji prosedur vasitəsilə. Amma beynəlxalq təşkilatlar bu üsulun effektinə şübhəylə yanaşırlar.

Ötən ilin payızında BMT və ÜST ən azı 20 ölkədə mövcud olan, qadınlar üçün travmatik və aşağılayıcı xarakter daşıyan bu praktikadan imtina etməyə çağırıblar. Onların bəyanatında qeyd edilir ki, tibbdə bakirəlik anlayışı yoxdur; bu, yalnız sosial, mədəniyyət və dini konsepsiya çərçivəsində qiymətləndirilən faktdır.

“O gecənin dəhşəti utanmaq hissini üstələmişdi”Qorxu, ağrı və utanmaq – zifaf gecəsi Elmiranın yaşadıqları bunlardır. Həmin gün o, qapının arxasında baş verənləri – işığın yandırıb-söndürülməsini, stəkanlara çay süzülməsini çox aydın eşidib və bilib ki, onların otağındakı səslər də kənardan eşidilir:

“Özümdə deyildim, amma nəsə deməyə də qorxurdum. Bütün gecəni yata bilmədim. Əriminsə heç nə vecinə deyildi deyə sakitcə yuxuya getmişdi”.

Səhər “şahidlər” mələfəni götürmək üçün otağa giriblər.

“Artıq utanmırdım, ağlımla bütün bunlar çox iyrənc olduğunu dərk edirdim. Gecə yaşadığım dəhşət hər cür utanmaq hissini yox etməyə bəs edərdi. Qadın doğanda onun üçün heç fərq etmir ki, ginekoloq qadın və ya kişidir. Toy gecəsi də eləydi – mən bilirdim ki, mələfəyə hamı baxacaq, amma o qədər böyük şok keçirmişdim ki, mələfəni necə götürdüklərini güclə xatırlayıram”.

Psixoloq Ellada Qorina qeyd edir ki, şahidlər və mələfənin nümayişi ənənəsi qadınlar üçün getdikcə daha travmatik hal alır. İnsanların nisbətən gec ailə qurduğu və buna qədər seks haqqında müəyyən məlumata sahib olduğu müasir dövrdə qohumların toy gecəsi yan otaqda oturub gəlinə məsləhət verməsinə ehtiyac qalmayıb. İndi onların “fəaliyyəti” sadəcə bakirəliyin təsbitindən ibarətdir.

“Yengə adətini bir çox qadınlar hələ də normal olaraq görürlər. Onların dünyagörüşündə bu nə yaxşıdır, nə də pis. Bu qadınların doğulub böyüdüyü dünyada başqa cür olmayıb. Travma, konflikt və həyəcan valideynlərindən daha çox maariflənmə imkanı şəraitində böyümüş yeni nəslin yaşadıqlarıdır” – Qorina belə deyir.

Əvvəllər Azərbaycanın şimalında yaşamış Nigar xatırlayır ki, toy gecəsi yan otağa “məsləhətçi” qismində bir yox, heç iki də yox, “bütün kənd” yığılıb: “Heç vaxt ogünkü qədər utanmamışdım. Amma fikirləşirdim ki, adət belədirsə, deməli, belə məsləhətdir, böyüklər düzünü daha yaxşı bilir”.

Nigarın sözlərinə görə, yan otaqda stulların ora-bura çəkilməsini, hətta insanların necə nəfəs aldıqlarını eşitdikləri üçün nə onun özündə, nə də ərində sekslə məşğul olmaq həvəsi olub. Amma səhər onlar da “şahidlərə” mələfə təqdim etməliydilər.

Onda 18 yaşı olan Nigar indi 30-u adlayıb. Boşanıb, Bakıda yaşayır, qohumları haqqında “pozğunlar” deyə bəhs edir.

Amma yeni həyata başlamaq qadınların heç də hamısına nəsib olmur. Patriarxal toplumlarda qadınların vəziyyəti oturuşmuş ənənələri asanlıqla dəyişməyə imkan vermir.

Qorina deyir ki, “bəzi hallarda qadın gələcək əriylə toy gecəsi barədə danışa bilir, bəzi hallarda ağzını açmağa belə qorxur, ümid edir ki, əri özünü yaxşı aparacaq. Bu, artıq cinslər arasında hüquq bərabərsizliyi məsələsidir, qadınların məzlum statusunda olmasıdır”.

TOY

“Qırmızı alma”

Mələfə nümayişi ənənəsi Azərbaycanda çoxdan mövcuddur, bəzən Şimali Qafqazın digər respublikalarında da müşahidə olunur.

Qapı arxasındakı “şahidlər” istisna olmaqla, ermənilərin zifaf gecəsi ənənəsi azərbaycanlılarla eynidir. Onlarda bu ənənə “qırmızı alma” adlandırılır və əsasən Yerevandan kənarda tətbiq edilir.

“Paytaxtdan uzaqlaşdıqca “pasiyent daha çox xəstədir”, müqavimət daha güclüdür və bəzən hətta fanatizm səviyyəsinə çatır” – insan haqları üzrə Helsinki assosiasiyasının Ermənistandakı nümayəndəsi Nina Karapetyans belə deyir.

Onun sözlərinə görə, toyun sabahısı qohumlar və qonşular bəylə gəlinin yataq otağına girib mələfəni yoxlayırlar, sonra da gedib gəlinə içində qırmızı alma və hədiyyələr olan səbətlər göndərirlər. Bundan sonra gəlinin yaxınları öz qohumlarını və qonşularını çağırıb qızlarının “təmiz və ismətli” olduğunu sübut edə bilərlər.

“Beləliklə, aşağılanma ritualında şəhərin yarısı, kəndlərdə isə bütün kənd camaatı iştirak etmiş olur” – Karapetyan belə deyir.

Kəndlərdə qızları, adətən, 18 yaşına çatan kimi ərə verirlər, çoxunun nə peşəsi, nə də işi olur. Qız “alma testindən” keçməsə, valideynləri ondan imtina edə bilərlər.

35 yaşlı Ani (ad dəyişdirilib) gələcək əriylə bir əyləncə gecəsində tanış olmuşdu. Onda ikisinin də 20 yaşı vardı. Ali təhsil almalarına, Yerevanda yaşamalarına və bir-birilərini sevmələrinə baxmayaraq onlar toya qədər sekslə məşğul olmamışdılar – mühafizəkar qohumlarının “dilinə düşməmək üçün”.

“Səhər mətbəxdə oturub yemək yeyirdim. Qaynanam gəldi – öz qohumları və qonşularıyla birlikdə. “Nümayəndə heyəti” yoxlama prosesini bitirənə qədər yerimdən tərpənmədim” – Ani həmin günü belə xatırlayır. O deyir ki, bundan sonra o yüngüllük hiss edib – artıq şaiyələrdən qorxmadan öz həyatını yaşaya biləcəkdi.

toy

“Heç vaxt toy gecəmiz haqqında danışmadıq”

Psixoloq Ellada Qorina deyir ki, zifaf gecəsi bəzi cütlüklər üçün nisbətən asan keçir, bəziləri üçünsə həmin gecə yaşadıqları travma uzun müddət unuda bilmirlər: “Bir qadın mənə başqa bir problemə görə müraciət etmişdi, söhbətimiz əsnasında məlum oldu ki, zifaf gecəsində ondan qan gəlməyib, ərinin bütün ailə üzvləri yığışıb bakirəliyini yoxlamaq üçün onu həkimə aparıb”.

Qorina hesab edir ki, şəxsi həyata bu şəkildə müdaxilə qadında özünün zorakılıq qurbanı olması hissini yaradır və uzun müddət bunun təsirindən qurtula bilmir.

Toydan yarım il sonra Elmiranın əri ölüb: “O müddət ərzində biz bir dəfə də olsun toy gecəmiz haqqında danışmadıq”.

Elmira deyir ki, əri öləndən sonra onun həyatında başqa kişi olmayıb – psixoloji baryerə görə: “Mən ikinci dəfə ərə getməyə və ya kiminləsə münasibət qurmağa razı ola bilərdim, amma əvvəlki təcrübəm məni bundan çəkindirir”.

Elmiranın 10 yaşında oğlu var, hansıyla ki, o, artıq indidən seks barədə danışır, qadın bədəninin necə qurulduğunu ona izah edir: “Mən oğluma deyəcəm ki, toy gecəsi özünü adam kimi aparsın. Nə vaxtsa qızım olsa, mənim səhvlərimi təkrarlamamasını məsləhət görəcəm”.

“İndiki vaxtım olsa, ərimlə də, o xalalarla da başqa cür davranardım” – Elmira hekayəsinə bunu da əlavə edir.

gelin-toya-hazirliq

***

30 il əvvəl insanlar ya evdə, ya restoranda, ya da küçədə çadır qurub toy edirdilər. İndi isə hətta kasıblar da toy üçün müstəqillik dövründə bütün şəhərlərdə artıb çoxalmış “şadlıq saraylarına” müraciət edirlər.

Sumqayıt yaxınlığındakı belə saraylardan birində Ariflə Məleykənin (adlar dəyişdirilib) toyunu qeyd edirlər. İkisi də varlı olmayan ailələrdə böyüyüb, onları qohumları tanış edib.

Adətə görə, bəylə gəlin ayrı otururlar – onlar üçün xüsusi olaraq hündür yerə qoyulmuş və üzərində spirtli içki olmayan yeganə masanın arxasında. Onlar 400 qonağın rəqs edib şənlənməsini bu “kürsüdən” müşahidə edirlər. Heç kim “Öpüşün!” deyə qışqırmır, bəy gəlini öpmür – başqalarının yanında olmaz.

Amma ciddi üz ifadəsiylə oturub qalmaq qaydasına Məleykə çox az müddət əməl edir. Qohumların təəccüblü baxışları altında qalxıb rəqs etməyə başlayır. Qonaqlar pıçıldaşıb onun abırsız və utanmaz olduğunu deyirlər. Onlardan biri “Bəyəm bura diskotekadır?!” deyə etirazını bildirir, digəri Məleykəni “adət-ənənələrə hörmət etməməkdə” günahlandırır. Gəlinin onlara lazımi qədər diqqət göstərməməsi, qohumlardan çox dostlarıyla ünsiyyətdə olması, “ərini idarə etməsi” qonaqların xoşuna gəlmir.

Amma toyun sonunda ənənə bu cütlüyü də “yaxalayır”. Bəy-gəlin maşını şadlıq sarayından aralanan kimi içində azca kefli 4 qadın oturmuş digər maşın onların arxasınca gedir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir