Azərbaycanda uşaqlarla bağlı problemlərin həlli üçün 10 illik strategiya hazırlanıb. Belə ki, prezident İlham Əliyev “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncam Azərbaycan Respublikasında dövlət uşaq siyasətinin həyata keçirilməsi və uşaqların hüquqlarının müdafiəsinin kompleks şəkildə təmin edilməsi məqsədi daşıyır.
Sərəncamla “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası” təsdiq edilib. Strategiyanın həyata keçirilməsində əlaqələndirici orqan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müəyyən edilib.
Nazirlər Kabineti Strategiyanın 2020-2025-ci illərdə icrası üzrə fəaliyyət planının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Strategiyanın prioritet istiqamətləri arasında uşaq hüquqlarının təmin edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi mexanizminin təkmilləşdirilməsi, uşaq hüquqlarının müdafiəsi, onların problemlərinin həlli sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və bu istiqamətdə mütəxəssislərin hazırlanması, uşaqların təhsilə çıxışında bərabərliyin təmin edilməsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi, çətin şəraitdə yaşayan uşaqların aşkarlanması və onlar barəsində təxirəsalınmaz sosial müdafiə tədbirlərinin həyata keçirilməsi üçün işlək mexanizmin yaradılması, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulur.
Həmçinin uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması ilə bağlı qanunvericiliyin təhlili və təkmilləşdirilməsi, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı uşaq hüquqlarının qorunması ilə bağlı qanunvericiliyin təhlili və təkmilləşdirilməsi əsas istiqamətlərdən biridir.
Bununla yanaşı, erkən uşaqlıq dövründə uşaqların inkişafının təmin olunması istiqamətində körpə və ana ölümü hallarının sayının azaldılması məqsədilə profilaktik tədbirlərin gücləndirilməsi, bu sahədə antenatal, perinatal və neonatal xidmət mütəxəssislərinin ixtisasının artırılması, körpələrin ana südü ilə qidalanmasının əhəmiyyətinə və süni qida məhsullarından istifadənin sağlamlıq üçün risklərinə dair təbliğat işinin təşkil edilməsi, uşaq qida məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin gücləndirilməsi, uşaq qida məhsullarının istehsalı və çeşidinin artırılması istiqamətində stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi, uşaqların ana südü ilə qidalanmasının təmini məqsədilə işləyən analarla bağlı əmək qanunvericiliyinin tələblərinə işəgötürənlər tərəfindən riayət olunmasına nəzarətin gücləndirilməsi də strategiyaya daxildir. Strategiyadakı ən əhəmiyyətli istiqamətlərdən biri də çətin həyat şəraitində olan uşaqların sosial müdafiəsinin gücləndirilməsidir. Bu istiqamətdə nəzərdə tutulan tədbirlər dövlət uşaq müəssisələrinin məzunu olan sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası üçün sosial xidmət müəssisələrinin yaradılması, dövlət uşaq müəssisələri məzunlarının cəmiyyətə inteqrasiyasının təşkili, xüsusilə gənc məzunların təhsilinin və məşğulluğunun təmin edilməsi, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların övladlığa götürülməsinin təşviq edilməsi, onların inklüziv təhsilinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin gücləndirilməsidir.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün ailə əsaslı alternativ xidmətlər (himayədar (foster) qayğı xidməti, ailə tipli kiçik qrup evi) sisteminin tətbiqi və inkişaf etdirilməsi istiqamətində tədbirlər görülməsi də burada nəzərdə tutulur.
Mütərəqqi istiqamətlər arasında zorakılığa məruz qalmış uşaqların müəyyən edilməsi və onlara müvafiq sosial xidmətlər göstərilməsi işinin təkmilləşdirilməsi, erkən nikah hallarının qarşısının alınması sahəsində tədbirlərin gücləndirilməsi, maarifləndirmə işinin təşkili, uşaq əməyinin və uşaqların cinsi istismarı hallarının aşkar edilməsi və bu halların qarşısının alınması istiqamətində tədbirlərin səmərəliliyinin artırılması, təhsil müəssisələrində psixoloji xidmətin təkmilləşdirilməsi və təşviqi də yer alıb.
Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl uşaqlara dair 10 illik strategiyanı dəyərləndirərək bildirdi ki, bu günə qədər uşaq hüquqları sahəsində boşluqlar hədsiz çox idi: “Uşaqlara dair strategiyanın hazırlanmasını və məsələlərə yenidən baxılmasını çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, buna çoxdan ehtiyac vardı. Ancaq hər şey fəaliyyət planından asılı olacaq. İki dəfə 5 illik fəaliyyət planı olacaq ki, onun birinci beşillikdə işlənməsi üçün 3 ay vaxt lazımdır. Burada hansı hədəflər qoyulacaq və ümumiyyətlə, o plan necə təşkil olunacaq, hansı şəkildə, kimlər cəlb olunmaqla hazırlanacaq, vətəndaş cəmiyyətinin mütəxəssisləri cəlb olunacaqmı, beynəlxalq praktika nəzərə alınacaqmı, yerli kontekstdə müxtəlif böhran situasiyaları nəzərə alınacaqmı – bu proses çox önəmlidir. Strategiya ümumi olaraq iradəni və niyyəti göstərir, amma həmin işi həyata keçirmək üçün məsələlər konkret qoyulmalıdır. Həmçinin qanunlar da buna uyğunlaşdırılmalıdır. Hökumət hansısa dəyişikliyi edərkən, təkcə bir qanuna deyil, bütün qanunlarda bu məsələyə aid bəndlərdə dəyişikliklərə getməlidir ki, optimizasiya prosesində qanun işləsin. Ona görə də bu proses hər zaman sürətli qaydada getmədiyi üçün əksər vaxtlar qanunlar kağız üzərində qalır, əmələ keçmir. İşlək mexanizmə çevrilmək üçün optimizasiyaya ehtiyac var. Bu halda strategiya xeyli müsbət dəyişikliklərə səbəb ola bilər”.
Ş.İsmayıl bildirdi ki, strategiyadakı istiqamətlər arasında övladlığa götürmə məsələləri, uşaq əməyinin istismarı, cinsi zorakılığa məruz qalma halları, erkən nikahlarla bağlı məsələ var ki, bunlar konkret olaraq qanunvericiliklə tənzimlənir və həmin qanunlarda dəyişikliklər tələb olunur: “Ona görə də operativ məsləhətləşmələr aparılmalıdır. Vətəndaş cəmiyyəti nümayəndələri, ekspertlər prosesə cəlb olunmalıdır. QHT-lər də müəyyən qədər iş görür. Doğrudur, 2014-cü ildən etibarən bir qədər passivlik müşahidə olunur, bu da qanunvericilikdəki dəyişikliklərlə bağlıdır. Bu strategiyanın həyata keçirilməsi vətəndaş cəmiyyətini də aktivləşdirməlidir. Bu bizlərin vəziyyətini düzəltmək üçün daha bir imkandır. Dünya təcrübəsi onu göstərir ki, bu proses qoşa getməlidir və vətəndaş cəmiyyəti də burada iştirak etməlidir.
Övladlığa götürmə ilə bağlı çox ciddi bəndlər var, onların bir qədər də sadələşdirilməsini arzu edirəm. İllər boyu övlad həsrətində olan ailələr var ki, uşaq götürə bilmirlər. Çox çətin prosedurlar var, bəzi qeyri-etik məqamlar var ki, onlar aradan qaldırılmalıdır. Uşaq əməyinin istismarı, zorakılıq məsələsi mühümdür. Bu proses həm də gender bərabərliyi və qadınların inkişafı prosesi ilə paralel aparılmalıdır. Bu məsələ ilə bağlı da fəaliyyət planının təsdiq olunması gözlənilir. Bu iki strategiyada paralel gedən məqamlar çoxdur. Fəaliyyət planında çox ciddi indiqatorlar da olmalıdır ki, strategiyanın həm kəmiyyət, həm də keyfiyyət göstəricilərini ölçmək mümkün olsun”.
Nərgiz LİFTİYEVA