Üç aydan yuxarıdır ki, koronovirus pandemiyası ilə əlaqədar bağçalar bağlıdır. Təbii, bağçaların bağlanması zəruri tələbdir və uşaqların virusa yoluxmasının qarşısını almağa hesablanıb. Bu, məsələnin görünən tərəfidir. Ancaq işin görünməyən tərəfi də var. Bəs valideynlər işləyirlərsə, uşaqları kimə həvalə etsinlər? Mövzu ilə bağlı mediada çalışan xanım həmkarlarımızın fikirlərini öyrəndik. Və məlum oldu ki, bu, həmkarlarımızın da həll edə bilmədikləri əsas problemidir.
“Kulis.az” saytının əməkdaşı Günel Musa deyir ki, əgər uşaq sahibi olmağa qərar verirsinizsə, üstəlik, işləyən bir anasınızsa, zehninizdəki ən böyük suallardan biri, hətta ən əsası iş həyatına qayıtdıqdan sonra uşağınızı kimə əmanət etmək olmalıdır: “Uşağın kimə əmanət edilməsi məsələsi doğurdan da işləyən anaların kabusudur. Çünki həyatımızın ən dəyərli varlığını əmanət edə biləcəyimiz adamlar çox etibarlı olmalıdır ki, ağlımız evdə qalmasın və rahat işləyə bilək. Bu dövrdə elə etibarlı insanlar, təəssüf ki, çox azdır, hətta yox kimidir. Bundan əvvəl nənələr bu işdə ən etibarlı adamlar idi. İndi təəssüf ki, müasir nənələr özünü bu yükün altına verməkdə bir qədər tərəddüd edir. Mənim anam ekstremal vəziyyətlər yaranmadıqca, yaxasını ələ vermir. Uşaqlarım olduqca hiperaktivdirlər və ram olunmaları bir az çətindir. Onları bütün gün dayəyə etibar edə bilmərəm. Ona görə də, yoldaşım hazırda işini evdən idarə edir və uşaqlara baxır. Uşaq üçün atadan-anadan güvənli heç kim ola bilməz”.
“Yeni Müsavat” qəzetinin müxbiri Xalidə Gəray bağçaların bağlanılmasının, rayonlara gediş-gəlişin dayandırılmasının, ümumiyyətlə, işləyən valideynləri çətin vəziyyətdə qoyduğunu qeyd edir: “Əlbəttə ki, karantin rejiminə riayət etmək hər birimizin borcudur və bu, bizim sağlamlığımız üçündür. Lakin xüsusən də övladı bağça yaşında olan valideynlər çox çətinlik çəkir. Bu vəziyyətdə ümid qalır yalnız dayələrə. Məlum olduğu kimi, dayələr aylıq ən azı 350 manat tələb edir ki, buna da hər valideynin imkanı çatmır. Bu o deməkdir ki, yay aylarında, xüsusən də fərdi əmək fəaliyyəti ilə məşğul olan valideynlər çətinliklə üzləşəcək. Adətən məktəblər bağlandıqdan sonra valideynlər uşaqlarını rayonda yaşayan qohumlarının yanına göndərir, çox az qisim isə yay məktəblərinə müraciət edirdi. Lakin artıq bütün bunlar da yoxdur. Düşünürəm ki, hökumət, işləyən analar üçün güzəştlər tətbiq etməlidir. Bu güzəştlər mümkün qədər anaların evdən onlayn rejimdə işləməsi üçün şərait yaratmaq və yaxud iş yerindən, ya da dövlət tərəfindən dayənin əməkhaqqının qarşılanmasından ibarət ola bilər”.
“Modern.az” saytının əməkdaşı Namidə Bingöl deyir ki, uşaq bağçalarının bağlanması işləyən analar üçün ikiqat çətinlik yaradıb: ” COVID-19 ölkəmizə ayaq açmağa başlayandan ali, orta, eləcə də məktəbəqədər təhsil müəssisələri mövcud durum səbəbindən fəaliyyətini dayandırdı. Çətinliklə üzləşən valideynlərdən biri olaraq bir neçə variant üzərində düşünmək məcburiyyətində qaldım. Qızım 5 yaşında olduğu üçün vaxtının səmərəli və maraqlı keçməsini təmin etməyə çalışdım. Hazırda işə çıxdığım üçün qızımı bağça müəlliməsinin yanına qoydum. Təbii ki, müəyyən çətinliklər olsa da, hər gün marşrut vasitəsilə uşağı müəlliməsinin yanına qoymağa məcburam”.
“Axar.az” saytının əməkdaşı Nigar İxtiyarqızı qeyd edir ki, uşaqla işləmək həm çətindir, həm də məsuliyyətli: “Pandemiyaya görə, demək olar ki, martın sonundan evdən işləyirik. Mənim üçün əslində evdən işləmək qətiyyən çətin deyil. Ancaq 4 yaşlı qızım var və onunla birgə evdən işləmək çox çətindir. Pandemiyanın ilk günlərində yoldaşım da (“Yeni Müsavat”ın əməkdaşı Emil Salamoğlu) evdən işləyirdi. Biz yazı yazanda, uşaq demək olar, avara qalırdı. Səhər 9-da işim başladığı halda, 7-dən durub yazı yazırdım ki, uşaq oyananda onunla məşğul olum, yemək yedizdirim, bir az oynayım. Növbə ilə uşağa baxırdıq. Ancaq maydan etibarən yoldaşım ofisdən işləyir. İndi gün ərzində həm yazı yazmaq, həm yemək bişirmək, həm uşağa yemək yedizdirmək, onu yatızdırmaq, paralel olaraq açıqlama almaq, onu diktofondan köçürmək məcburiyyətindəyəm. Uşaq qucağımda yata-yata da yazı yazıram, yemək yedirə-yedirə də açıqlama alıram. İş bitəndən sonra da uşaqla birgə həyətə düşürəm. Elə gün olur, yemək yeməyə belə vaxtım olmur. Bina evində yaşadığımız üçün işləyəndə uşağı tək həyətə də buraxa bilmirəm. Həyət evində bəlkə də uşaqla işləmək o qədər də çətin olmazdı. Ancaq bina evində çox çətindir. Anam və bacım işlədiyi üçün uşağı qoymağa yerim yoxdur. Bu səbəbdən, özümlə qalır. Çətin olsa da, bəzən maraqlı hadisələr də yaşanır. Müsahibə alan zaman qızımın əlindən kuklası yerə düşdü və kuklanın əmziyi ağzından çıxdı. Kukla da, əmzik çıxanda dayanmadan ağlayanlardandır. Telefon qulağımda, müsahiblə danışa-danışa kuklanın əmziyini axtarırdım. Müsahibim səsi eşidib deyir ki, qızım, deyəsən uşağın ağlayır, get sakitləşdir. Dedim, yox, kukladır. Belə maraqlı hadisələr də olur. Ancaq ümumilikdə, körpə uşaqla evdən işləmək çox çətindir. Karantin günlərində, bəlkə də, ən çox əziyyəti valideynləri işləyən azyaşlı uşaqla çəkir”.
“Olaylar” informasiya agentliyinin əməkdaşı Nigar Adil deyir ki, karantin qaydaları onun da iş strukturuna təsir edib: “3 aydan artıqdır ki, ölkədə pandemiya şəraiti hökm sürür. Bununla əlaqədar olaraq bağçalar bağlanıb, məktəblər isə onlayn rejimdə fəaliyyətini davam etdirirdi. Etiraf edək ki, bu durum çalışan valideynlər üçün daha çətin idi. Körpə övladlarını bağçalara etibar edib işə qaçan valideynlər, xüsusilə analar, ilkin mərhələdə həm evdən çalışmalı, həm də övladları ilə məşğul olmalı idilər. Onlayn iş rejimi aradan qalxandan sonra isə uşaqları kimə etibar edəcəkləri problemi bir çox həmkarlarımızla yanaşı, digər peşə sahələrində çalışan valideynləri də narahat etməyə başladı. Bu baxımdan, mən, körpə övladı olan analardan bir az şanslıyam. Həm övladlarım körpəlik mərhələsini çoxdan keçiblər, həm də valideynlərimlə birgə yaşadığım üçün bu cür çətin vəziyyətlə qarşılaşmadım. Bizim çətinliyimiz ən çox, dərslərin və işin onlayn rejimdə olduğu zaman yaşandı. Uşaqlarla kompüter, mobil telefonumuzu bölüşdürə bilmirdik. Bu zaman da valideynlərim bizi çətin vəziyyətdən xilas edərək, öz mobil cihazlarını təqdim etdilər”.
Xəyalə Rəis