Təxminən 4 aydır ki, bütün dünyanın gündəmində əsas mövzu koronavirus pandemiyası ilə bağlı olur. İnsanlar daha çox bu virusun davranışını izləyir, onda necə qorunmaq və qurtulmağın yollarını axtarır. Beləliklə, koronavirus ucbatından bir çox problemlər, o cümlədən mövsümü xəstəliklər ikinci plana keçib.
Hazırda koronavirusla bərabər insanları narahat edən problemlərdən biri də daha çox yay aylarında təsadüf edilən qida zəhərlənmələridir.
Bəs yay mövsümündə daha çox hansı qidalar zəhərlənməyə səbəb olur? Özümüzü bu təhlükədən necə qoruyaq?
Mütəxəssislər qeyd edir ki, qida zəhərlənmələrinin əsas səbəblərindən biri qida məhsulları ilə düzgün davranmamaq, onların düzgün saxlanılması qaydalarına əməl edilməməsi ilə bağlıdır. Bunun üçün qidaların saxlanma rejiminə riayət olunmalı, mikrobların öldürülməsi məqsədilə termik emal həyata keçirilməli, antisanitariya hökm sürən yerlərdən qida alınmamalıdır.
Tanınmış həkim Seyfəddin Əsəd qeyd edir ki, yayda zəhərlənmələrə yol açan qidalar əsasən torpaqla əlaqəsi olan məhsullardır: “Məsələn, kütləvi şəkildə zəhərlənməyə yol açan, hətta ölümə səbəb olan məhsullardan biri pərpətöyündür. Şəxsən özüm şahidi olmuşam ki, bu bitki bir ailəni məhv edib.
Həmçinin hazırda bazarda satışa çıxarılan parnikdə yetişdirilmiş xiyar, pomidor məhsulları və yaxud əkin sahələrində məhsuldarlığın artması məqsədilə bir çox məhsullara, o cümlədən kartofa dozası artıq olan gübrələrin vurulması orqanizmdə fəsadlar yarada bilir. Təbii ki, insanların orqanizminin müxtəlifliyindən, fəsadlara qarşı davamlılığından çox asılıdır. Məsələn, eyni qidanı bir neçə şəxs qəbul edir, amma fəsadları eyni olmur.
Bəzən görürük ki, kartofu torpaqdan çıxartmazdan əvvəl ona xlor vurulur. Bu xlor orqanizm üçün ən ağır zəhərdir. Xloru kartofa ona görə vururlar ki, parıldasın, daha çox müştəri cəlb etsin. Yəqin ki, bazarlarda rast gəlmisiz, bir çox kartoflar parıldayır və müştərilər daha çox həmin kartoflardan almağa çalışır. Kartofa xlor vuran şəxslər mütləq cəzalanmalıdır”.
Seyfəddin Əsəd meyvə-tərəvəzlərin necə yuyulması ilə bağlı tövsiyələrini də bildirdi:
“Tez-tez şahidi oluruq ki, bazarlarda insanlar meyvəni yumamış yeyir. Buna qətiyyən yol vermək olmaz. Meyvə və tərəvəzlər mütləq isti su ilə yuyulmalıdır. Yaxşı olardı ki, axşamdan içərisinə sirkə əlavə olunmuş su ilə dolu qabda saxlanılsın. Bu zaman qurd yumurtaları təmizlənmiş olur”.
Seyfəddin Əsəd yay mövsümündə tövsiyə olunmayan qidalardan da söz açdı:
“Yay mövsümündə balıqdan istifadə tövsiyə olunmur. Ümumiyyətlə, çalışmaq lazımdır ki, ”r” hərfi olmayan aylarda balıq ətindən istifadə edilməsin.
Həmçinin yayda süd məhsullarından istifadə məsləhət görülmür. Süd, ümumiyyətlə, bütün mövsümlərdə tövsiyə olunmur. İnsanlar üçün yalnız ana südü məsləhətlidir”.
Xalidə GƏRAY