Son illər Azərbaycanda Qarabağ müharibəsi, bu müharibə fonunda yaşananlar, ümumiyyətlə hərbi-vətənpərvərlik mövzusunda çəkilən filmlərə xüsusi diqqət ayrılır. Mədəniyyət və Turizm Nazirliyi həyata keçirdiyi bir neçə müsabiqədə məhz bu mövzuda olan ssenariləri ekranlaşdırmağa meylli addımlar atıb. Nazirliyin filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov bildirir ki, bu mövzuda olan filmlərin istehsalı üçün dövlət tərəfindən hər cür imkan yaradılır və lazımı maliyyə ayrılır: “Bu mövzuda hər il bədii, sənədli, həm tammetrajlı, həm də qısametrajlı filmlər çəkilir. Biz Qarabağ müharibəsi haqda istədiyimiz filmi hələ çəkməmişik. Bu işdə ilk növbədə son dərəcə vətənpərvər kinematoqrafçıların istedadı, bacarığı tələb olunur”.
Bəs görəsən, müstəqillik qazanandan bəri Qarabağ müharibəsi, bu müharibə fonunda baş verənlər, eləcə də hərbi-vətənpərvərlik mövzusunda çəkilən filmlər hansılardır və keyfiyyət qanəedicidirmi? Mövzunu qısa araşdırma ilə başlayıb, mütəxəssislərin rəyləri ilə davam edəcəyik.
Öncə gəlin, həm dövlət, həm də özəl maliyyə hesabına çəkilən filmləri xatırlayaq:
“Fəryad” (1993) – Ssenari müəllifi Vaqif Mustafayev, rejissor Ceyhun Mirzəyev
“Ögey ana” filminin baş qəhrəmanı-balaca İsmayıl artıq böyüyüb, ailə sahibi olub, həmçinin batalyon komandiridir. O, Qarabağ müharibəsində vətən torpaqlarının erməni işğalçılarından azad olunması uğrunda mərdliklə vuruşur, əsir düşür. Baş qəhrəmanın prototipi var və filmdə təsvir olunan hadisələr real faktlara əsaslanır.
“Haray” (1993) – Ssenari müəllifi Nüşabə Məmmədova, Eldəniz Quliyev, rejissor Oruc Qurbanov
Film Xocalı faciəsi haqqındadır. Burada iki yeniyetmənin-qardaşla bacının düşmən əhatəsindən çıxmaq üçün olmazın əzablara qatlaşmalarından danışılır. Ermənilərin azərbaycanlı əsirlərə verdikləri olmazın əzablara şahid olan iki yeniyetmə, çıxış yolunu özlərini dağdan atmaqda görürlər.
“Laçın dəhlizi” (1993) – Ssenari müəllifi Şahirə Kərimova, rejissor Kuban Uğur İlhan
Film Qarabağ müharibəsində Laçın dəhlizinin qorunması uğrunda aparılan mübarizədən bəhs edir.
“Ağ atlı oğlan” (1995) – Ssenari müəllifi İsi Məlikzadə, Ənvər Əbluc, rejissor Ənvər Əbluc
Filmdə Qarabağın azadlığı uğrunda erməni qəsbkarlarına qarşı aparılan müharibədə yaşlılarla bərabər məktəbli oğlanın da qəhrəmanlıqla vuruşmasından söhbət gedir. Film tamaşaçıları fədakarlığa, vətənpərvərliyə çağırır. Filmin qəhrəmanı nağıllar aləmində yaşayan, tez-tez nənəsinin danışdığı nağılları yada salan 12-13 yaşlı Muraddır . Onun ən çox sevdiyi “Ağ atlı oğlan” nağılıdır. Bu nağılın qəhrəmanı hər dəfə ağ paltarda, ağ atda gözlənilmədən meydanda görünəndə xalq ədalətin, xeyrin şər üzərində qələbəsinin şahidi olur. Və günlərin birində Qarabağ uğrunda döyüşlərdə Murad da öz ağ tankında meydanda görünür…Film nikbin sonluqla bitir. Çünki romantik qəhrəman Azərbaycanın rəmzi səviyyəsinə qaldırılır. Bu qəhrəman Azərbaycan xalqının möhkəm iradəsini, ölməzliyini bir daha nümayiş etdirir.
“Ümid” (1995) – Ssenari müəllifi Orxan Fikrətoğlu, rejissor Gülbəniz Əzimzadə
Azərbaycan torpağında Qarabağda müharibə gedir. Bu müharibədə öz Vətənini erməni işğalçılarından müdafiə etməyə getmiş xalqımızın ən yaxşı oğulları şikəst olur, həlak olur, itkin düşürlər…Adı bəlli olmayan adi bir əsgərin qəhrəmanlıq rəmzinə çevrilməsi filmin əsas süjet xəttini təşkil edir. Filmdə o adamlardan bəhs olunur ki, müharibə onların taleyini şikəst edib. Filmdəki hadisələr cəbhə xəttində deyil, Bakıda hərbi xəstəxanada bir sutka ərzində cərəyan edir. Müəlliflər burada mənəvi problemlərə toxunublar.
“Sarı gəlin” (1998) – Ssenari müəllifi və rejissoru Yavər Rzayev
Filmdəki hadisələr Qarabağ torpağında cərəyan edir. Çox ürəyiyumşaq, sadəlövh Qədir öz təkidi ilə müharibəyə yollanır. Xidmət etdiyi hərbi hissəyə erməni əsirləri gətirilir. Bu hərbi hissənin komandiri Rasim isə müharibədə bütün ailəsini itirmiş, həyatdan ümidini üzmüş adamdır. Məhz Rasimin əmrilə Qədir erməni əsiri Artavası öldürməlidir. Ömründə toyuq başı da üzməmiş Qədir isə çıxılmaz vəziyyətə düşür…Film müharibədən birgə qaçan azərbaycanlı ilə erməninin faciəli taleyindən danışır.
“Girov” (2005) – Ssenari müəllifi Eldar Quliyev, Natiq Rəsulzadə, rejissor Eldar Quliyev
Dağlıq Qarabağ uğrunda müharibə zamanı sərhədyanı zonada yaşayan qonşular bir gecənin içində düşmənə çevrilir. Azərbaycanlı Kərim ermənilər tərəfindən girov götürülür. Kənd əhalisinin qərarına əsasən onu dəyişmək üçün həyat yoldaşının sərəncamına bir erməni girov verilir. Lakin zaman keçdikcə Kərimin həyat yoldaşı “düşmən”in də insani cəhətlərə malik olduğunu və bənzər vəziyyətdə olmasını aşkar edir.
“Arxada qalmış gələcək” (2005) – Ssenari müəllifi Yusif Şeyxov, rejissor Rüfət Əsədov
Filmin əsas süjet xəttini qaçqın düşərgəsində böyüyən Səmədin yuxusu təşkil edir. Səməd yuxusunda xalqımız üçün ən acınacaqlı dövr sayılan 90-cı illərin əvvəllərinə gedir və rejissor Səmədin yuxusu fonunda o günləri bir daha xatırladır, müharibəni uduzmağımızın səbəbi bir daha araşdırılır. Filmin ən təsiredici kadrlarından biri qaçqınların özlərinə ev etdikləri vaqonları Səmədin hərəkətə gətirməsidir. Vaqonlar bir-birinə canlanaraq hərəkətə başlayır.
“Yalan” (2006) – Ssenari müəllifi Orxan Fikrətoğlu, rejissor Ramiz Əzizbəyli
Filmdə Qarabağ müharibəsinin fonunda şəhid vermiş bir ailənin əzab və iztirabları, ağır-psixoloji durumları əks olunur. Filmin əsasını oğlunun müharibədə şəhid olması xəbərini ürək xəstəsi olan arvadına deməyən və yalan söyləyən Yavərin çəkdiyi mənəvi əzab və iztirablar təşkil edir.
“Biz qayıdacağıq” (2007) – Ssenari müəllifi Natiq Rəsulzadə, rejissor Elxan Qasımov
Filmdə Qarabağ müharibəsi bir uşağın dili ilə canlandırılır. Müharibənin bütün dəhşətləri bu balaca oğlanın gözü qarşısında baş verib. Onu öz torpağına qayıtmaq arzusundan heç bir güc döndərə bilməz. Azərbaycan torpaqlarının işğalı, Xocalı faciəsi, ermənilərin törətdiyi qətliamlar, Qarabağ müharibəsinin faciəvi nəticələri, qaçqın-köçkün taleyinin çətin məqamları filmin süjet xəttinin əsasında dayanıb. Atası Xocalı soyqırımı zamanı həlak olan filmin qəhrəmanının Zakir Qasımovun gözəl səsi var. O Musiqi Akademiyasına getməyə hazırlaşsa da, fikrini dəyişir və Hərbi Akademiyaya oxumağa gedir.
“Günaydın, mələyim” (2008) – Ssenari müəllifi və rejissoru Oktay Mir Kasım
Filmin əsas ideyası Qarabağ döyüşlərindən və onun ağır nəticələrindən bəhs olunmasıdır. Çox psixoloji bir süjet üzərində qurulan film şəxsi insanların taleyindən bəhs etsə də, burada insanın ən ali xüsusiyyətləri ön plana çəkilir və onun cəmiyyətdə Tanrı tərəfindən bəxş edilən mənəvi dəyərlərin insan həyatındakı rolu qabardılır. Filmdə Mədinə adlı bir qızın həyatından, məhəbbətindən danışılır. Onun həyat yoldaşı Qarabağda şəhid olur. Ancaq Mədinə, heç vaxt onu unuda bilmir. Baxmayaraq ki, onunla evlənmək istəyənlər çox olur, gözəl cəlbedici qadın olur, yenə də həyat yoldaşının, sevdiyi idealının fikri ilə yaşayır.
“Qala” (2008) – Ssenari müəllifi Ramiz Rövşən, Şamil Nəcəfzadə, rejissor Şamil Nəcəfzadə
Hadisələr təxminən 20-ci əsrin 90-cı illərində baş verir. Filmdə bir qala obrazı var və bu qala bütün hadisələrin şahididir. Tarixi qala uzun müddət baxımsızlıq ucbatından dağılmış, kənd camaatı onun daşlarını da söküb özləri üçün ev tikiblər. Kəndə film çəkən qrup gəlir. Ancaq bu insanlar çəkiliş qrupunun bu qalaya göstərdiyi maraq nəticəsində ona münasibətlərini dəyişmişlər. İndi artıq onlar bu qalanı tək abidə kimi yox, həm də xalqın tarixi yaddaşının daşıyıcısı kimi qəbul edirlər. Düşmənlə sərhəddə yerləşən kənd camaatı hər gün səksəkə içərisindədir. Və bir gün kəndi boşaltmaq lazım gəlir. Çünki düşmən sərhədi keçib, kəndə doğru böyük qüvvə ilə irəliləyir. Hamı kəndi qoyub gedir. Yalnız çəkiliş qrupu üzvlərindən biri kəndi tərk etmək istəmir və həmin qalada qalır.
“Bir addım” (2009) – Ssenari müəllifi Alina Abdullayeva, Nərgiz Bağırzadə, rejissor Fariz Əhmədov, Nərgiz Bağırzadə
Film Qarabağ müharibəsində gözlərini itirmiş Yusif adlı gəncin həyat hekayəsindən bəhs edir. Yusifin həyat yoldaşı Nisə ömür-gün yoldaşının göz əməliyyatına pul toplamaq üçün gecə-gündüz işləyir. Belə həyat tərzindən bezən Yusif intihar etmək qərarına gəlir. Lakin qəfil peyda olan qadın obrazında mələk onu ölümdən qurtarır və həyatda gözləri görmədən də yaşamağı ona öyrədir. Sonda Yusifin gözləri əməliyyat edilir və o yenidən işıqlı dünyasına qayıdır.
“Yaddaş” (2010) – Ssenari müəllifi və rejissoru Vahid Mustafayev
Birinci Qarabağ müharibəsinin başlanğıcı… Dörd dost – Əli, Həsən, Hüseyn və Azər sonuncunun Arzu adlı qızla nişanı üçün Qarabağa yollanırlar. Mərasim günü erməni-rus hərbi birləşmələri məclisin keçirildiyi kəndə hücum edir. Əfqanıstan müharibəsindən çıxan bu dörd dost kəndin müdafiəsinə qalxır və şiddətli müqavimət göstərərək düşməni darmadağımn edir. Amma, bu savaş müdafiəçilər üçün də itkisiz ötüşmür – Arzu yaralanır, Azər komaya düşür…19 ildən sonra dostlar və nişanlılar qeyri-adi şəraitdə yenidən görüşür…
“Yol” (2011) – Ssenari müəllif Elçin Hüseynbəyli və Fehruz Şamıyev, rejissor Fehruz Şamıyev
Qarabağda doğulmuş, uzun müddət Bakıda yaşayan professor ölüm ayağında doğulduğu kəndə gedir. Ermənilər tərəfindən işğal olunmuş kənd xarabalığa çevrilib. Professor arzusuna çatmaq üçün minalanmış sahəni keçərək öz kəndinə gəlir. Amma burda ermənilər tərəfindən əsir götürülür və hadisələrin ən maraqlı anları bundan sonra başlayır. Film Qarabağ müharibəsi haqqında sizin görmədiyiniz və eşitmədiyiniz savaş həqiqətini əks etdirir.
“Dolu” (2012) – Ssenari müəllifi Aqil Abbas, rejissor Elxan Cəfərov
Film Qarabağ müharibəsində heç nəyə baxmayaraq Vətən uğrunda son damla qanına qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs edir.
“Xoca” (2012) – Ssenari müəllifi və rejissor Vahid Mustafayev
Film – uzun əsrlər boyu bu torpaqlarda yaşayan, əzab əziyyət verilərək öldürülən qadın, uşaq, qoca, silahsız insanlar, ümumiyyətlə Xocalı soyqırmının bütün qurbanlarının xatirəsinə həsr edilib.
“Mən evə qayıdıram” (2014) – Ssenari müəllifi İsmayıl Səfərəli, rejissor Samir Kərimoğlu
Hərbi vətənpərvərlik mövzusunda olan film real hadisələr əsasında çəkilib. Film Azərbaycanın ən çətin illərində rus ordusunda xidmət edən Tərlan Seyidzadənin qəhrəmanlıq hekayəsindən bəhs edir. Ekran əsərində ilk dəfə Azərbaycan hərbi hava qüvvələrinə (HHQ) məxsus qırıcı təyyarələrin səmada düşmən texnikası ilə mübarizəsi əks olunub.
“Nabat” (2015) – Ssenari müəllif Elxan Nəbiyev və Elçin Musaoğlu, rejissor Elçin Musaoğlu
“Nabat” filmi Qarabağ müharibəsindən bəhs edir. Ekran əsərinin baş qəhrəmanı Nabat xala Qarabağın müharibə zolağında olan dağ kəndlərindən birində yaşayır. Kəndin olan-qalan sakinləri növbəti güclü atəş yağışından sonra tamamilə evlərini tərk edirlər. Nabat xala isə xəstə həyat yoldaşını və oğlunun məzarını qoyub heç yana getmir. Hər axşam bu qəhrəman qadın kəndin məscidində və bütün evlərdə neft lampaları yandırır. Hər gecə yanan lampaların işığını görən ermənilər uzun müddət kəndə girməyə qorxurlar.
“Qanlı Yanvar” (2015) – Ssenari müəllifi və rejissor Vahid Mustafayev
“Qanlı Yanvar” filmində 20 Yanvarda faciəsi canlanır.Film o əhvalatları bizə bir azərbaycanlı ailəsinin- Nərimanovların gözü ilə göstərir. İki qardaş, KGB zabiti, kommunist Nəcəf və sovet ordusunun keçmiş zabiti, indi demokrat –inqilabçı Mehdi, əks düşüncələrinə görə ölüm-dirim mübarizəsinə qalxıb. Dramanın mərkəzində, onları boya-başa çatdıran ana – Xədicə xanın bir sipər kimi dayanır. Hər iki qardaş Azərbaycanı çiçəklənən və firavan görmək istəyir. Xədicə xanımın sözləri ilə desək “…sadəcə onların yolları və yoldaşları ayrıdır!”
Hazırda istehsalatda olan bir neçə film də Qarabağ mövzusundadır. Bunların içərisində “Əsgərin şücaəti” tammetrajlı, “Qara bağ” qısametrajlı filmləri yer alır.
“Bəzi məqamların açıq-aşkar göstərmişik”
Rejissor Elxan Cəfərov hesab edir ki, filmlərin ideoloji istiqaməti çox güclüdür: “Məncə, Qarabağ müharibəsi bu gün bizim gözümüzü yumduğumuz utanc yerimiz olmamalıdır. Qarabağın getməyi bizim müharibədə uduzmağımız deyil. Bu müəyyən qədər siyasi faktorlarla bağlıdır. Bu barədə daha çox filmlərin çəkilməsinə ehtiyac var”. “Dolu” filmində öz içimizdən olan “baltaların” təqdim edilməsi heç də tamaşaçılar tərəfindən birmənalı qarşılanmamışdı. Hər kəsin fikrinə hörmətlə yanaşdığını deyən rejissor məsələyə belə aydınlıq gətirib: “Dolu”nun əsas mövzusu məhz Azərbaycan oğullarının qəhrəmanlıq faktıdır. Biz filmdə Sovet Mərkəzi Komitəsini inkar edirik, Azərbaycanı deyil. Bizim torpaqlarımızın işğal altında olmağında bilavasitə Mərkəzi Komitənin əli olub. Ermənilər məhz xarici qüvvələrin üzərində dayanmışdılar. Axı tək erməni deyil, bizim düşmənimiz. Bizə Qarabağı almağa siyasi geopolitik hadisələr imkan vermir. Yoxsa ki, erməni kimdir ki? Erməninin nə mədəniyyəti, nə ordusu, nə ürəyi, dəyanəti bizimlə müqayisə oluna bilməz. Ona görə bu filmdə bir qədər bəzi məqamların açıq-aşkar göstərilməsinə çalışdıq. Mən “Xoca” , “Fəryad”, “Yalan”, “Uçuş xətti” filmini də bu aspektdə qeyd etmək istəyirəm. Hər hansı film bu və yaxud digər emosiya yarada bilər. Amma bunların hamısı bir istiqamətə vurur”.
“Film real hadisələr üzərində qurulub”
Rejissor Samir Kərimoğlunun fikrincə, Qarabağ və vətənpərvərlik mövzusunda filmlər mütləq çəkilməlidir: “Qarabağ mövzusunda yeni filmlərin çəkilməsi qanunauyğun haldır. “Mən evə qayıdıram” hərbi – vətənpərvərlik mövzusundadır. Ekran əsəri Azərbaycanın ən çətin illərində rus ordusunda xidmət edən Tərlan Seyidzadənin qəhrəmanlıq hekayəsindən bəhs edir. 1992-ci ildə Vətənin ən çətin zamanında bu igid oğlan böyük qəhrəmanlıq göstərir. Hərbi Hava Qüvvələrindəki hər bir əsgər bizim yaratdığımız qəhrəmanı çox yaxşı tanıyır və qiymətləndirir. Biz isə bu filmlə onu bütün xalqa tanıdırıq. Film Tərlanın simasında Azərbaycanın şəhid olmuş bütün igidlərinin şərəfinədir. Filmlə tamaşaçılara demək istəyirik ki, Vətən daim öndə olmalıdır. Hesab edirəm ki, bu mövzuda olan filmlər çox çəkilməli, müzakirə edilməlidir. Ondan başqa düşünürəm ki, bu işdə ağıllı addımlar atmaq vacibdir. Bir faktı deyəcəm, ermənilər türkiyəli rejissor Fatih Akına maliyyə ayırdılar ki, o erməni soyqırımı barədə film çəksin. İnandırıram sizi, bu hansısa erməninin çəkdiyi bir filmdən çox daha təsiredici, effektli bir addımdır”.
“Bu mövzuda istənilən rejissorun filminə baxmaq lazımdır”
Film direktoru Nadir Əliyev deyir ki, Qarabağda çox mühüm hadisələr baş verib, əsl qəhrəmanlıqlar yaşanıb. Amma bu gün insanların əksəriyyətində Qarabağ haqqında çox bədbin düşüncələr var: “Hesab edirəm ki, Qarabağ problemi həll olunmadıqca və olunduqdan sonra da bu mövzuda filmlər çəkilməlidir. Ümumiyyətlə, kinematoqrafiyada bu mövzudan danışanda Ceyhun Mirzəyevin “Fərhad” filmini qeyd etməmək olmur. Amma o filmdə də Qarabağ müharibəsinin əsl savaşı əks olunmayıb. “Dolu” filmi bu baxımdan fərqlənir və artıq film tamaşaçıların qəlbində öz layiqli yerini tutub. Filmin ssenari müəllifi Aqil Abbasdır. O Qarabağ müharibəsində iştirak edən bir insandır məhz ona görə əsər bu qədər təsirli alınıb. Onu da qeyd edim ki, “Dolu”nun təbliğat işində Aqil Abbasın müstəsna xidməti oldu. Onun köməkliyi ilə film Azərbaycanın əksər bölgələrində, ondan da başqa Rusiyanın üç böyük şəhərlərində, Gürcüstanda, Ukraynada, Türkiyədə, Kiprdə nümayiş olundu. Məni ən çox əsəbləşdirən cəhət Azərbaycan tamaşaçılarının passivliyidir. Vətənpərvərlik gərək hər insanın içində olsun. Ona görə hesab edirəm ki, Qarabağ haqda çəkilən istənilən rejissorun filminə baxmaq lazımdır”.
““Dolu” isə bizim istədiyimiz film oldu”
Kino tarixçisi Aydın Kazımzadə bildirir ki, bu mövzuda yaxşı film çəkmək üçün çoxlu pul və yüksək texnika lazımdır: “Əgər biz müharibəni bütövlüklə əks etdirmək istəyiriksə bunun üçün bizə çoxlu pul və yüksək texnika lazımdır”. O indiyə qədər çəkilən filmləri qısa şərh edib: ““Fəryad” filmi həqiqətən, çox yaxşı film idi. Amma o filmdə bir cəhət var idi: Azərbaycan əsgəri əsir düşür və bütün film boyu əsirlə erməninin dialoqu gedir. Qalib gələn erməni ilə əsir düşən əsgər arasında fərq xoşagəlməzdir. Çünki erməni o filmdə azərbaycanlı əsgəri üstələyirdi. Məlik Dadaşov aktyorluq cəhətdən də Ceyhun Mirzəyevdən güclü idi. O film o qədər yaxşı idi ki, uzun illər biz onu ən yaxşı film kimi qiymətləndirirdik. Bundan başqa bu mövzuda çəkilən “Ümid” filmini qeyd etmək istəyirəm. Amma o film çox qarışıq vaxta təsadüf etdiyindən tamamilə yaddan çıxdı. Son illərdə istehsal olunan “Dolu” isə bizim istədiyimiz film oldu. Nəhayət ki, bu filmlər biz ön cəbhədə Azərbaycan oğulları ermənilərin vuruşduğunu görürük. Bu nöqteyi – nəzərdən film gözəldir, gənclərə vətənpərvər ruhu aşılamağı bacarır”.
Nərmin Muradova