Ailələrdə uşaqlara qarşı məişət zorakılığı halları kifayət qədər yayılmış problemlərdəndir. Bu nəinki, keçmişin, bugünün, eyni zamanda gələcəyin ən böyük qlobal problemlərindəndir. Bəzən uşaqlara qarşı məişət zorakılıqları yalnız uğursuz ailələrdə deyil, eyni zamanda intelektual səviyyəsi yüksək olan mədəni ailələrdə də baş verir, harada ki, valideynlər uğurlu, həmkarları arasında nüfuz qazanan, rəhbərliyin hörmətini qazanan insanlardırlar. Nə üçün uğurlu və uğursuz ailələr uşaqlara qarşı eyni səhvi buraxırlar? Uğurlu və uğursuz insanların aqressiyalarının qurbanı, ailənin ən zəif üzvü uşaqlar olurlar?! Maraqlısı odur ki, hər bir valideyn sağlam ruhlu övlad böyütmək və onun uğurlu gələcəyini görmək istəyir. Heç bir valideyn uşağına şiddət göstərdiyini, döydüyünü və psixi zərbə vurduğunu etiraf etməyə hazır deyil. Böyük əksəriyyət bunu şiddətlə rədd edir, “məni əsəbləşdirdi, özümdən çıxartdı”, “sözümə qulaq asmadı” deyə özlərini müdafiə edirlər. Beləliklə də, şiddətin, döyməyin düzgün tərbiyə metodu olduğunu qəbul edən valideynlər uşaqlarını zamanlı, davamlı döyməyə davam edirlər.
Uşaqların psixoloji yetişdirmə prosesində fiziki gücün istifadəsi yol verilməzdir. Bir uşaq üçün, fiziki və psixoloji zorakılığın nəticələri olduqca ciddidir. Adətən, “uşaqları döymək olarmı?” sualına müsbət cavab verən valideynlər uşaqlıq dövründə fiziki və psixoloji təhqirlərə məruz qalmış valideynlərdir. Onlar “uşağı döyməsən, mümkün deyil, heç cür başa düşmür, zamanında məni də döyüblər, döyməsən tərbiyə edə bilmərsən, “indi şükür 5 nəfərdən biriyəm” deyərək bu tərbiyə metodunu daha üstün tuturlar. Şiddət uşaqların zehni və psixoloji inkişafına əhəmiyyətli dərəcədə zərbə vurur, həm də şiddətə qarşı dayanıqlı psixoloji immunitet yaranır və itaətə tabe olmayan uşağın, itaətinə nail olmaq üçün valideyn uşağı daha çox cəzalandırmaq məcburiyyətində qalır. Bunu “döyürəm, yenə də etdiyini edir” kimi izah edirlər.
Bəs uşaqlar bunu kənardan necə qiymətləndirirlər? Psixoloji və fiziki şiddət görmüş uşağın valideynlərinə qarşı münasibəti tərəddüdlü sevgiyə bənzəyir. Travma almış uşaq, heyvanlara, həmyaşıdlarına qarşı qəddarlıqla yanaşıb, gələcəkdə öz ailələrində övladlarına və həyat yoldaşlarına qarşı eyni travmanı yaşada bilərlər. Şiddətin tərs tərəfi özünə yönəlmiş, gələcəkdə depressiya və intihar meylləri şəklində özünü göstərə bilər. Məişət zorakılığına məruz qalan uşaq təəssüf ki, psixoloji olaraq həmyaşıdlarından fərqlənir, laqeyd və aqressiv böyüyürlər. Yetkin yaşında olan bu tip uşaqların ortalama 23%-i cinayətkarlığa meylli olur və İQ göstəriciləri digərlərindən daha aşağı olur. Şiddətə məruz qalmış uşaqlarda daxili və xarici aqressiya, özgüvən azlığı, qorxular, şəxsiyyət və davranış pozğunluğu, disossiyativ pozğunluğ və post-travmatik stress pozğunluğu və s. kimi psixoloji xəstəliklər yarana bilər. Məsələn, post-travmatik stress pozğunluğu yaşamış uşaq kabus və düşüncələrdə vəziyyətin təkrar oluna biləcək qorxuları, xatirələrdən qurtulmaq istəyi, əsəbilik, narahatlıq hissi, yaşayırlar. Bu və digər psixoloji travmalar, onların gələcək həyatlarına öz mənfi fəsadlarını göstərir. Psixoloji şiddət bəzən döyülməklə deyil, valideynin sevgisindən və diqqətindən kənarda qalmaqla da, travma alır və ömrü boyu sevgini başqalarında axtarır, sevgini qazanmaq üçün sanki, vuruşurlar. Bəzən valideynlər sevgini hədiyyələrdə, əyləncələrdə görürlər, “yedizdirirəm, gəzidirirəm, geyindirirəm” kimi düşüncələri onların valideyn borclarını tamamladıqları kimi ifadə olunur. Lakin, uşaq üçün, onun özünü kəşf etməsi üçün, özgüvənli və sağlam ruhlu böyüməsi üçün hədiyyələr deyil, valideynin ona ayırdığı zaman, dəstəklənməsi, ona inanılması, onun ən yaxşı cəhətlərini kəşf etməsi kifayət qədər güclü psixoloji dəstəkdir. Uşaqlar bəzən alçaldıcı sözlərlə tənqidə məruz qalırlar, sözlə tənqidin psixoloji travması “bıçaq yarası qədər” dərin olur, çox zaman uşaqlar kaş ki, bu sözləri eşitmək əvəzinə bir dəfə döyülərdim deyə şikayətlənirlər. Uşaq özünü sevilməz və açaldılmış hiss etdikdə, ona vurulan yumruq uşağın əbədi olaraq gələcək uğursuzluğununmöhürünə çevrilmiş olur. Yetkinlik yaşında biz artıq alçaldılmış, bəyənilməyən və bədnam bir insanlar qarşılaşmış oluruq. Digər tərəfdən isə, bir uşaq cəzanı valideyn sevgisinin təzahürü kimi də qəbul edə bilər. Çünki, bu cür uşaqlar körpəlikdə şiddət görüblərsə, aqressiv halda ata və analarını qarşılıqlı təhqir edə bilirlər, yetkin həyatda isə belə bir məhəbbəti norma qəbul edərək, öz ailələrində şiddət göstərdikdə “döyürsənsə, deməli sevirsən” deyərək fiziki cəzaya haqq qazandırırlar.
Bəzən bu hallarda valideynlər uşaqlara psixoloji şiddət göstərirlər. Öz şəxsi problemlərinin öhdəsindən gələ bilmədikləri halda, özlərini sübut edə bilmədikləri zaman, aqressiyadan azad olmaq istədikləri an, konfliktlərdə üstünlük qazana bilmədikləri üçün özgüvən artırdıqları zaman daha zəif varlıq olan uşaqlarını seçirlər. Digərləri isə, uşaq vaxtından şiddəti “ailə ənənəsi” kimi görür, daha üstün tərbiyə metodu kimi qəbul edirlər. Özlərini çarəsiz , gücsüz bildikləri an uşaqlar üzərində şiddət göstərərək özlərini daha güclü hiss edirlər. Bunu da, “əsəbi idim, dəcəllik etdi, döydüm deyərək” əsaslandırırlar. Uşaqlar üzərində fiziki və psixoloji şiddət bağışlanılmazdır. Çünki, qarşınızda olan gücsüz saf varlıqlar “niyə məni döyürsən?!” sualının cavabını asanlıqla tapa bilmirlər.
Uşağlar valideynlərin əmlakları deyil, onlar ailənin gələcəyi və davamçılarıdırlar. Uşaqlarınızın şəxsi inkişafı, gözəl gələcəyini, normal davranışı bərpa edə bilmədiyiniz zaman mütəxəssilərə müraciət edib psixoloji dəstək almaq olar. Qəbul etməliyik ki, onlar valideynlərin güzgüdə gördükləri əksləridir.
Ruhiyyə Rüstəmova
Ailə və uşaq psixoloqu, AMAC ana və uşaq psixoloji dəstək birliyinin rəhbəri