Azərbaycanda SARS CoV-2 virusuna qarşı immunitetin öyrənilməsi məqsədilə seroloji testlərin həyata keçirilməsi üçün fəaliyyət planı hazırlanıb. Məlumat verilib ki, testlər təsadüfi seçilmiş əhali qrupları arasında könüllülük prinsipi ilə aparılacaq. Bu məqsədlə təsadüfi seçilmiş şəxslərə çağrı mərkəzindən zəng ediləcək. Testdən keçməyə razılıq vermiş şəxsin evinə yaşadığı ərazi üzrə poliklinikadan xüsusi təlim keçmiş tibb bacısı göndəriləcək. Müayinə üçün venadan cəmi 3-5 ml qan nümunəsinin alınması kifayətdir. Alınmış qan nümunələri qısa müddətdə laboratoriyaya çatdırılaraq analizdən keçiriləcək. Mütəxəssislər tərəfindən analiz nəticələrinin tibbi və statistik təhlili aparılacaq, yekun nəticələr barədə ictimaiyyət məlumatlandırılacaqdır. Analiz verən hər bir könüllü öz nəticəsini əldə edə biləcək. Bundan əlavə, vətəndaşın arzusu ilə qanın ümumi analizi də həyata keçirilə bilər.
Bəs seroloji test nədir və əhalinin koronavirusa qarşı immunitetinin öyrənilməsində hansı əhəmiyyətə malikdir?
Türkiyənin məşhur reanimatoloqu, professor Müslüm Çiçək deyir ki, immunitet sisteminin bir hissəsi olan və bədəndəki xarici maddələrlə mübarizə aparan Y formalı zülalların tibbi adı anticisim və ya immunoglobulinlər dir. Antigenlər adlanıdırlan bu xarici maddələr hər hansı bir bakteriya, virus və ya kimyəvi maddə ola bilər. Xarici maddələr üçün istehsal olunan hər bir anticisim unikaldır və müvafiq antigeni tanımaq üçün istifadə olunur. Beləliklə, anticisimlər antigenləri bədəndən çıxarmaq üçün onlara bağlanır və immunitet sisteminin güclənməsini təmin edir. Anticisim testindən keçmək istəyən bir çox xəstə, bu testin konkret nə üçün lazım olması barədə tez-tez suallar verir. “Seroloji test” adlanan anticisim testi, şəxsdən alınan qan nümunəsində müəyyən bir anticisimin olub-olmadığını və ya varsa, miqdarının müəyyənləşdirilməsini təmin edir. Ən çox keçirilən anticisim testləri IgM, IgG və IgE-dir. Bu testlər müəyyən bir mikroorqanizmə qarşı immun vəziyyətini qiymətləndirmək, infeksiyanın gedişatını izləmək, yoluxucu infeksiyaya məruz qalmağı qiymətləndirmək, köçürülmüş orqanın rədd edilməsinin səbəblərini araşdırmaq, allergiya, hepatit, HİV, qaraciyər və digər xəstəliklərin səbəb olduğu problemləri diaqnoz etmək üçün aparılır”.
Anticisim testi ilə COVID-19-un əlaqəsi nədir? Həkim deyir ki, seroloji testdən, son zamanlar koronavirus pandemiyasına görə daha geniş şəkildə istifadə olunur. Bu testlər, xüsusən də yeni növ koronavirusa qarşı immuniteti olan insanları müəyyən etmək və virusun ikinci dalğasının qarşısını almaq üçün görülən tədbirlər çərçivəsində həyata keçirilir. Başqa sözlə, anticisim testləri virusa yoluxmuş, lakin simptomları göstərməmiş insanları müəyyən etmək üçün istifadə olunur. Virusu daşıyan, lakin simptomları göstərməyən asimptomatik insanların da olduğu məlumdur. Bu insanlar Covid-19-u yüngül şəkildə keçirsələr də, virusu başqa insanlara ötürə bilərlər. Bu baxımdan seroloji testlər həm virus daşıyıcılarının həqiqi sayını müəyyən etmək, həm də insanların qazandıqları immunitet səviyyəsini qiymətləndirmək üçün əhəmiyyətlidir”.
Koronavirus xəstələrinin müalicəsi ilə məşğul olan Reyhan Tağıyeva deyir ki, seroloji test insanın hər hansı infeksiyaya yoluxub-yoluxmamasını göstərmək üçün edilir: “Bu zaman qanda immunqlobilin IgM və igG-yə baxılır. Bunlar orqanizmin müdafiə anticisimləridir. Bu proteinlər qanın plazma hissəsində aylarla və illərlə müəyyən edilə bilirlər. Əgər immunqlobilin və G pozitiv çıxıbsa, bu o deməkdir ki, xəstə yaxın zamanda virus infeksiyası keçirib. Əgər M neqativ, G pozitiv çıxıbsa, bu o deməkdir ki, artıq xəstə infeksiyanı keçirib, M artıq neqativləşib yerini G-yə verir. G-nin pozitivliyi onu göstərir ki, bu xəstə sağalıb, yaxud sağalmaq üzrədir”.
Həkimin sözlərinə görə, infeksiyaya yoluxmuş insanın orqanizmində sintezlənən anticisimlərin müəyyən edilməsi, Covid-19 pandemiyasına qarşı mübarizədə ən önəmli hədəflər arasında olacaq: “Seroloji testlərin erkən dönəmdə xəstəliyi göstərməsi, praktik olaraq, az əhəmiyyətli olsa da, sonrakı dövrdə ümumi kütlə araşdırmalarında xəstəliyi keçirmiş insanların müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Yəni anticisim testini keçirmək məqsədəuyğundur. Çünki seroloji testləri keçirmək daha öncəki yoluxanların ayırd edilməsi, terapevtik olaraq sağalan insanlardan serum hazırlamaq üçün virusa yüksək dərəcədə müqavimət göstərən insan donorlarını ayırd etmək üçün kritik dərəcədə önəmlidir. İmmuniteti olanların, yəni virusu keçirmiş insanların müəyyən edilməsi həkimlərə, onların sonrakı müşahidəsi, izlənməsi baxımından da əhəmiyyətli olacaq”.
Tibb üzrə fəlsəfə doktoru, TƏBİB-in Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərova deyir ki, COVID-19 80 faiz hallarda assimptomatik, yəni heç bir simptomsuz gedən infeksiya növüdür: “İndiyə qədər COVID-19-la əlaqədar analizlər, yaxma götürülərək aparılan aktiv analizlərdir və infeksiyaya yoluxub-yoluxmamağı müəyyən edir. Seroloji analizlər isə yoluxmanın olub-olmadığını aşkar etmək üçündür. Analizlərin nəticələri maksimum 2-3 gün ərzində hazır olur”.
Onun sözlərinə görə, elmi-tədqiqat xarakteri daşıyan testlərin əsasən 18 yaşdan 65 yaşa qədər olan əhali arasında aparılması nəzərdə tutulub. Analizlər Almaniyadan gətirilən yüksək həssaslığa və spesifikliyə malik reaktivlər vasitəsilə aparılacaq və yanlışlıq dərəcəsi minimum səviyyədədir. Seroloji testlər İspaniyada 35 min, Türkiyədə 153 min nəfər arasında keçirilib, həmçinin Almaniya, İsveçrə, Hindistan və digər ölkələrdə də aparılıb. Ölkəmizdə aparılan seroloji testlər başa çatandan sonra elmi tədqiqatların nəticələri barədə məlumat veriləcək
Qeyd edək ki, ilkin mərhələdə tədqiqatların Bakı, Sumqayıt və Gəncə şəhərlərində aparılması planlaşdırılır. Tədqiqatlar dövlət tərəfindən alınaraq ölkəyə gətirilmiş Almaniyanın EUROIMMUN şirkətinin istehsalı olan reaktivlərlə aparılacaq.
Aygün ƏZİZ