Ölkəmizdə azyaşlı uşaqların törətdiyi cinayətlərin sayı artmaqda davam edir. Uşaqların seksual xarakterli cinayətlər törətməsi də diqqətdən yayınmır. Mütəxəssislər hesab edirlər ki, 14-17 yaşlı uşaqlar arasında seksual xarakterli cinayətlərə meyl məlumatsızlıqdan irəli gəlir. Ailələrdə, məktəblərdə uşaqlara bu kimi davranışlar öyrədilmədiyi üçün uşaqlar öz hisslərini, maraqlarını hansısa üsulla ödəmək üçün müxtəlif cinayətlərə əl atırlar.
Sosioloq Mehriban Nəsib 11 yaşından başlayaraq uşaqlarda seksual yetişmə başladığını bildirir. Onun sözlərinə görə, digər ölkələrdə, xüsusilə Qərb ölkələrində məktəblərdə uşaqlara seksual təhsil verilir.
Bundan əlavə, ekspertin dediyinə görə, Qərb ölkələrindəki ailələrdə valideynlər də uşaqlara seksual həyat barədə danışırlar: “Amma Azərbaycan mentalitetində bu, normal qarşılanmır. Problem ondadır ki, ailələrin 90 faizində valideynlər övladlarına cinsi münasibətlər haqqında məlumat vermirlər”.
“Şəxsən mən ABŞ-da yaşayıram, ABŞ təhsilliyəm, amma oğlumla bu barədə danışmamışam. Mən danışmamışamsa, bu, o deməkdir ki, çox valideynlər danışmırlar. Məndən psixoloqlar soruşurlar ki, siz övladınıza qadın-kişi münasibətləri, cinsi orqanları, uşağın əmələ gəlməsi və qoruyucular haqqında məlumat vermisinizmi? Mən övladıma bu barədə danışmamışam” — Nəsib qeyd edir.
Müsahibimiz bildirir ki, xarici ölkələrdə valideynlər övladları ilə dost olduğu üçün uşaqlar arasından cinsi zorakılıq zəminində cinayət hadisələri çox nadir hallarda baş verir: “Avropada, Amerikada artıq 14-17 yaşında olan uşaqlara qoruyucu vasitələr, arzuedilməz hamiləlik və s. barəsində məlumat aşılanır. Azərbaycanda isə uşaqlara bu barədə məlumat verilmədiyi üçün ölkədə cinsi xarakterli cinayətlər çox olur”.
Sosioloqun sözlərinə görə, 11 yaşından sonra uşaqlar öz cinsi hisslərini biruzə verirlər: “Qərbdə buna normal yanaşılır. Biz isə uşaqlarımızda cinsi hisslər görəndə, onları döyürük. Amma biz uşaqları döyməməli, onlara vəziyyəti başa salmalıyıq. 12-13 yaşında uşaqların cinsi hissləri olur. 13 yaşında oğlan uşağının cinsi hissinin olmaması, marağı olmaması yaxşı deyil, bu, faciədir. Bu, onların yaşı üçün çox normaldır”.
“Qərbdə bu yaşda uşaqların cinsi həyata başlamasına normal baxırlar. Amma bizim ölkədə qız uşağının bakirəliyi çox önəmlidir. Bakirəliyin itirilməsi ölümə bərabərdir. Heç oğlan uşağının da bu yaşda cinsi istəyinin olmasına müsbət yanaşmırıq” — M. Nəsib əlavə edir.
O, hesab edir ki, seksual xarakterli cinayət hadisələrinin qarşısını almaq üçün uşaqları məlumatlandırmaq çox önəmlidir: “Buna görə də məktəblərdə psixoloqlarla yanaşı sosial işçilər də olmalıdır. Amma bizim məktəblərdə psixoloq vəzifəsində məktəb direktorlarının qohumları çalışır. 70-100 manat hər nədirsə, bu pulu həmin şəxslər alırlar. Və onlar uşaqların problemləri ilə maraqlanmırlar. Amma xarici ölkələrdə psixoloqlar 7-17 yaşlı uşaqların bütün problemləri ilə maraqlanırlar”.
Sosioloq bildirir ki, 14-17 uşaqlarda seksual maraqların olması vacibdir, amma bu seksual maraqlar kiməsə zərər verirsə, onların problemləri ilə böyüklər maraqlanmalı, onları hər hansı bir sahəyə yönəltməlidir: “Biz çalışmalıyıq ki, uşaqları istədikləri sahəyə yönəldək və 14 yaşı olanda onun başı öz sahəsinə qarışmış olsun”.
“Güzgü” Dəyişim və İnkişaf Mərkəzinin icraçı direktoru, psixoloq Fərqanə Mehmanqızı deyir ki, hər bir insanın müəyyən cinsi yetişkənlik dövrü var: “Ən sürətli yaş dövrü 14-17 yaş arası yeniyetmələrdədir. Belə ki, bu dövr uşaq və yeniyetmələrin cinsi yetişkənlik dövrlərinin içərisində ən kritik dövr hesab edilir. Çünki bu dövrdə həm orqanizm, həm də psixoloji həyata baxış yenilənir”.
“Xarici görünüşdə sürətli dəyişiklik, özlərinə və həyata olan münasibət, ətrafın onlara olan münasibətləri bu dövrdə təməl nöqtəsi qoyulan hallardir. Məhz bu dövrdə uşaq və yeniyetmələrin cinsi tərbiyəsi özünü daha aktiv göstərir” — psixoloq bildirir.
Mehmanqızının sözlərinə görə, bu yaşda uşaqlar özlərini tanımağa, cinsi hisslərinin dərəcələrini öyrənməyə çalışırlar: “Onlara maraqlı gələn məqamlardan biri də yeni hisslərdir. Daha əvvəl qoyulmuş hisslərin korreksiyası təməl tərbiyədən çox asılıdır: “Formalaşmış şəxsiyyət bu dönəmdə öz xarakterinə uyğun davranmağa başlayır. Aqressiv uşaqlar aqressiv cinsi hərəkətlərə daha meylli olur, lakin xarakteri düzgün formalaşmış, travmasız, özünəgüvəni olan yeniyetmələr bu dövrü daha sakit, daha təmkinli yaşayırlar”.
Hüquqşünas Elnur Aslanov isə bildirir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 20-ci maddəsinə əsasən, zorlama və seksual xarakterli zorakılıq hərəkətlərinə görə cinayət məsuliyyət üçün minimum yaş həddi 14 yaş nəzərdə tutulub: “Lakin təhlil olunan digər əməllərə görə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün isə onun cinayəti törədənədək 16 yaşına çatması tələb olunur. Bu da 20.1-ci maddənin tələbindən irəli gəlir”.
“Yetkinlik yaşına çatmayanlara qarşı cinsi zəmində müxtəlif zorakılıq halları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 20-ci fəslində ehtiva olunan şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 149-cu maddəsinə uyğun olaraq, yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilən zorlama cinayəti 5 ildən 10 ilədək, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə isə 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır” — Aslanov qeyd edir.
Onun sözlərinə görə, digər zorakılıq hallarına qarşı da cəza tədbirləri nəzərdə tutulub: “Belə ki, Məcəllənin 150-ci maddəsi ilə yetkinlik yaşına çatmayan şəxslərə münasibətdə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətlərinə görə 5 ildən 8 ilədək, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədilən analoji cinayətlərə görə isə 8 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Bu kimi hərəkətlərə məcbur etmə isə 1 ildən 2 ilədək müddətə islah işləri və ya 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Hüquqşünas deyir ki, yetkinlik yaşına çatmayan şəxsin könüllü razılığı ilə baş verən cinsi əlaqə halları da cinayət məsuliyyətinin yaranmasına səbəb olur: “Bunun bariz nümunəsi kimi Cinayət Məcəlləsinin 152-153-cü maddələrinin tətbiqi zəruridir. Belə ki, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər 3 ilədək azadlıqdan məhrum etmə, zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə isə 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Şübhəsiz ki, həmin əməllər 14 yaşına çatmayan şəxsə qarşı törədildikdə fərqli cəza tədbirləri nəzərdə tutulub. Bu halda 14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzası, zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə isə 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
“Bir məsələni də nəzərə almaq lazımdır ki, qanunvericiliyin tələbinə əsasən, bu növ cinayətlərə görə məsuliyyət həmin əməlləri törətmiş şəxslə zərərçəkmiş şəxsin yaş fərqi iki ildən çox olduqda yaranır. Cinayət Məcəlləsi qeyd olunan cinayətləri törətmiş şəxslərin statusu və zərərçəkmişə münasibətdə mövqeyi baxımından da cəzanı fərdiləşdirmiş və spesifikliyi nəzərə almışdır. Belə ki, Məcəllənin 152-ci maddəsinə görə, yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən 14 və 16 yaşına çatmayan şəxslərlə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin vəzifəli şəxslər tərəfindən 14 və 16 yaşına çatmayan şəxslərə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır” — deyə E. Aslanov vurğulayır.