“Kempinski” otelində baş tutan şənlik mərasiminin təfərrüatları haqda Xoşqədəm Hidayətqızı publika.az-a müsahibəsində ətraflı bəhs etdi. Gencaile.az həmin müsahibəni ixtisarla təqdim edir:
“Doğuş dedi, bilmirsənmi, neçə əsgəriniz şəhid olub?!”
– Xoşqədəm xanım, bu izdivac çoxları üçün gözlənilməz oldu. Bir neçə ay əvvəl Doğuşla fotolarınız yayılsa da, bu xəbərə inanmayanlar da vardı. Sizin tanışlığınız nə vaxt olmuşdu?
– (gülür) Nə demək istəyirsən? Deyirsən, ilk tanışlığı danışım? Hər şeyi açıqlayım? Yox…
– Heç olmasa, mümkün olanları.
– Bircə onu deyim ki, 6 ay evlilik təklifini qəbul etmədim. Düşünürdüm ki, biz fərqli cameənin üzvləri, nümayəndələriyik. O, sənətçi, mən jurnalist. Bu səbəbdən onun təklifi ilə razılaşmadım. Mənim fikrimi onun bir addımı dəyişdi. Avqustda Doğuşun burda konserti olmalıydı. Cəbhədə gərginlik yaşanırdı, neçə-neçə oğlumuzu qurban verdik. Bundan 2 gün sonra konsert olmalıydı, artıq biletlər də satılmışdı. Tədbirin təşkilatçıları zəng edib bildirdilər ki, Xoşqədəm xanım, bir xahiş etmək istəyirik, biz konserti təxirə salmaq istəyirik. Doğuşla yaxınsınız, istəyirik, bunu ona siz deyəsiniz. Razılaşdım, gəldim hazırlıq işlərinin aparıldığı yerə, kefsiz halda Doğuşa dedim ki, səninlə bir az söhbət etmək istəyirəm. O, söhbət etməyə razılaşdı, amma konserti təxirə salmaq istədiyini bildirdi. Dedi ki, sən bilmirsənmi, neçə əsgər şəhid olub?! Bu qədər hərbçinin şəhid olduğu halda insanların qarşısına çıxıb konsertmi verəcəm?! Yaraşmaz!!! Biz bir millət, iki dövlətik, burda şəhid olan mənim qardaşım, doğmamdır. Konsert olmayacaq. Çox duyğulandım. Elə oradaca dedim ki, Doğuş, mən sənin evlilik təklifin haqda düşünürdüm. Qeyd edim ki, o, mənə evlilik təklif edəndə hətta “yox” cavabımla razılaşmamışdı. Demişdi ki, düşün. Elə oradaca bildirdim ki, Doğuş, sənin bu addımın, vətənpərvərliyin məni duyğulandırdı. Evlilik təklifinə “hə” deyirəm, səninlə bir ömür yol getməyə dəyər. Bununla da onun evlilik təklifini qəbul etdim.
“…Ağladım”
– Toy necə keçdi?
– Buna toy mərasimi deməyək. Nikah mərasimi olmuşdu. Düzdür, burada düşünüldüyünə rəğmən, Türkiyədə dəbdəbəli toy olmamışdı. Doğuş, mən və bizim nikah şahidlərimiz bir araya gəlmişdik və rəsmi nikah mərasimi keçirilmişdi. Ancaq biz mənim çox sevdiyim insanlar, dostlar, hörmət bəslədiyim ziyalılar, ictimai-siyasi xadimlərimizi, sənət adamlarımızı bir araya gətirməyi, Yeni il öncəsi şad günümüzü, xoşbəxtliyimizi onlarla paylaşmağı qərara aldıq. Çox şükür ki, Allah bunu bizə nəsib etdi. İnanılmaz bir mərasim oldu. Sevinirəm ki, ora gələn hər kəs dincəlib. Çoxlu mesajlar, təbriklər aldım, xeyli zənglər gəldi. İştirakçılar bildirdilər ki, biz, həqiqətən də, istirahət etdik. Mənə ən çox xoş təsir edən o idi ki, gecə saat iki olsa da, heç kəs evə getmək istəmirdi. Sizin simanızda tədbir haqqında gözəl yazılar yazan həmkarlara, bütün həmkarlarıma təşəkkürümü bildirirəm.
– Ən gözəl toy təbrikini kimdən aldınız?
– ATV rəhbərliyindən. Əslində, hər kəs məclisdə iştirak etdi. Səhər gözəllik salonundaydım. Bir də gördüm ki, çoxlu güllər, çiçəklər göndərilib. Ağladım. Mən iş yerimə öz evim, ailəm kimi baxıram. Ailəmin namusu, şərəfi mənimçün nə qədər doğma, əziz, önəmlidirsə, iş yerimdə də namus, şərəf o qədər dəyərlidir. Bəzən istirahətim olmaya bilər, kimsənin mənə etiraz etməsi, məni danlaması mümkündür, çox işləyə bilərəm. Amma mənimçün ailə, günümün çox saatını çalışdığım o yer namus, şərəf yeridir. Ailəmin – ATV rəhbərliyinin bu diqqətinə çox sevindim, gözlərim doldu. Çiçəklərə baxdım. Fürsətdən istifadə edib məclisin xoş keçməsi üçün mənə pozitiv enerji bəxş edən rəhbərliyimizə, Vüqar müəllim başda olmaqla ATV-nin bütün heyətinə, xüsusən Rauf Dadaşova təşəkkürümü bildirirəm. Çünki ilk xoş təbrikləri, gözəl çiçəkləri onlardan – ailəmdən almışdım.
“Dedim, aman Allah, bu insan necə sevgisiz, mərhəmətsizdir!”
– Bəyin ayağını tapdadınız?
– Yox e…(gülür)
– Unutdunuz?
– Unutmadım. Bilirdim ki, Doğuş qoymayacaq. Türkiyədə nikah mərasimində də buna cəhd etmişdim.
– Bəlkə, burda alınacaqdı?
– Alınmadı, gördüm ki, mən ayağımı yaxınlaşdırdıca o, ayağını çəkir. Önəmli olan hörmətdir. Bunlar təbii ki, adət-ənənələrdir. Ailə çox önəmlidir, müqəddəsdir.
– Toyun ən çox yaddaqalan məqamı hansıydı? Duet?
– Yox, duet ssenarimizdə vardı. Murad (Dadaşov – müəl.) dedi ki, sən də sürpriz et. Belə olmaz axı. Sənə sürprizi ancaq kişi edir. Ona görə də bir həftə onu oxumağa mənə Doğuş da kömək etdi. Ssenari vardı, amma o, bir kənarda qaldı. Anidən hər şey dəyişdi. Amma indi oturub toyun görüntülərinə baxanda görürük ki, hər şey necə təbii, gözəl alınıb. Mənimçün yaddaqalan odur ki, ssenari pozuldu və hər şey möhtəşəm keçdi. Bir də ən çox xoşum gələn aşın gətirilməsi idi. Bu, milli adət-ənənələri göstərən bir şey idi.
– Yeri gəlmişkən, türk mətbuatı da bu toydan yazdı. Necə qarşıladınız?
– Bilirsinizmi, hətta ən pis qadın, cinayətkar bir kişi, ən pis insan belə ailə qurmağa razı olursa, ailə qurursa, onun qarşısında baş əymək lazımdır. Bu, bir sevgililik, qeyri-rəsmi ilişki deyil. Bu millət üçün ailə qutsal, müqəddəs bir qurumdur. Məni üzən bilirsiniz nə oldu? Buna şəxsi müstəvidən yanaşdılar. Dilinə “xoşbəxt ol” sözünü gətirə bilməyən o insanları görəndə üzüldüm. Dedim, aman Allah, bu insan necə sevgisiz, mərhəmətsizdir. Onun sonu necə olacaq?! Həmin insan üçün acıdım, mən onsuz da xoşbəxtəm.
“Təbii ki bu, sonucda böyük söz-söhbətlərə gətirib çıxara bilər”
– Uzaq yerlərə, təhlükəli ərazilərə tez-tez gedirsiniz. Həyat yoldaşınız bundan sonra ona icazə verəcəkmi?
– O, məni çox qoruyur. Əslində, bizi birləşdirən ümumi dəyərlər var. Ən böyüyü sevgidir. Doğuş da, mən də yaradıcı insanlarıq. O da öz sahəsində daha böyük nailiyyətlərə imza atmaq üçün çalışır. Konsertlər, səfərlər, qastrollar…
– Yaxşı, bəs bunları necə əlaqələndirəcəksiniz?
– Heç bilmirəm.
– Məsuliyyət daha da artıb, artıq ortada ailə yükü var.
– Açıq elan edirəm: mən ailənin bu qədər çətin olduğunu bilmirdim. İndi o qədər çətindir ki. Məsələn, mən səhər saat 7-də oyanıb, işə gələ bilirdim. İndi səhər saat 7-də oyananda soruşur ki, hara gedirsən? İş saat 7-də başlamır axı (gülür). Bəs biz səhər yeməyini yeməyəcəyik? Necə olacaq? Yeri gəlmişkən, biz bir həftə birlikdə səhər yeməyi yeməmişik. Mən hər gün səhər saat 7-də oyanıb, evə gecə axşam 12-də qayıtmışam. Nə səhər, nə günorta naharını, nə də şam yeməyini birlikdə yemişik. Təbii ki, bu, sonucda böyük söz-söhbətlərə gətirib çıxara bilər. Çox ağır yükdür. Onun fanatları, konsertləri… Mənə ilk olaraq bunu demişdi ki, qısqanclığı sevmirəm. Məsələn, kimsə gəlib məni qucaqlaya, öpə bilər. Bütün bunlara normal yanaşmaq lazımdır.
“Qaynar həyata öyrəşən adam yataqda necə qalacaqdı?”
– Belə anlara hazırsınız?
– Təbii, hazıram. Çünki mən inanıram. İnam və güvən olan yerdə, nə olur-olsun, sənə heç nə təsir etmir. Yadımdadır, hava limanında çox gözəl bir qız bizə yaxınlaşdı. Dedi ki, foto çəkdirmək istəyirəm. Gördüm ki, Doğuş məni qıza yaxınlaşdırdı. Dedim, əzizim, o, səninlə şəkil çəkdirmək istəyir. Qıza dedim ki, ona sarıl. Doğuş sonra soruşdu ki, bunu ironiya ilə etdin, yoxsa istədin? Cavab verdim ki, istədim.
– Ailə qurmaqla həm də müəyyən çərçivəyə düşürsünüz.
– Elədir.
– Daxilən buna da hazırsınızmı?
– Hazıram deyəndə ki, artıq heç bir istəyim yoxdur. Ailəm haqqında düşünürəm.
– Xoşqədəm xanım, bəs siz özünüz həyatda kimi, yaxud nəyi axtarırsınız?
– Özüm xoşbəxtlik, ailə axtarırdım. İstəyirdim, yuvam olsun. Çünki böyük bir ailədə böyümüşəm. 12 bacı-qardaş olmuşuq. O ev, oradakı təklik məni sıxırdı. Həyatda hər şeyim var, Allah mənə sağlamlıq verib, əlim-ayağım, hər şey normaldır. Bir övladım var. Yeməyə bir tikə çörək tapıram. Amma o çörəyi axşam bərabər yeyəcəyim, birlikdə oturacağım, söykənəcəyim həyat yoldaşım yox idi. Doğuşun çox gözəl sözü var: həyatımızın ikinci baharını yaşayırıq. Allah ikimizə də 40 yaşımızda o baharı nəsib etdi.
– Oğlunuz barədə də danışaq. Səhv etmirəmsə, hələ təhsilini davam etdirir.
– Xaricdə təhsil alır. 19 yaşı var. O, mənim bu addımıma normal yanaşdı. Mənim əzizlərim, hər bir qadının istədiyi yaşda ailə qurmaq, xoşbəxt olmaq haqqı var. Buna sayğı ilə yanaşın. Övladımı körpə ikən uşaq evinə atsaydım, onu yad bir atanın evində böyütsəydim, yaxşı olardı? Yox. Mən övladımı böyütdüm, boya-başa çatdırdım. “Həyata atıl və bundan sonrakı həyatın sənindir” dedim və sonra öz həyatımı qurdum. Məncə, buna hörmətlə yanaşmaq lazımdır. Çox şükür ki, övladım buna hörmətlə yanaşdı. Onunla Doğuş çox yaxşı dostdurlar. Bir-birlərini gözəl başa düşürlər.
“Ən böyük arzum 70 yaşıma qədər reportyor olmaqdır”
– Artıq ailə qurdunuz. Daim ictimai-siyasi proseslərdə iştirak etmisiniz. Hətta ötən parlament seçkilərindən birində namizəd olmusunuz. Qarşıdan gələn növbəti seçkilərdə iştirak edəcəksinizmi?
– Yox…
– Karyera..?
– Xeyr, bunların heç birini istəmirəm. Allah mənə bir istedad verib – yazmağı bacarıram. İşimdən çox razıyam. Düzdür, çətindir, ağırdır, amma heç bir iddiam yoxdur. Vəzifə, seçki – bütün bunlar hamısı 2005-ci ildə qaldı. Bu haqda düşünmürəm və belə bir istəyim, iddiam yoxdur. Öz işim, verilişim. Verilişimə insanlar ümid yeri kimi baxırlar. Bunlardan başqa heç bir şey haqqında düşünmürəm. Vəzifə və ya seçki haqqında düşünmürəm. Yalnız və yalnız jurnalist fəaliyyəti. Sevdiyim işlə məşğul olmalıyam və oluram. Vəzifəyə, kresloya, hər hansı çərçivəyə sığan adam deyiləm. Mən vəzifə adamı deyiləm.
– Vəzifə adamı olmadığınızı dediniz. Amma vəzifəniz var. Sizə elə gəlmir ki, o, arxa plana keçib?
– Hansı?
– Baş redaktor vəzifəsi…
– Hə, düz deyirsiniz. Yadınızdadırsa, o qəzet də “Səni axtarıram” kimi uğurlu layihədir. Necə böyük bir qəzet yaratmışam. Doğru deyirsiniz, bu veriliş çox vaxtımı alır.
“Məni göndərin, gedim reportajlar hazırlayım”
– Bəs sizin baş redaktor səlahiyyətləriniz?
– Səlahiyyətlər məndədir.
– Amma işinizi əməkdaşlarınız icra edir.
– Hə, əməkdaşlar icra edir. Sağ olsun uşaqlar, 4-5 ildə mənə çox kömək, yardım etdilər. Düşünürəm ki, qəzetdə də işləri gücləndirmək lazımdır.
– Düşünürsünüz, amma etmirsiniz.
– Çünki veriliş çox ağırdır. İndi də günümün müəyyən hissəsini Doğuşa, evə ayırmışam. Bu, istər-istəməz işimə təsir göstərir. Hətta işçilərimiz, komandamızın üzvləri də deyirlər ki, Xoşqədəm xanım, xəbəriniz varmı, verilişə bir qədər az vaxt ayırırsınız. Çünki bütün gün televiziyada olmuşam. Gecədən səhərə kimi çalışmışam. Çəkilişlər, uzun yollar. Rusiyanın bu şəhərindən o şəhərinə getmişəm. Hava limanlarında saatlarla gözləmək də adamı yorur. Təsəvvür edin ki, bəzən yorğunluqdan utanmadan dəmir stolların üstündə uzanıb yatırdım. 8-10 saat yuxusuz qaldığım vaxtlar olub. Əfqanıstanda 10 saat yatmadım. Bütün bunlar çox ağırdır və mənim digər işlərimə təsir edir. Siz vəzifəmdən danışdınız. 2015-ci ildə mətbuatda çalışmağımın 20 ili tamam olacaq. Həmin redaksiyadakı otaq 15 il mənim olub. Əməkdaşlarımızdan soruşa bilərsiniz, heç kim deməz ki, Xoşqədəm öz otağındakı kresloda oturub. Həmişə ya köməkçinin, ya da jurnalistlərin otaqlarında əyləşmişəm. Yalnız və yalnız kimsə qonaq gələndə kabinetə keçmişəm. Mənimki reportyorluqdur. Göndərin, gedim reportajlar hazırlayım. Bir yerdə oturmağı bacarmıram. Ən böyük arzum 70 yaşıma qədər reportyor olmaqdır. Gedim qaynar nöqtələri gəzim, oralardan reportajlar hazırlayım. Haradasa tapıntı edim. Əgər vəzifədə, kresloda olsam, inanın ki, qısa zamanda qarşınızda qoca bir qadın görərsiniz. Arzum odur ki, dünyanın qaynar yerlərindən reportajlar hazırlayım. Suriyada, Əfqanıstanda, İraqda jurnalist kimi fəaliyyət göstərmək istəyirəm.