ders

Qarışıq təhsil formatının yaradacağı problemlərin həlli mümkündürmü?

Baxış sayı: 971

Yeni tədris mövsümünün başlanmasına sayılı günlər qalır. Koronavirus pandemiyasının gətirdiyi çətinliklər  təhsildən də yan keçmədi. Hazırda müəllimlər və şagirdlər, tələbələr və valideynlər tədrisin başlanmasını səbirsizliklə gözləyirlər. Qeyd edək ki, pandemiya üzündən hazırkı tədris ilində ümumi təhsil məktəblərində hibrid (qarışıq) tədris modelinə – əyani və onlayn tədrisə yer veriləcək. Artıq  hökumət təhsil müəssisələrində yeni dərs ilində hibrid təhsil formasına ( əyani +distant) keçidlə bağlı rəsmi qərar verib. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun təşkil olunacaq. Belə ki, ümumi təhsil müəssisələrində dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən), V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant (məsafədən), X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant (məsafədən) formalarda başlayır.

Dərslər epidemioloji vəziyyətdən və məktəbdə şagird sıxlığından asılı olaraq müəyyən edilmiş qaydada təşkil ediləcək. Həmçinin dərs cədvəllərinin tərtibatı təhsil müəssisələri tərəfindən həyata keçiriləcək. Valideynlər övladlarının hansı formada təhsilə cəlb olunması ilə bağlı seçim edə biləcəklər. Eləcə də, ibtidai sinif şagirdlərinin valideynləri sentyabrın 11-dən övladlarının əyani tədrisə cəlb olunmaları ilə bağlı məlumatı birbaşa təhsil müəssisələrindən əldə edə biləcəklər. Ümumi orta və tam orta təhsil səviyyələrində oxuyan şagirdlərin də virtual dərs cədvəlləri həmin tarixdən müəyyənləşəcək.

“Müzakirə”mizdə paytaxt və rayon məktəblərində tədris prosesinə hazırlıq işlərinin necə həyata keçirilməsi ilə maraqlandıq.

 

Müəllimlər və şagirdlər üçün çətin dövr

Təhsil eksperti Qoşqar Məhərrəmov belə bir dövrdə təhsilin tədricən açılmasını vacib hesab edir. Bununla belə, hesab edir ki, müəllimlər və şagirdlər üçün çətin bir  dövr olacaq: “Həm əyani, hən onlayn – hibrid təhsil modelinə müəllimlərin də, şagirdlərin də öyrəşməsi zaman alacaq. Hesab edirəm ki, bu dövr bir sıra proqramları müəllimlərə məcburi öyrətdiyi kimi, hibrid modelini də öyrədəcək. Əlbəttə, bu məsələdə valideynlərin üzərinə böyük öhdəlik düşür. Əks halda, keyfiyyət və effektivlik olmayacaq”. Ekspert hesab edir ki, müəllimlərin, bəlkə də tədrisin başlanğıcında yoxlanılması və məktəblərin prosesə bütünlüklə hazırlaşması lazımdır: “Dezinfeksiya işləri görülməli, dəhlizlərdə dezinfeksiya məhlulları qoyulmalı, hər bir məktəbə məsafədən hərarətin ölçüldüyü cihazlar verilməlidir. Bu tədbirlər görülməsə, əks halda məktəblərin yenidən qapadılması ilə nəticələnə bilər”.

 

Normalara uyğun olmaq üçün

Azərbaycan Pedaqoji Universitetinin müəllimi Xalidə Həmidova hazırda təhsil ocaqlarını gigiyenik tələblərə daha çox uyğunlaşdırmağa çalışdıqlarını deyir: “Təbii ki, əvvəlki tədris illəri fərqli idi. İndi pandemiya dövrünün qaydalarına uyğun tədrisə hazırlaşırıq. “Sağlam təhsil” siniflərinə metodiki dəstək göstəririk. Həmin siniflərdə dezinfeksiya işlərini həyata keçirmişik, gigiyenik şərtlərə uyğunlaşdırılmasını, ara məsafələrin düzgün qorunmasını tənzimləməyə çalışırıq ki, normalara uyğun olsun. Xəstəliyin genişlənməməyi üçün valideynləri də təlimatlandırırıq. Uşaqların məktəbə necə göndərilməsi ilə bağlı valideyn qrupları ilə sıx işləyirik. Bəzi valideynlər var ki, uşaqlarını məktəbə göndərmək istəmirlər. Təbii ki, burda psixoloji məqamlar var: onlar övladlarının xəstələnməsindən ehtiyat edirlər. Beynəlxalq səhiyyə təşkilatlarının məlumatlarına əsasən 12 yaşdan aşağı uşaqların yoluxma riskinin az olduğunu əsas gətirərək, valideynləri psixoloji baxımdan sakitləşdirməyə çalışırıq. Yəni valideyn bu məsələyə hazır olsun, məsuliyyətsiz yanaşmasın. Məsələyə fərqli yanaşan valideynlər var.  Onların hər biri ilə fərdi qaydada söhbətlər aparılır. İndi biz məsələləri daha  çox bu yöndə istiqamətləndirməyə çalışırıq. Müəllim isə öz işinə, həmişəki kimi hazırdır”. X.Həmidova deyir ki, müəllimlərin onlayn tədrisi ilə bağlı Təhsil Nazirliyi tərəfindən təlimlər keçirilib ki, onlar hər iki halda – həm distant, həm əyani təhsil zamanı təlimi düzgün apara bilsinlər: “Bu il artıq bütün zonalar üzrə müəllimlər təlimlərdən keçdilər və sertifikatlaşdırıldılar. Mənə elə gəlir ki, martdan bəri olan çətinliklər bu tədris ilində daha az olacaq.  Ən böyük çətinliyimiz bölgələrdə, ucqar dağ rayonlarında internetin zəifliyi və olmaması ilə bağlı məsələləridir.  Bu baxımdan, ola bilsin ki, bəzi çətinliklər olacaq. Amma şəhərdə belə bir çətinlik olmayacaq”. Ali məktəblərə gəlincə, X.Həmidova bildirir ki, birinci kurslarda dərslər offlayn keçiriləcək. Digər kursların isə onlayn keçirilməsi qərara alınıb: “Hazırda fakültə olaraq bütün dərslərin, mühazirələrin elektron bazasını yaratmağa çalışdıq. Tələbələrə vəsaitləri elektron formada, ilin əvvəlindən çatdıraq ki, internetə qoşula bilməyənlərin də əlində vəsaitlər olsun. Bu şəkildə, hal-hazırda hazırlıqlarımız davam edir”.

Tədrisdə hibrid modeli

Qaydalara əməl etməyimiz sayəsində…

Masallı rayon 1-ci Yeddioymaq kənd məktəbinin ibtidai sinif müəllimi Gövhərxanım Mirzəzadə hesab edir ki, sosial məsafəyə, pandemiya qaydalarına əməl olunarsa, tədrisdə uğur qazanmaq olar: “Hər gün şagirdlərlə əlaqə saxlayıram. Pandemiyanın qaydalarına əməl olunması ilə bağlı onlara məlumat veririk. Şagirdlərim də, özüm də dərsə hazırıq. Bilirsiniz ki, hibrid təhsil modelində həm onlayn, həm də əyani dərs keçiləcək. Belə ki, rayon yerlərində 3, şəhər məktəblərində 2 gün əyani dərs olacaq, qalan günlər isə virtual dərslər keçiriləcək. Bu baxımdan, işlərimizi bu modelə uyğunlaşdırırıq”. G.Mirzəzadə istisna etmir ki, kənd məktəblərində onlayn dərslərə qoşulmaq üçün şagirdlərin internetə çıxışı ilə bağlı problemlər olacaq: “Kənd məktəbində hər bir şagirdin internetə tam çıxışı yoxdur. Hansı şagirdlər ki, dərsdən geridə qalmışdı, çatışmazlıqları təmin edə bilmək üçün onlarla da əlaqə saxladım. Keçən tədris ilində öz şagirdlərimi, demək olar ki, dərslərə cəlb edə bildim. İndi də şagirdlər məktəb üçün darıxdıqlarını deyirlər. Hesab edirəm ki, çalışqanlığımız və qaydalara əməl etməyimiz sayəsində tədris ilinin çətinliyinin öhdəsindən uğurla gələ biləcəyik”

 

Layihə əsaslı dərslərə üstünlük

Şəmkir rayon Morul tam orta məktəbin coğrafiya müəllimi Aytac İsgəndərli yuxarı siniflərlə bağlı hazırlıqların davam etdiyini deyir: “Təbii ki, özü-özlüyümdə planlaşdırma aparıram. İstəyirəm ki, distant təhsil maraqsız alınmasın. Layihə əsaslı dərslərə daha çox üstünlük verməyi düşünürəm. Yəni distant təhsil olsa belə şagirdlər onların üzərində daha çox işləsinlər. Tutaq ki, onlara bir mövzu verdim, onun əsasında təqdimat hazırlamalarını istəyəcəyəm. Ona görə, hər hansı fənni onlara təqdimat formasında keçməyi planlaşdırıram. Əyani keçəcəyimiz dərslərdə isə təbii ki, bir az çətinlik olacaq. Ancaq hesab edirəm ki, öhdəsindən gələcəyik”. A.İsgəndərlinin sözlərinə görə, distant və əyani formadan asılı olmayaraq, şagirdlərlə əlaqə vacibdir: “Hansı dərslər çətindirsə, əyani keçəcəyimiz vaxtlar onlarla daha çox məşğul olmalıyıq. Yəni daim şagirdlərlə işləmək lazımdır. Hibrid təhsildə daim uşaqlara əlaqə yaratmalıyıq. Uşaqların virtual dərslərdən yayınmasının qarşısını almaqdan ötrü dərsləri daha çox maraqlı keçmək, tapşırıqları layihə əsaslı verməyi düşünürəm. Yəni uşaqların diqqətini yönəltmək üçün müxtəlif üsullardan istifadə etmək lazımdır. A.İsgəndərlinin sözlərinə görə, çalışdığı rayonda şagirdlərin virtual təhsili üçün mobil cihazlar var: “Rayon mərkəzi olduğu  üçün bu cür problem, demək olar ki, yoxdur. Hansısa uşaq üçün problem olanda sinif yoldaşlarının, qonşularının köməyi ilə həll edir. Bu baxımdan tədrisin öhdəsindən gəlirik”.

 

Pandemiya daimi olmadığı üçün

Şamaxı rayon Qonaqkənd kənd məktəbinin tarix müəllimi Elxan Cəbiyev ucqar dağ kəndində çalışır. Deyir ki, məktəbdə uşaq sayı az olduğuna  görə şagirdlərin hazırlaşmasında elə də problem olmur: “Bölgülərə ehtiyac qalmır. Yəni sinifdə  2-3, 5-7 nəfər şagird sayı olur”. E.Cəbiyevin fikrincə, pandemiya dövründəki təhsil göstəriciləri ənənəvi təhsil dövründən zəif olacaq: “Kəndlərdə elə məktəblər var ki, onlarda internet problemi var. O kəndlərlə əlaqə saxlamaq olmur. Bu baxımdan distant təhsil onlara uyğun olmayacaq. Ona görə, elə hesab edirəm ki, bu dövrdə təhsildə xeyli gerilik yaranacaq. Bəlkə bunu şəhər məktəblərinə aid etmək olmaz. Amma kənd yerlərində internet problemi və ağıllı telefonların azlığı şagirdlərə təhsili tam formada çatdırmağa imkan verməyəcək. Elə ailələr var ki,  onlarda heç telefon xətti yoxdur. Ona görə, təhsildə gerilik özünü mütləq şəkildə büruzə verəcək. Amma pandemiya daimi olmayacağı üçün hesab edirəm ki, çətinliklərin öhdəsindən gələ biləcəyik”.

 

Təranə Məhərrəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir