tv

Xarici kanallara qaçan tamaşaçımızı necə geri qaytara bilərik?

Baxış sayı: 874

Hazırda Azərbaycan telekanallarının ən böyük problemlərindən biri tamaşaçı qıtlığıdır. Statistikaya görə, tamaşaçılarımızın yarısından çoxu xarici kanallara baxır. Bu statistika üzərində ciddi şəkildə düşünmək, tamaşaçımızın niyə xarici kanallara yönəldiyini aydınlaşdırmaq lazımdır. Geniş araşdırmaların aparılması, tamaşaçının yerli kanallardan imtina etmə səbəblərinin təsbit edilməsi vacibdir. İşə üzdə olan, bilinən problemləri ən qısa zamanda həll etməklə başlamalıyıq.

Azərbaycanlı tamaşaçı xarici kanallarda nəyə maraq göstərirsə, yerli kanallarımız imkanlar daxilində daha yaxşısını təqdim etməyə məcburdur. Hansı verilişlərə baxılırsa, həmin layihələrin yerli versiyaları hazırlanmalıdır. Bu və oxşar məsələlərdə telekanallara maksimum azadlıq verilməlidir. Özəl telekanal azad bazar iqtisadiyyatına uyğun şəkildə, biznes maraqları ilə fəaliyyət göstərməlidir. Qadağalarla, məhdudiyyətlərlə televiziyanın inkişaf etməsi mümkün deyil.

Televiziyada nəyin olub-olmayacağına, hansı mövzuda proqramların yayımlanıb-yayımlanmayacağına əlində pult olan tamaşaçı qərar verməlidir.  Təbii ki, müəyyən qanunlar çərçivəsində. Bu çərçivəni isə dünyadakı tendensiyaya uyğun şəkildə, maksimum genişləndirmək lazımdır ki, telekanallarımız inkişaf edə bilsin. Özəl televiziyanın qorxacaq yeri ancaq tamaşaçı itirmək olmalıdır.

Televiziya və ümumilikdə media bir biznes sahəsidir və bu sahənin inkişafı ümumi ölkə iqtisadiyyatının və ölkəmizin dünyadakı imicinin də xeyrinədir. Məsələ təkcə bu sahədə çalışanları deyil, cəmiyyəti, dövləti də maraqlandırmalıdır. Hamı bu sahənin inkişafı üçün əlindən gələni etməlidir.

Dünyadakı tendensiya ilə ayaqlaşmaq lazımdır. Dünya praktikasını məniməsəyib, addımlarımızı ona uyğun atsaq, faydalı nəticələr əldə edə bilərik.

 

Tematik kanallar: dünyada və Azərbaycanda 

Bu gün dünyanın ən böyük media güclərindən biri olan “CNN” 1980-ci ildə fəaliyyətə başlayanda insanlar “sadəcə xəbər verən kanala kim baxacaq?”deyirdi. Digər tematik kanallar yarananda da oxşar fikirlər səsləndirilib. Amma bu gün dünya teleməkanını tematik kanallarsız təsəvvür etmək mümkün deyil.

Dünyadakı tendensiya göstərir ki, insanların tematik kanallara marağı getdikcə artır. Zövqlər kütləvilikdən fərdiləşməyə doğru gedir. İnsanlar bir mövzu üzrə ixtisaslaşmış (sadəcə serial-film, idman proqramları, xəbər, sənədli film, realiti-şou və s. izləyə biləcəkləri) mənbələrə yönəlirlər.

Azərbaycanda isə 6 tematik televiziya fəaliyyət göstərir: uşaq kanalı “ARB Günəş”, musiqi kanalı “ARB Ulduz”, xəbər kanalı “ARB 24” və ümumrespublika yayımçılar – “İdman Azərbaycan”, “Mədəniyyət”, “CBC Sport” kanalları.

“ARB Günəş”in efir toruna nəzər salanda müəyyən dərəcədə müsbət halla rastlaşmaq mümkündür. Telekanal peyk üzərindən və kabel televiziya operatorları vasitəsilə yayımlanır. Açıq yayımda olmaması telekanalın daha geniş tamaşaçı kütləsinə xitab etməsini çətinləşdirir. Bu, kanalın reklam və sponsor götürmə imkanlarını da məhdudlaşdırır. Amma buna baxmayaraq, telekanal maddi imkanlar daxilində, azyaşlı tamaşaçılara maraqlı layihələr, xarici cizgi filmləri və s. təqdim etməyə çalışır.

“ARB Ulduz” özünü musiqi kanalı kimi təqdim etsə də, efir torunda fərqli layihələrə də yer verir. Telekanal yalnız peyk vasitəsilə yayımlanır və bu səbəbdən geniş tamaşaçı kütləsinə çata bilməmək və reklam götürmə problemi bu kanalda da mövcuddur. Telekanal efir torunu çeşidləndirib, özünü sadəcə musiqi deyil, əyləncə və musiqi kanalı kimi təqdim etsə, mövcud şərtlər çərçivəsində tamaşaçı kütləsini nisbətən artıra bilər.

Özünü xəbər kanalı kimi təqdim edən “ARB 24” də peyk və kabel operatorları vasitəsilə yayımlanır. Paytaxtda deyil Tovuzda fəaliyyət göstərməsi, ara-sıra digər bölgələrdən də xəbərlər, reportajlar hazırlasa da, əsas xəbər məhsulunun yerləşdiyi Bakıdan uzaqda olması və digər məlum səbəblər telekanalın daha geniş tamaşaçı kütləsinə xitab etməsini çətinləşdirir.

“CBC Sport” kanalının isə nisbətən uğurlu cəhəti keyfiyyətli vizuallıq ortaya qoymasıdır. Çeşidlilik baxımından isə ciddi problemlər gözə çarpır. Bu sahə üzrə fəaliyyət göstərən dünya telekanallarını örnək alaraq, fərqli, maraqlı layihələr həyata keçirmək mümkündür.

“İdman Azərbaycan” və “Mədəniyyət” kanallarına isə növbəti yazıda,“dövlət dəstəkli televiziyaların fəaliyyəti” başlığı altında daha geniş şəkildə yer ayıracağıq.

 

Azərbaycanda tematik telekanal ənənəsi inkişaf edə bilərmi? 

Azərbaycanda tematik kanalların inkişaf etməsi üçün səbəblər var. 2 başlıca sahə ilə bağlı tematik telekanalın uğur qazanma şansı yüksəkdir.

Birincisi, Azərbaycanda ümumrespublika yayımçısı xəbər kanalına ehtiyac var. Bu sahədə ciddi boşluq yaranıb. Bu sahədəki boşluq elə böyükdür ki, bu dəqiqə ölkədə dünya standartlarında, ən yüksək peşəkarlıqla fəaliyyət göstərəcək, böyük maddi-texniki bazaya malik xəbər kanalı olsa, reytinq baxımından ümumi əyləncə kanallarına çox ciddi rəqib ola bilər.  Hətta, ölkədəki bugünkü vəziyyəti də nəzərə alsaq, peşəkar xəbər televiziyasının həmin əyləncə kanallarının bir çoxunu rahatlıqla üstələyə biləcəyini də təxmin etmək çətin deyil.

Fərqli fikir və dünya görüşlərini, müxtəlif siyasi baxışları özündə əks etdirən, obyektiv, qərəzsiz, cəmiyyətin bütün problemlərinə operativ reaksiya verən, ancaq cəmiyyətin maraqlarına xidmət edən (təbii ki, bununla da öz biznesini inkişaf etdirən),  xəbərə dünya standartları çərçivəsində yanaşan xəbər kanalı teleməkanımız üçün böyük partlayış olar. Xüsusi jurnalist araşdırmaları, reportajlar, analitik verilişlər və maraqlı debat proqramları ilə zəngin kanala günümüz Azərbaycanında böyük tələbat var. Təbii ki, bunların olması üçün mövcud problemlər, çərçivələr, məhdudiyyətlər aradan qalxmalıdır.

İkinicisi, ölkə telekanallarının reytinq nəticələrinə nəzər salanda seriallara və kinoya böyük marağın olduğunu görürük. Reytinq sıralamasının ilk onluğunda 6-7 serial və ya film var. Azərbaycanda serial və film sahəsində ixtisaslaşmış telekanalın uğur qazanma şansı yüksəkdir.

Bu telekanal yerli serial və televiziya filmləri sahəsində ixtisaslaşmaya və milli kinomuzun  inkişafına güclü təkan verə bilər. Yeni rəqabət arealı yaradar. Ustalıqla seçilən xarici məhsuallar və kino sahəsi bağlı başqa layihələrlə də efir toru zənginləşdiriləcək kanal teleməkanımıza yeni nəfəs gətirər.

 

Televiziyadan təkcə “nə”yi yox, “necə”ni də tələb etməliyik

Baxış bucağını dəyişmədikcə dönüb-dolaşır, eyni yerə gəlib çıxırıq. Bu səbəbdən televiziyaya yanaşmamızda da tez-tez yanlışlığa düşürük. Problemlər isə qalmaqda və çoxalmaqdadır. Tərəflər – tamaşaçı və televiziyaçı öz yerini, hüququnu bilməyəndə vəziyyət daha da çətinləşir.

Adam var ki, Xoşqədəmin verilişini bəyənmədiyini deyir, hətta, verilişin bağlanması tərəfdarıdır, amma hər gün bir dəqiqəsini də qaçırmadan verilişi izləyir.  Anamdan da həmin proqramla bağlı xoş sözlər eşitmirəm, yıxıb-sürüyür ancaq. Amma verilişin vaxtı gələn kimi pult davasına başlayır.

Hansısa 2 saatlıq verilişin hər dəqiqəsini əzbər biləcək qədər diqqətlə izləyib, sonra həmin verilişdən şikayətlənməyin mənası yoxdur. Çünki televiziya kanallarının reytinq nəticələrində sizin həmin verilişi heyranlıqlamı, yoxsa söyə-söyəmi izlədiyiniz haqda məlumat olmur. Həmin nəticələrdə o verilişi neçə nəfərin izləməsi ilə bağlı göstəricilər yer alır. Televiziya da həmin rəqəmlərə uyğun şəkildə öz yayım siyasətini formalaşdırır.

Televiziyalar tamaşaçısına yanaşmada bir restoranın müştəriyə yanaşdığı kimi yanaşmalıdır. Xidmətdə qüsura yol verməməlidir ki, müştəri itirməsin. Tamaşaçı isə özünü restoranın sahibi, idarəçisi kimi aparmamalıdır.

“Telekanallarımız belə verlişlər yayımlasınlar”, “filan veriliş bağlansın”kimi tənqid və etirazlarla yanaşı, məsələyə başqa tərəfdən də baxmalıyıq. Telekanalların nəyi verib-vermədiklərini deyil, necə verdiklərini müzakirəyə açmalıyıq hər şeydən əvvəl. Bu halda daha faydalı nəticələr əldə edərik. Çünki Azərbaycan teleməkanında, bir qismini yuxarıda sadaladığımız çatışmazlıqları çıxsaq, çeşidlilik baxımından elə də ciddi problem yoxdur. Əsas problem çeşidliliyin içini doldurmaq məsələsində ortaya çıxır.

Məsələn, bir telekanalı “niyə xəbər buraxılışı yayımlayırsan?”, – deyə tənqid etmək düzgün deyil. Həmin telekanalı xəbər buraxılışında doğru olmayan, qərəzli xəbər verdiyi üçün tənqid etməliyik.

Xəbər buraxılışlarını şoulaşdıran, sujetləri gərəksiz fon musiqiləri ilə dolduranları tənqid edək. Ölkədə baş verən önəmli hadisələri, ictimaiyyətin problemlərini yetərincə işıqlandırmayan, onun yerinə boş, lazımsız, informativ yükü və xalqa heç bir faydası olmayan sujetləri “xəbər buraxılışı” adı altında bizə təqdim edənləri tənqid edək. Ən uyğun cəzalandırma yolu isə izləməməkdir.

Azərbaycanda televiziya bazarı o qədər də böyük deyil. Mövcud tamaşaçımızı qorumaq və xarici kanallara qaçanları geri qaytarmaq üçün təcili addımlar atmaq lazımdır. Televiziya kanalları ilk olaraq bu məsələni gündəmdə saxlamalıdır. Çözüm yolları axtarmalıyıq. Televiziyaçılar, cəmiyyət və dövlət olaraq bu işdə üzərimizə düşəni etməliyik.

Təbii ki, hamımız həqiqətən bu sahənin inkişafını istəyiriksə…

 

Toğrul Cəfər




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir