Koronavirus

Həm payız gəldi, həm də laqeyd yanaşdıq

Baxış sayı: 761

Son günlərin COVİD-19-a yoluxma rəqəmləri narahatedici səviyyədədir. Yəni artan templə gedir və görünən odur ki, vəziyyət hər keçən gün daha ciddi hal almağa başlayır. Yoluxma dinamikasının bu cür davam etməsi isə heç də arzuolunan hal deyil, çünki vəziyyət idarəolunan səviyyədən çıxa bilər.

Bu cür sürətli artımın səbəbləri ilə bağlı isə fərqli fikirlər, yanaşmalar var. Hələ yay aylarında deyilirdi ki, payıza doğru gündəlik yoluxma rəqəmlərində artım olacaq. Digər tərəfdən, bildirirlər ki, virusa yoluxma sayı bir müddət ciddi şəkildə azalmağa doğru getdi və insanlarda artıq virusdan qorunma qaydalarına riayət etməklə bağlı laqeydlik yarandı. Bəs bu artımın səbəbi nədir? Havaların soyuması, yoxsa laqeydlik, virusdan qorunmaya əvvəlki qədər ciddi yanaşmamaq?

İnfeksionist Mərdan Əliyevin sözlərinə görə, hər iki variantın burda öz rolu var: “Əlbəttə, koronavirus infeksiyasının payıza doğru artması əvvəlcədən proqnozlaşdırılırdı. Bildiyimiz kimi, bu xəstəlik kəskin respirator infeksiyalar qrupuna aiddir. Bu qrupa aid olan xəstəliklərə xas olan xüsusiyyət onların payız-qış aylarında evlərdə havalandırmanın zəiflədiyi zaman artmağa doğru getməsidir. Belə ki havalar soyuq olanda, insanlar evlərə çəkilirlər, qapı-pəncərələri çox vaxt bağlı saxlayırlar. Əgər ailə üzvlərindən biri xəstədirsə (simptomsuz formada da gedə bilər), digər ailə üzvlərini də yoluxdurma ehtimalı artır. Həmçinin, həmin evə gələn qonaqların da yoluxma ehtimalı böyük olur. Amma isti havalarda bu, belə olmur. Evlərdə havalandırmanın səviyyəsinin yaxşı olması ilə əlaqədar yoluxma ehtimalı çox az olur. Biz yay aylarında müşahidə edirdik ki, ailədə bir nəfər yoluxub, amma digərlərinə keçməyib. Bunun səbəbi o idi ki, evlərdə havalandırma yaxşı idi”.

M.Əliyev deyir ki, maskadan istifadəyə laqeyd yanaşmamalıyıq: “Burada bir məsələ aydındır ki, virusla mübarizədə maskaların rolu çox böyükdür. Həm xəstə, həm də sağlam insanların maska taxması yoluxmanı 96-97%-ə qədər azaldır. Ön cəbhədəki vəziyyətlə əlaqədar olaraq koronavirus infeksiyası arxa plana keçdi və insanlar maskalardan istifadə etmədilər. Şəhidlərimizin dəfn mərasimlərində izdiham müşahidə olundu. Həmin vaxt da, təbii ki, maska taxmaq heç yada düşmür və bunun da burada rolu ola bilər. Baxmayaraq ki, açıq havalarda virusun yoluxma ehtimalı azdır, yenə də əgər izdiham olan yerlərdə maska taxılmırsa və sosial məsafəyə əməl olunmursa, yoluxma ehtimalı artır.

Aydın məsələdir ki, bu iki proses – həm payız fəsli, həm də profilaktik qaydalara əməl etməmək – yoluxmaların artmasına səbəb oldu”.

İnfeksionist deyir ki, artım tempi bu cür davam etməsi sərtləşdirmə tədbirlərini vacib edir. Ancaq o, bildirdi ki, sərtləşdirmə tədbirlərinin lokal xarakter daşıması daha məqsədəuyğundur: “Təbii ki, yoluxma sayında artımın olması karantin rejiminin sərtləşdirilməsini şərtləndirir. Amma hazırda daha çox lokal (yerli) karantin rejimindən istifadə edilir. Bu da o deməkdir ki, hansı rayonlarda yoluxma sayında artım varsa, həmin rayonlarda karantin rejiminə, sərtləşdirməyə gedilir. Hətta bəzi rayonların kəndlərində və ya müəyyən bir hissəsində bunu tətbiq etmək olar. Əgər bir şəhər və ya rayonun müəyyən hissəsində xəstə sayı çoxdursa, o zaman həmin yerə və ya əraziyə karantin rejimi tətbiqi daha məqsədəuyğundur. Yəni məcburi deyil ki, karantin rejimi bütün respublika üzrə tətbiq olunsun. Bəzi rayonlarda virus azdır və orda sərtləşdirməyə getməyə ehtiyac yoxdur”.

İnfeksionist Vüqar Cavadzadə deyir ki, payız-qış aylarında hava-damcı yolu ilə yayılan infeksiyaların yoluxma dinamikasında artım çox olur: “COVİD-19 da hava-damcı yolu ilə yayılan infeksiya olduğu üçün mövsümlərə görə yoluxma dinamikasında dəyişiklik olması planlaşdırılırdı. Payıza doğru getdikcə, havalar da soyuduqca artım getdi. Yəni payızın gəlişinin öz təsiri oldu”.

V.Cavadzadə bildirdi ki, biz hazırda iki düşmənlə mübarizə aparırıq, onun biri də məhz COVİD-19-dur: “Payızın gəlişi ilə yanaşı, insanların laqeydliyi də yoluxma sayını artıran əsas faktorlardandır. Cəbhədəki döyüşlərlə əlaqədar əhalinin fikri daha çox Qarabağa yönəlib. Virusdan qorunmaq üçün aparılan profilaktik tədbirlər yaddan çıxmış kimidir. Bu da yoluxmaların sayının artmasına gətirib çıxaran səbəb oldu. Amma insanlarımız koronavirusun təhlükəli düşmən olduğunu unutmamalıdırlar. Ölkəmiz hazırda iki istiqamətdə düşmənlə mübarizə aparır. Biz koronavirusun əhalimizə, sağlamlığımıza ciddi ziyan vurduğunu nəzərə alaraq, profilaktik tədbirlərdən istifadə etməliyik”.

V.Cavadzadə qeyd etdi ki, payız aylarında yoluxma sayının minimuma enməsi üçün hər kəs diqqətli olmalıdır: “Soyuq havalarda insanlar daha çox qapalı məkanlarda olurlar, bu da yoluxma ehtimalını artırır. Mümkün qədər qapalı, insanların çox toplaşdığı məkanlardan uzaq durmalı, əgər gedilirsə, mütləq maska taxılmalıdır. Dezinfeksiyaedici məhsullardan istifadəni də arxa plana atmaq olmaz”.

 

Aygün Asimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir