Niyə Qarabağ müharibəsi haqqında yaxşı filmlər çəkilmir, yaxşı kitablar yazılmır? Az qala üç nəfərin ikisindən bu iradı eşitmək mümkündür. Halbuki, hər iki istiqamətdə yaradıcılıq məhsulları olub, var və olacaq. Yaradıcılıq dayanmayan prosesdir, sadəcə onun zəiflədiyi, səngidiyi, gücləndiyi məqamlar olur.
Gəlin, bu iradı bildirən şəxsə adekvat bir sualla müraciət edək: Bəs siz yeni çəkilən hansı filmlərə baxmısınız və hansı kitabları oxumusunuz?
Cavabdan məlum olacaq ki, yazımızın girişində qeyd olunan iradı səsləndirən insanların çoxunun prosesdən xəbəri yoxdur. Lakin bizim adekvat verdiyimiz sual ətrafında düşünən məntiqli həmsöhbətlərimizdən beş-altı maraqlı nümunə tapanlar da olacaq. Çünki yaradıcı proses doğrudan da dayanmayıb və tamaşaçıları az-çox qane edən əsərlər yaradılıb. Ölkəmizin son 30 ildə düşdüyü və yaşadığı çətinlikləri nəzərə alsaq, doğrudan da xeyli film çəkilib və bunların içində yaxşıları da var.
Konkret filmlərlə bağlı qısa mülahizələrə keçmədən qeyd edək ki, müharibə həqiqətlərinin, illah da torpaqları işğal olunan bir məmləkətin üzləşdiyi faciələrin yetişməkdə olan yeni nəslə, eyni zamanda beynəlxalq aləmə çatdırılmasında kino əvəzsiz vasitədir. Onun auditoriyası az qala dünyanın özü qədər genişdir. Xırda bir misal. Üstündən 33-cü il ötən Çernobıl faciəsi haqqında nə qədər danışılıb, nə qədər yazılıb, nə qədər göstərilib? Lakin bu ilin mayında ABŞ və Böyük Britaniya televiziyaları ilə efirə gedən və az vaxt ərzində internetdə inanılmaz uğurla yayımlanan “Çernobıl” serialı sanki illər əvvəl baş verən bu müdhiş hadisəni indicə olubmuş kimi anlada bildi və dünya miqyaslı faciəni ilk dəfə dünya miqyaslı müzakirəyə çıxardı. Çoxsaylı dövlət orqanlarının, hətta dövlətlərin, müvafiq qurum və təşkilatların on illərlə görə bilmədiyi işi bir neçə saatda gördü. Kino böyük silahdır və dünyanın ağıllı insanları bu silahdan istifadə qaydalarını yaxşı bilirlər.
Bu mənada Qarabağ həqiqətlərinin dünyada tanıdılması işində kinodan bacardıqca səmərəli istifadə etməliyik və gəlin boynumuza alaq ki, bu işi indiyədək lazımı səviyyədə bacarmamışıq.
Bəs dünyaya çıxarmaq üçün filmlərimiz varmı?
Sual ətrafında düşünər-düşünməz yadıma Elçin Musaoğlunun bir neçə nüfuzlu beynəlxalq festivalda uğur qazanmış “Nabat” filmi düşdü. Kənd boşalır, yaşlı bir qadın kəndi tərk eləmir. Və ən dəhşətlisi, gecələr tərk olunan evlərin çırağını yandırır ki, düşmən camaatın öz yerində olduğunu düşünsün. Məncə, boşalan yurd-yuvamızı incə bir kinematoqrafik sızıltı ilə anladan bu detal yaşadıq-larımızın dünyanın istənilən dilinə usta tərcüməsidir.
Ümumilikdə Qarabağla bağlı çəkilən filmlərimiz iki qismə bölünür:
1. Müharibə əleyhinə olanlar.
2. Müharibəyə xilas yolu kimi baxanlar
Bu gün sivil dünyada passifist filmlər çox geniş yayılıb. Çünki dünyanın inkişaf etmiş ölkələri müharibə şəraitində yaşamır. Torpaq uğrunda savaş, qaçqınlıq onlar üçün tarixi mövzudur. Ona görə, çox rahat şəkildə müharibə əleyhinə filmlər çəkir, hətta bəzən Əmir Kustiritsa və Vudi Allen kimi müharibəyə istehza edirlər.
Müstəqillik dövrü Azərbaycan kinematoqrafiyasında da bu səpkili filmlər çəkilib. Misal olaraq Vaqif Mustafayevin “Hər şey yaxşılığa doğru”, Vaqif Azəryarın “Qarabağ şikəstəsi”, Yavər Rzayevin “Sarı gəlin” filmlərini göstərə bilərik. Ancaq Azərbaycanın ədalətsiz münaqişəyə və arzu olunmayan müharibəyə cəlb olunduğunu göstərən filmlər daha dominantdır. Bu sıradan “Fəryad”, “Arxada qalmış gələcək”, “Girov”, “Yalan”, “Dolu”, “Biz qayıdacağıq”, “Yarımçıq xatirələr” və digərlərini göstərə bilərik.
Azərbaycanın haqq mövqeyini göstərmək iddiasında olan filmlərin bir qayda olaraq eyni klişeləri var: düşmənin zalımlığını ekran həllindən daha çox didaktik nəsihət kimi ifadə etmək! Bu cəhd nəinki xarici, hətta yerli tamaşaçıların da baxdığına inanmasına mane olur. Halbuki məsələ çox sadədir. Azərbaycan sərhədlərinə təcavüz olunan, azərbaycanlılar öz torpağında şəhidə, girova, qaçqına çevrilən tərəfdir. Yəni zərərçəkəndir. Ona görə bizim mücadiləmiz ədalətlidir. Biz heç kəsin torpağına müdaxilə etməmişik, heç kəsin evini dağıtmamışıq, heç kəsi öz ölkəsində, öz vətənində köçkünə çevirməmişik. Kameramızı bu həqiqətə yönəldib gerçəkliyin ekran həllini versək, hər şey öz yerini tapacaq. Necə ki, fransızlar hələ neçə il əvvəl “Köhnə tüfəng”, şotlandlar “Cəsur ürək”, yaponlar “Yeddi samuray” filmlərində bunu etmişdilər.
Adını qeyd etdiyimiz və etmədiyimiz filmlərdə bu bədii vüsətin heç olmadığını da iddia etmirik. Misal üçün, Rüfət Əsədovun “Arxada qalmış gələcək” filmində çox maraqlı nüans var: Bərdənin qaçqın düşərgəsində yaşayan uşaq yıxılır, başı yerə dəyir və o, qəfil on-on beş il keçmişə düşür. Özü də Qarabağda müharibə aparan kəşfiyyatçıların arasına. Və on-on beş il sonra baş verən (verəcək) hadisələri onlara söyləyəndə döyüşçülər dəli olurlar! Necə yəni bu qədər torpaq işğal olunacaq? Necə yəni bir milyondan artıq adam qaçqın və məcburi köçkünə çevriləcək? Necə yəni dünya birliyi bu ədalətsizlik qarşısında on illərlə susacaq? Elədirsə, biz havayı yerə vuruşuruq?
Əlbəttə, onlar havayı yerə vuruşmadılar. Biz bütün varlığımızla inanırıq ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Lakin həm də etiraf etməliyik ki, o boyda əziyyətdən, o boyda zülmdən, o boyda qurbandan sonra məğlubiyyət daha acı olur.
“Fəryad” filmi öz unikal ssenarisi və aktyor oyunu ilə dünya səviyyəli film hesab olunur. Təəssüf ki, 1993-cü ilin məhdud texniki imkanları ilə çəkilən ekran əsərini ciddi beynəlxalq müsabiqələrdə lazımınca nümayiş etdirmək mümkün olmadı. “Fəryad” həm də özündən əvvəlki filmin – “Ögey ana”nın qəhrəmanının sonrakı taleyi kimi diqqət çəkir. İsmayıl böyüyür, müharibəyə yollanır, əsir düşür… Ən maraqlısı isə “Fəryad”ı vaxtıyla İsmayıl roluna çəkilən rejissor Ceyhun Mirzəyev çəkir. Baş rolu da özü oynayır. Bundan da qəribəsi, film Ceyhun müəllimin həyatı bahasına başa gəlir. Filmdən aldığı sarsıntılar ürək xəstəsi olan rejissora çox pis təsir edir və o, premyeraya qədər haqq dünyasına qovuşur. Beləliklə, Ceyhun Mirzəyev aparılan müharibənin yox, lentə alınan müharibənin şəhidinə çevrilir.
Eldar Quliyevin “Girov” filminin girişində arabaya qoşulan at düşmənin hansı vəhşiliyini görürsə, ürkür və kəndin içi ilə düz sahibinin həyətinəcən qaçır. Film bu həyəcanlı səhnə ilə başlayır və az keçmir, ev sahibinin girov düşdüyü bəlli olur.
Elxan Cəfərovun “Dolu” və “Yarımçıq xatirələr” filmləri bir spesifik cəhətinə görə seçilir. Hər iki film ön cəbhədən, məhz müharibənin özündən, qanlı-qadalı səngərdən bəhs edir. Etiraf edək ki, Hollivud kimi varlı və iri kinoşirkətlərlə müqayisədə xeyli məhdud olan texniki imkanlarımızla bu filmləri ərsəyə gətirmək elə də asan deyil. Elxan Cəfərov hər iki filmdə igid əsgər və zabitlərimizin keçdiyi ağır döyüşlərin atmosferini yarada bilib. Məhz buna görə hər iki film tamaşaçılar tərəfindən sevilib, qəbul olunub.
Bütün ideoloji mətləblərlə yanaşı kino, ümumiyyətlə sənət daha çox insana enmək, onu göstərə bilmək məqamıdır. Bu mənada Elçin Musaoğlunun “Nabat” filmi xüsusi ilə seçilir. Onun qazandığı beynəlxalq uğurlar da deyilənləri təsdiq edir.
Şübhəsiz, indən belə Qarabağ savaşı haqqında daha güclü ssenarilər yazılacaq, daha ciddi filmlər çəkiləcək. Çünki Qarabağ həm də mövzu olaraq ciddi nəsrə gəlməkdədir. İlbəil yazılanların sayı artır. Ədəbi əsərlər isə həmişə kinonu bəsləyən fundament rolunu oynayır. Dünyanın şedevr hesab olunan bir çox filmləri məhz bədii əsərlər – romanlar, povestlər, hekayələr və pyeslər əsasında ssenariləşdirilən filmlərdir.
Şərif AĞAYAR