Mənzilin özəlləşdirilməsi – vətəndaşların dövlət mənzil fondunda könüllü əsaslarla tutduqları yaşayış sahələrinin onların mülkiyyətinə pulsuz verilməsidir. Bu proses mürəkkəb və uzundur. Əvvəlcə sənədləri qeydiyyata təqdim etmək üçün toplamazdan öncə əmin olmaq lazımdır ki, mənzil üzərində heç bir hüquqi məhdudiyyətləriniz yoxdur.
Məhdudiyyətlər aşağıdakı hallarda yarana bilər:
- yaşayış sahəsinin icarə müqaviləsində göstərilən şəxslərdən biri özəlləşdirmədə iştirak etməkdən imtina etdikdə və öz imtinasını notarial qaydada təsdiq etmək istəmədikdə;
- əgər siz artıq bir dəfə öz özəlləşdirmə hüququnuzdan istifadə etmisinizsə;
- əgər mənzilə məhkəmə orqanları tərəfindən həbs qoyulubsa;
- bina qəza vəziyyətində olduqda və onun uçurulması haqqında qərar qəbul edildikdə.
Yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının «Mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunu ilə tənzimlənir.
Özəlləşdirmə hüququ Azərbaycan Respublikasının vətəndaşlarına, eləcə də dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə yaşayış sahəsinin icarəsi haqqında müqavilə bağlamış vətəndaşlığı olmayan şəxslərə məxsusdur (əcnəbilərə bu hüquq verilmir).
Mənzilini özəlləşdirmək istəyən vətəndaş kimə və hara müraciət etməlidir?
Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir.
Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.
Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı 5 gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir.
Mənzilin özəlləşdirilməsi üçün aşağıdakı sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə təqdim edilməlidir:
- mənzil sahəsinin orderi;
- mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan, həmin mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə hüququ saxlanılan şəxslərin ərizəsi (notariat qaydasında təsdiq olunur);
- mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma).
Qeyd olunan sənədlər ərizə, şəxsiyyəti təsdiq edən sənəd və dövlət rüsumunun ödənilməsi barədə sənədlə birlikdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə təqdim olunmalıdır.
Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında 10 gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir.
Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir:
- mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi;
- mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma);
- mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam.
Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.
Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Dövlət Reyestri Xidməti tutduğu yaşayış sahəsini özəlləşdirmək istəyən vətəndaşın ərizəsinin qəbulundan 20 sutkalıq müddət ərzində sözügedən yaşayış sahəsinin vətəndaşın şəxsi mülkiyyətinə verilməsinin dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mülkiyyət hüququnun yaranmasını yaşayış sahəsi haqqında daşınmaz əmlakının dövlət reyestrindən çıxarışla rəsmiləşdirir və bu çıxarışı yaşayış sahəsinin mülkiyyətçisinə təqdim edir, eləcə də yerli icra hakimiyyəti orqanına, həmçinin vergi xidməti orqanına bildiriş göndərir.