ruhiyye

Uşaqlarda vətən sevgisi psixologiyası – PSIXOLOQ YAZIR

Baxış sayı: 1. 329

Torpaqlarımızın azadlığı uğrunda mübarizə apardığımız hər saniyə, hər anda ən önəmli  psixologiya tarix içində yaşayan və yazılan tarixin şahidi olan uşaqların vətən psixologiyasıdır. Ana Vətən dedikdə hər bir uşağın şüuraltısında ayrılmaz hissə olan ana sevgisi, ana qayğısı, ana istisi və ana güvəni anlayışı yaranır. Vətən sevgisi ailədə formalaşır. Şəxsiyyət kimi formalaşmasında uşağın  ailə üzvlərinə qarşı olan ilk sevgi, yaşadığın şəhərə sevgi, doğulduğun ölkəyə sevgi vətən sevgisini yaradır. Vətəninə və tarixinə sevgisi olmayan uşağın insan kimi formalaşıb, ləyaqətli, vicdanlı şəxsiyyət olması çətindir. Məhz bu səbəbdən uşaqları ən kiçik yaşlarından böyüdükləri ailəyə, yaşadıqları torpağa sevgi hissi ilə böyütmək lazımdır. Valideyn azyaşlı uşağına ailədə ailə üzvlərinin keçmişi, qəhramanlığı, nailiyətləri, cəsurluğu haqqında məlumatları danışaraq sevdirməli, doğulduğu şəhərdə gəzinti zamanı şəhərin gözəlliklərini, tarixi abidələrini, şəhərin qəhramanları üçün ucaldılmış heykəlləri, vətən üçün iz buraxmış məhşurların adı verilmiş küçələr haqqında məlumat verməli və uşaqda qəhramanlıq, cəsurluq dəyərləri aşılanmalıdır. Azyaşlı uşaq artıq mənəvi dəyərlərini qorumağı və müdafiə etməyi bacarmalı, yaşadığı şəhər, ölkə, milliyəti ilə fəxr etməlidir.

1

Vətənə sevgi  özü-özlüyündən yaranan hiss deyil. Bu böyüklərin uşaqlara aşıladığı və tərbiyə etdiyi duyğular, emosiyalar və dəyərlərdir. Vətənpərvərliyin parametrləri uşağın doğulduğu və böyüdüyü ölkəsinə, torpağına bağlılıq hissi, ana dilinə sevgisi və ana dilində səlis danışması, vətəni sosial-mədəni-tarixi nailiyyətlərini dərindən bilməsi, xalqının tarixi keçmişini bilib və isbat edə bilməsi, xalqının adət-ənənələrinə sadiqliyi və vətənin inkişafı üçün nailiyətlər əldə etməsidir. Vətənin hər guşəsinin müxtəlif təbiəti, adət-ənənələri öyrənilməli və sevilməlidir. Uşaqlar gəzintiyə çıxdıqda, olduğu küçənin kimin adına olduğunu və həmin şəxsiyyətin hansı tarixi iz qoyduğunu bilməlidir.  Valideyn şəxsiyyətin uğurlarını uşağa aşılamalı və bununla uşaqda psixoloji özgüvəni artırmalıdır.

2

Ən kiçik yaşlarından tarixi dastanlar, qəhramanlıq nağıllarını dinləyib böyüyən uşaqlar özgüvənli, lider xarakterli, iradəli və Vətən dedikdə emosional duyğularını hər kəsə aşılaya biləcək şəxsiyyət kimi formalaşır. Bu günün özgüvənli uşağı gələcəkdə Ana Vətəni layiqincə müdafiə edə bilən əsgəridir, həkimidir. Məhz bu səbədən azyaşlı uşaqlar duyğularını izah edərkən böyüklər tərəfindən susdurulmamalıdırlar. Dinləməli, suallarına cavab verməli və özgüvənli böyüməsinə şərait yaratmalıdırlar.  Bu gün torpağımız azadlığı uğrunda ön cəbhədə və arxa cəbhədə vuruşan hər bir Azərbaycanlının olduğu yer vətəndir. Hazırda tarixin canlı iştirakçıları olan uşaqlarımız vətən sevgisi ürəyi döyünən əsgər və şəhid balaları gələcəyin vətən sevgisiylə tərbiyə ediləcək uşaqların valideynləridirlər. Biz Azərbaycanlı olduğumuz üçün fəxr edirik! Qarabağ Azərbaycandır!

 

Ruhiyyə Rüstəmova

 Mayomed klinikasının əməkdaşı, ailə və uşaq psixoloqu, AMAC ana və uşaq psixoloji dəstək birliyinin rəhbəri

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir