konul ceferli

Tualetdə ibadət edən qadın

Baxış sayı: 1. 068

Xeyli axtarandan sonra axır ki, ictimai tualet tapa bildim. Elə yenicə pilləkənlə aşağı enmişdim ki, qarşılaşdığım mənzərəyə mat qaldım. Məndən öncə gələn və “işini” yekunlaşdıran qadınlar da gözünü bərəldib, ona tamaşa edirdi. İlk dəfə idi ki, kiminsə ayaqyolunda namaz qıldığını görürdüm. Həmişə ruhanilərdən tualetin murdar olduğunu orada Allahın adını zikr etməyin qadağan olduğunu eşitmişik. Bu xanım isə kafelin üzərinə kiçik xalça sərib, xlor qoxulu yerdə ibadət edirdi. Arada pıçıltı ilə dediyi ayələri də eşidirdik. Digərləri kimi mən də bir kənarda dayanıb, təəccüblə bu hadisənin sonunu gözlədim.

Ətrafa göz gəzdirəndə qadının tualet işçisi olduğunu anladım. Kiçik stolunun üstündə səliqə ilə yığılmış qəpiklər, yerdə isə vedrə və döşəmə fırçası vardı. Demək, həm buranın təmizlik işlərinə baxır, həm də ödəniş haqlarını yığırdı. İnsafən deyim, indiyədək olduğum ictimai tualetlər arasında ən səliqəlisi idi. Təmirsiz olsa da, nə içəridə qoxu vardı, nə də yan-yörədə ləkələr. Unitazlar da ağappaq ağarırdı. Görməyə alışmadığımız şəhər tualeti idi.

Nə isə, mən sağı-solu seyr edirkən, “tamaşaçı” xalalar da gözlərini zilləyib, başı səcdədə olan qadına qəzəblə baxırdı. Tualetdə ibadət etməklə namazı təhqir etdiyini düşünürdülər. Onlara görə xadimənin etdiyi ayıb və böyük günah əməl idi. Odur ki, dini qorumaq naminə özlərini mücahid kimi aparır, var qüvvələri ilə bu “biabırçılığın” qarşısını almağa çalışırdılar. Hərəsi bir yandan “Bu dəlidir? Belə yerdə də namaz qılmaq olar? Allah götürməz e! Az, bəsdir kino çıxardın! Ayağa dur, günahdır!”, – deyib, ona acıqlanır, bir an öncə namazı dayandırmasını tələb edirdilər. Hətta içlərindən biri dözməyib, qadının hicabına da əl atdı. Başını açmaq istəsə də, digərləri qoymadı. Bu qədər hiddətə və etiraza baxmayaraq, tualet işçisi ibadətinə sonadək davam etdi. Bitincə də sakitcə canamazını yığıb, masanın üzərinə qoydu. Sonra da gülümsəyib, bizim üçün də dua etdiyini söylədi: “Sizi başa düşürəm. Amma nəzərə alın ki, bura mənim iş yerimdir, ilin 12 ayı bütün günüm tualetdə keçir. Əsas odur üst-başım murdar deyil. Həmişə dəstəmazlı oluram. Bacardığım qədər də ətrafı təmiz saxlamağa çalışıram. İş yerimə görə namazı tərk edə bilmərəm. Nə də qəzaya saxlamaq istəmirəm. Sizə iyrənc gəlir, amma mən çörəyimi də ayaqyolunda yeyirəm”.

O birilərini bilmirəm, amma mən çox utandım. Qadın yerinə keçib, çantasından “Quran” kitabını çıxardı. Hələ də ona tamaşa edən arvadlardan biri:

– Allah sənin namazını qəbul edər?
– Qəbul etməyəcəyini hardan bilirsiniz? Siz yəqin tualetdə işləmirsiniz.

– Yox, Allah eləməsin! Mühasibəm, qəşəng ofisimiz var.
– Bəs o qəşəng ofisdə namaz qılırsınız?

Qadın səsini kəsib, dinməzcə çıxıb getdi. Digərləri də o sualı eşitməmək üçün bir-birinin ardınca tez-tələsik tualeti tərk etdi. Elə mən də.

Niyə beləyik, bilmirəm. Həm başqalarından Allah üçün qayda-qanun tələb edir, günahkar görən kimi daşa basır, həm də müdafiə etdiyimiz Rəbbin ayələrinə tabe olmuruq. Dinləmədiyin, əmrinə məhəl qoymadığın Yaradanın təəssübünü çəkmək riyakarlıq deyilmi? Özün əməl etmirsənsə, hansı mənəvi haqla digərini sorğulaya bilərsən? Hələ tanrının vəkilliyini edib, “Allah səni bağışlamaz! Filankəsin namazı batildir. Günah etdiyi üçün uşağı xəstələnib” kimi “fətvalar” da veririk.

Məscidə gedirsən, rahat zikr etməyə də qoymurlar. Yenicə əlini açıb duaya başlayırsan ki, bir mömin xanım yaxınlaşıb, Rəbbə doğru şəkildə müraciət etmədiyini irad tutur:

– Bacı, qolunu bir az da yuxarı qaldır.
Barmaqla təsbiat edirsən.
– Ay qızım, yaxşı olar təsbeh gətir. Barmaqla sayanda rahat olmur.
Pıçıltı ilə ərəbcə bir kəlam deyirsən.
– Xanım, filan sözü düz tələffüz etmədiniz. Səhv demək günahdır!

Əlbəttə, yanlışını bilmək və doğru şəkildə öyrənmək önəmlidir. Kimsə tənqid etməsin, demirəm. Amma sözü deməyin də yeri və tərzi var. Ürəyində duyduğun böyük mənəvi ehtiyac və sevgi ilə Yaradana sığınmaq, ünsiyyətdə olmaq istəyirsən, ancaq bu dəm bir “müəllim” aranıza girib, səhv tutur. Ən azı səbrlə duanın bitməyini gözləyib, daha sonra nəsihət etmək olar.

Nə isə, düzələn deyilik. Nə Allahdan abır edirik, nə də qulundan. Coşub “Yox, tanrıdan çəkinirik” də deməyin. Biz qara pişikdən, süpürgədən daha çox qorxuruq, nəinki Yaradanın qəzəbindən. Yoxsa elə deyil?!

 

Könül Cəfərli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir