esger

Divara “Maştağa 1 N-li internat”, könüllərə Şuşa yazan əsgərin hekayəsi

Baxış sayı: 976

Son günlərin ən çox müzakirəyə səbəb olan, sevgi və rəğbətlə qarşılanan fotolarından biri də “Maştağa 1 N-li internat” sözləri yazılan foto oldu. Bəli, bu fotonun müəllifinin uşaqlığı I Qarabağ müharibəsinə təsadüf etdi, çox kiçik olarkən valideynlərini qəzada itirdikdən sonra 18 yaşınadək internatda böyüdü. İnternatdan səngərə doğru yürüyən qəhrəmanımız II Qarabağ müharibəsində bizim qələbə tariximizi yazanlardan oldu.

Sözügedən fotonun, yazılan bu sözlərin müəllifi, Şuşada qəhrəmanlıq göstərərək qələbə tariximizi yazanlardan biri, bir sözlə elə qəhrəmanımız Elçin Əhmədovla dumanlı Şuşa dağlarından, Şuşanın o sıx meşələrindən əlaqə yarada bildik. Könüllü olaraq cəbhəyə yollanan Elçin Əhmədov 2-si qız olmaqla 3 uşaq atasıdır. O, minlərlə insanı öz evinə, yurduna qovuşduranlardan biridir.

 

– Bir şəkillə qısa bir zamanda uşaqdan böyüyə hər kəsin qəhrəmanına çevrildiz. Yəqin ki, indi çox uşaqların ən böyük arzularından biri məhz bu qəhrəmanla görüşüb onunla danışmaqdır. Ona görə öncə qəhrəmanızı daha yaxından tanıyaq.

– Şamaxıda anadan olmuşam. 1987-ci ildə doğulmuşam. Ailədə 5 uşaq olmuşuq. 90-cı illərdə valideynlərim avtomobil qəzasında dünyasını dəyişəndən sonra xalam iki bacımı götürərək onları böyüdüb. Biz isə 3 qardaş olaraq Lənkəranda uşaq evinə verildik, daha sonra böyük qardaşım Arazı Bakıya göndərdilər, bir neçə ildən sonra o, Təhsil Nazirliyinə məktub yazaraq bizi də yanına gətizdirə bildi. Beləcə, biz də Maştağada 1 nömrəli internata yerləşdirildik. Valideynlərimiz dünyasını dəyişəndə I Qarabağ müharibəsi idi, elə o zamanlar ən çətin vaxtlar idi, internatda da işıq, qaz yox idi, orada da çox çətinliklər görmüşdük. Yeməyimiz, içməyimiz də az idi. O zamanlar ölkədə vəziyyət çox ağır idi.

 

– Hərbi xidmətə gedərkən, bəs, hansısa problem oldumu?

– Bilirsiniz, internat uşaqlarının qeydiyyatı olmur. Bu səbəbdən də mən 6 ay əsgərliyə gec getmişəm. Məni aparmaq istəmirdilər, özüm müraciət etdim, qeydiyyata düşdüm ki, əsgər gedim. Hərbi xidmətdə baş çavuş oldum. Xidmətdən qayıtdıqdan sonra bir müddət kirayədə qaldım. Gördüm tək adam üçün kirayə qalmaq, öz-özünə baxmaq çox çətindir. 23 yaşımda ailə həyatı qurdum. Ümumiyyətlə, ailə həyatı quranda bir az çətinliklərim oldu, heç nəyim yox idi, rəsmi iş yerim, evim də yox idi. Bacılarımı xalam saxlayıb, köçürdüb. Həyat yoldaşım yeznəmizin qohumlarından idi. SOCAR-ın Təlim-Tədris Mərkəzinə imtahan verdim, daxil oldum, bir il orada oxudum. Beləcə, orada işə düzəldim, neft-qaz sektorunda çilingər olaraq çalışıram. Ailə qurandan bir il sonra Heydər Əliyev Fondu tərəfindən SOCAR-da işləyənlərə, o cümlədən də mənə ev verildi.

 

– Necə oldu ki, könüllü olaraq cəbhəyə yazıldınız?

– Ümumiyyətlə, uşaq vaxtlarından Qarabağla bağlı çoxlu filmlər izləyirdim. Xüsusən də Xocalı hadisələri məndə silinməz təsirlər oyatmışdı. Bu səbəbdən içimdə bir qisas hissi ilə yaşayırdım və heç zaman istəmirdim ki, bu müharibə sülhlə həll olunsun. Çünki Xocalıda ermənilər körpələrimizin belə dərisini diri-diri soyurdular. Bu olanlar heç zaman yaddaşımızdan silinməz. Daima arzum idi ki, elə müharibə ilə torpaqlarımızı geri qaytaraq, qisasımızı alaq. Müharibə xəbəri gələn kimi dərhal hərbi komissarlığa yollandım. Mənə dedilər ki, yaşa görə növbəli şəkildə çağırırlar. Dedilər ki, sizin növbənizə hələ var. Dəfələrlə gedib müraciət etdim ki, məni də aparın. Demək olar ki, hər gün saatlarla hərbi komissarlığın qarşısında olurdum. Onlara deyirdim ki mənim həyatım başqadır, elə müharibə şəraitində yaşamışam, internatda böyümüşəm, yəni çətinliklərə alışmış adamam. Hərbi komissarlıqdan məni artıq cəbhəyə yola salanda dedilər ki, nəhayət, gedə bilərsən. Beləcə, oktyabrın 15-də sevincli halda cəbhəyə yollandım. Hadrutda cəbhə yoldaşlarıma qoşuldum. Oradan Xocavəndin Tuğ kəndinə doğru irəlilədik və kəndi aldıq. Xocavənd və Şuşanın kəndlərində gedən döyüşlərdə iştirak etdim. Bizdən qabaq digər dəstəmiz Şuşaya daxil olmuşdu. Biz axşam xəbər tutduq ki, artıq düşmən təslim olub.

 

– Bir qədər döyüşlərdən danışardınız.

– Yanımıza toplar da düşürdü, şəhidlərimiz, yaralılarımız da olurdu, amma itkimiz bir elə çox olmadı. Biz aşağıdan yuxarıya doğru hərəkət edirdik, yüksəklikləri alırdıq, bu səbəbdən də şəhidlər olurdu. Həmin ərazilər dəniz səviyyəsindən çox hündür idi. Bir var yuxarıdan aşağıya atəş açırsan, bir də var ki, aşağıdan yuxarıya, təsəvvür edin belə bir vəziyyətlə də biz onlara qalib gəldik. O vəziyyətdə texnikalar işləyə bilmirdi, biz danışa bilmirdik, əl hərəkəti ilə irəliləyirdik, işıq yox idi, hava duman idi, bəzən yağış yağırdı. Əmrlərdən çıxmırdıq, kəndbəkənd irəliləyirdik. Elə olurdu ki, dayanmadan 6 saatadək yol gedirdik, meşənin içi ilə dağa qalxırdıq, heç 10 dəqiqə də dincəlmirdik. Bir qədər dayanan kimi hamımız sual verirdik ki, komandir nə oldu, getmirik? Bizim komandirimiz Elbrus Quliyev bizlə bərabər səngərlərdə gözünün acısını alıb, döyüşlərdə olub. Günlərlə yuxusuz qalırdıq, elə olurdu ki, bir neçə saat səngərlərdə yatırdıq. Lakin təhlükəsizlik üçün biz o aldığımız kəndlərdəki  evlərdə gecələmirdik. Ermənilərə gəldikdə isə deyim ki, onlar bizlə döyüşməkdən qorxurdular, üzbəüz gələ bilmirdilər. Götürdüyümüz əsirə dedim ki, sənin dərini soymayacağıq, çünki biz türkük. Dedim, Zori Balayanı tanıyırsan, dedi ki, yox, inkar etdi.

 

– Bəs ölüm qorxusu necə, sizdə bu var idi?

–  İnanmıram ki, kimdəsə ölüm qorxusu olmasın. Hər kəsdə bu qorxu olur, sadəcə, kimsə bu qorxunu aşa bilirdi, kimsə yox. Biz döyüşlərdə bu qorxunu dəf edirdik. Biz istəmirdik ki, top atəşindən dünyamızı dəyişək, istəyirdik ki, ermənilərlə üzbəüz döyüşək. Onlar bizə qəssab deyirmişlər. Biz gələndə “qəssablar gəlirlər” deyirmişlər. Əsir deyirdi ki, qabaqda siz bizi öldürürsünüz, arxada da fərariləri polislər öldürürlər.

– Bir qədər ailəniz haqda da danışardınız, darıxmısınızmı?

– 3 övladım var, böyük övladım, oğlumun 10 yaşı var, 5-ci sinifdə oxuyur, qızım 1-ci sinifdə oxuyur. Digər qızım Mədinə isə çox balacadır. Ailəm üçün çox darıxmışam. Onlarla görüşəcəyim günü səbirsizliklə gözləyirəm. Arada düşünürdüm ki, indi işdən qayıdan saatımdır, gözümü yumub evə gələndə övladlarımın sevincini təsəvvür edirdim, təsəvvür edirdim ki, uşaqlar necə qoynuma qaçır, boynuma sarılır. Hələ balacam, şıltaq Məryəmim, o digərlərindən fərqli olaraq sevincini bir başqa cür büruzə verirdi, üstümə qaçmırdı, amma otağın ortasında sevincindən bir neçə dəfə dövrə vururdu ki, atam gəlib. Gözümü yumub xəyala dalanda hərəsinin bir şıltaqlığı yadıma düşür.

 

 – Qələbəni dadmaq, duymaq necə bir hissdir?

– Bu dillə ifadə olunacaq bir hiss deyil. Təsəvvür edin ki, onlar təslim olanda biz dilxor olduq. Çünki söz vermişdik ki, son erməni vəhşisinədək onları məhv edəcəyik. Gecə saat iki idi, bu xəbəri aldıq ki, artıq Qarabağ Azərbaycana qayıtdı. Sadəcə o anda lazım idi ki, kimsə qələbə xəbərini aldığımız anda bizi çəkə bilsin.

 

 – Bizə bir qədər də Şuşadan danışardız.

–  Şuşa çox gözəldir, oranın o qədər gözəl kəndləri var ki, heç mən başqa hardasa bu gözəlliyi görməmişəm. On görə də ermənilər burdan çıxmaq istəmirdilər.

 

– Bir də istəyərdim o məşhur yazıdan danışasınız, “Maştağa 1 N-li internat”

– Hadrutda idik, artıq oranı almışdıq, Hər kəs divara öz ünvanını yazırdı, mən də böyüdüyüm internat məktəbinin adını yazdım. Dedim imkan olar, qayıdaram uşaqlara göstərərəm ki, onlar da baxıb sevinər ki, qaldıqları internatın adı buralara qədər gəlib çıxıb. Təxminən oktyabrın 23-24-də bunu yazmışam. Sonradan da Şuşa istiqamətində yürüməyə başladıq.

 

– Ən böyük arzularınızdan biri nədir?

– Ali təhsilim yoxdur. Əslində çox istəyərdim ki, ali təhsil alım, amma bu mənə qismət olmayıb. Ömür boyu arzum olub ki, ali təhsil alım. Orta məktəbi də çox yaxşı oxumuşam, məktəb illərində olimpiadaların, müxtəlif intellektual oyunların qalibi olmuşam. Amma qayğılarım çox olduğundan bu arzumu reallaşdıra bilmədim. Amma işləyib kiçik qardaşıma kömək etdim, o, ali təhsil aldı.

esger-susa

– Əlavə demək istədiyiniz varmı?

– Bu birliyə, dəstəyə görə bütün türk dünyasına, Türkiyəyə, Azərbaycan xalqına təşəkkür edirəm. Bütün dünya ilə müharibə aparan Ali Baş Komandanımız sağ olsun! Hər bir şeyimiz olsa da, insanlarımız özlüyündə sovqat, isti geyimlər göndərirdilər. Bu birlik bizə ruh verir, Qarabağı qaytara biləcəyimizə inamımızı artırırdı. (“Sputnik Azərbaycan”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir