menzil

Azərbaycanda heç vaxt köhnəlməyən mövzu: ev fırıldağının qarşısını kim alacaq?

Baxış sayı: 988

Türkiyədə əmlak alqı-satqısı ilə məşğul olan maklerlərlə bağlı yeni qanun qüvvəyə minib. Bu qanuna görə, artıq hər kəs makler olaraq çalışa bilməyəcək və bunun üçün öncə imtahan verərək sertifikasiyadan keçməli olacaq. Belə bir qanunun qüvvəyə minməsində əsas hədəf isə bu sahədə olan fırıldaqçılığın qarşısını almaq və rəsmi fəaliyyəti tənzimləməkdir.

Azərbaycanda da müştərilər əmlak alqı-satqısı zamanı bəzən işbazların qurbanına çevrilirlər. Maraqlıdır, belə bir qanun layihəsinin ölkəmizdə də müzakirəsinə ehtiyac varmı?

Əmlak eksperti Elnur Fərzəliyev bu təklifi dəstəkləyir: “Biz dəfələrlə təşkilatımız adından bu məsələ ilə əlaqədar Milli Məclisə təkliflərimizi yollamışıq ki, Azərbaycanda bu sahə sertifikatlaşsın. Burada söhbət təkcə dələduzluğun qarşısını almaqdan getmir. Bu sahə günümüzdə dünyanın hər bir yerində ən imicli sahələrdən biridir. Düzdür, təəssüf ki, Azərbaycanda işi bildi-bilmədi hər kəs bu sahə ilə məşğul ola bilir. İşini bilməyən şəxsin bu işlə məşğul olması pis sonluqla nəticələnir”.

“Baxın, bu gün hansısa MTK bir mənzili 3-4 nəfərə satır. Nəticədə həmin mənzili satan MTK rəhbəri ilə yanaşı, rieltor da məsuliyyətə cəlb olunur. Amma rieltor bilmir ki, mənzilin sənədi düzdür, ya yox. Lakin rieltor peşəkar olduqda öncə həmin bina ilə bağlı araşdırma aparır, lazımi məlumatları toplayır və bina ilə bağlı şikayətlərin olub-olmamasından xəbərdar olur”, – deyə ekspert əlavə edir.

Bu və bu kimi bir sıra nüanslar bu sahədə də şəffaflığın olması üçün sertifikasiya tələb edir: “Hər bir rieltor satışdan əldə etdiyi qazanca görə dövlətə vergi verməlidir. Bu sahədə çalışanların 70-80 faizi qanunsuz işləyirsə, professional deyilsə, demək, vergi də vermirlər. Təsəvvür edin, bu gün Bakıda, məsələn, 100 alqı-satqı baş tutursa, onun 50-si çıxarış ilə, 50-si isə çıxarışsızdır. Dövlət istəsə belə, lazım olan statistikanı apara bilmir. Lakin kənar şəxslərin bu sahə ilə məşğul olmağı qadağan olunsa və rieltorları sertifikatlaşsa, onlar məcbur olub hər bir satışa görə hesabat verib onun vergisini ödəmiş olacaqlar. Belə olan halda daşınmaz əmlaka nə qədər vəsait yatırıldığının hesabatını aparmaq da rahat olacaq, büdcəyə də hər il külli miqdarda vəsait gələcək”.

Ekspert deyir ki, peşəkarlığı artırmaq üçün bu sahədə çalışan şəxslərə kurslar keçirilməlidir: “Onlar qanunları, xüsusən də daşınmaz əmlakla bağlı qanunları bilməlidirlər ki, həm özlərinin, həm də müştərilərin hüquqlarından xəbərdar olsunlar.

Hər il Azərbaycanda əmlak sərgiləri olur və bu sərgilərdə xarici rieltorlar nə qədər müştərini dünya bazarına daşımış olurlar. Belə olan halda həmin ölkənin iqtisadiyyatı güclənir. Azərbaycan isə xaricdən müştəri cəlb edə bilmir, çünki bu sahədə peşəkar olanlar azdır. Onların əmək kitabçalarında belə rieltor yazılmır. Bu səbəbdən bu sahə dövlət tərəfindən nəzarətə götürülməli, kadrlar yetişdirilməli və xaricdən müştəri daşımaq üçün xaricə göndərilməlidir. Çünki tikinti sahəsinin inkişafı bir çox sahələrin – beton, kərpic zavodlarının, tikinti materiallarının satışı, iş yerlərinin olması deməkdir. Tikinti sahəsi təxminən iqtisadiyyatın 30-40 faizini özündə birləşdirir. Bu gün fikir verin, ölkədə tikinti, demək olar ki, dayanıb, çünki alıcı yoxdur. Çünki əmlakları, mənzilləri bazara təklif edəcək peşəkarlar yoxdur”.

“İşğaldan azad olunan ərazilərdə inşa olunan binalardan həm yerli, həm də xarici müştərilərə mənzil satmaq olar. Bununla da dövlət gəlir əldə edə bilər. Bundan başqa, təkliflərimdən biri də budur ki, rieltorlara bəzi səlahiyyətlər verilsin, banklar onlarla müqavilə bağlasın. Xarici ölkələrdə heç kəs öz mənzilini sata bilməz. Bu işi qanuni fəaliyyət göstərən rieltor reallaşdırır, çünki o, gördüyü işə görə dövlətə vergi verir”, – deyə o əlavə edib.

Millət vəkili Tahir Kərimli bu problemin artıq uzun illərdir ki, qaldığını deyir:

“Türkiyədə belə bir qanunun qüvvəyə minməsi müsbət addımdır. Azərbaycana gəldikdə isə deyim ki, elə müstəqillik əldə etdikdən bu yana bu mövzu bizim üçün aktual olub. Azərbaycanda, xüsusən də paytaxtda maklerlərin hədsiz sayda qanundankənar fəaliyyətləri olur. Bu fəaliyyətin elə bir nümunəsini tapmaq olmaz ki, orada tam şəffaflıq olsun. Qanundankənar tərəflər arasında müəyyən maliyyə fəaliyyətləri də olur”.

“Bundan başqa, bu cür fəaliyyətlər vergidən yayınmaya, qeyri-qanuni varlanmaya səbəb olur. Sanki bu fəaliyyət hər zaman qanundan kənar olmalıdır”, – deyə millət vəkili əlavə edir və bildirib ki, bütün bu kimi nöqsanların aradan qaldırılması üçün ölkəmizdə də belə bir qanunun qüvvəyə minməsinə ehtiyac var.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir