yeni il sufresi

Dünya bu il Yeni il bayramını necə keçirəcək?

Baxış sayı: 974

Bir neçə gün sonra 2020-ci ili geridə qoyacağıq. Dünya koronavirus pandemiyası səbəbindən bu il Yeni ili təmtəraqlı deyil, səssiz, təcrid olunmuş şəkildə qarşılayacaq.

Məlumat üçün bildirək ki, artıq bir çox ölkələr bayramda çölə çıxmaq qadağası ilə bağlı qərarlar qəbul edib. O cümlədən, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan açıqlama verərək bildirdi ki, ölkədə koronavirusla mübarizə çərçivəsində qabaqlayıcı tədbirlər planına uyğun olaraq 31 dekabr saat 21:00-dan, 4 yanvar saat 05:00-ə qədər fasiləsiz olaraq küçəyə çıxmaq qadağan olunur.

Hər il bayramı böyük təmtəraqla keçirən Rusiya da yanvarın 15-dək xüsusi karantin qaydaları tətbiq edəcək. Bu, xüsusən paytaxt Moskvaya aiddir. Hələ bir ay əvvəlcədən bayrama hazırlaşan şəhər bu dəfə bayramı çox sakit şəkildə keçirəcək. Məlumata görə, bayram axşamı restoranların daha tez bağlanılması qərarı da nəzərdə tutulub. Onu da əlavə edək ki, Rusiya yoluxma sayına görə Braziliyadan sonra dördüncü sıradadır. Belə ki, bu günə qədər ölkədə 2,6 milyondan çox insanda koronavirus aşkarlanıb ki, onların da 47 min nəfərdən çoxu dünyasını dəyişib.

Koronavirusdan ən çox zərər görən ölkələr sırasında olan İtaliyada isə bu il “Milad bazarları” olmayacaq. Baş nazir Cüzeppe Konte italyanlara daha ehtiyatlı bir Yeni il gecəsi keçirməyi, qonaqlıqda toplaşmamağı, öpüşüb-qucaqlaşmamağı tövsiyə edib.

Hazırda İtaliyanın bəzi regionlarında karantin elan olunub, 21 dekabrdan 6 yanvaradək həmin regionlara giriş qadağan edilib. Milad günü və Yeni İl günü İtaliyada fövqəladə və tibbi səbəblər istisna olmaqla, digər səbəblərdən evdən çölə çıxmaq qadağası ola biləcəyi haqda iddialar var.

Məlumata görə, ölkədə kilsələr açıq olacaq, lakin komendant saatı olduğundan ənənəvi Milad gecəsi sıxlığı olmayacaq.

Milad tətili zamanı Avropada xizək mərkəzlərinə də adətən çox böyük axın olurdu. Lakin bu il İtaliya, Fransa və Almaniya kimi Avropa nəhəngləri xizək mövsümünü də təxirə salıblar. Hər üç ölkədə Milad tətili zamanı xizək mərkəzləri bağlı olacaq.

İspaniya xalqı isə bayramı qismən əvvəlki kimi qeyd edə biləcək. Belə ki, qaydalara əsasən qonaqlıqlarda ən çox altı nəfərin toplaşmasına icazə verilib. İcazədə həmçinin qapalı məkanların tez-tez havalandırılması və sosial məsafənin vacibliyi qeyd olunur.

İspaniyanın Kataloniya əyalətində isə 10 nəfərə qədər insanın toplaşmasına icazə verilib. Madriddə isə Milad bayramı ilə əlaqədar tibb məntəqələrində kütləvi test aparılacaq və xəstə olmayan hər kəs rahat şəkildə, həmişəki kimi bayramı qeyd edə biləcək.

Fransada Milad bayramı günlərində dükan və mağazaların, teatrların və s. açıq olması planlaşdırılır. Məlumata görə, ölkədə 15 dekabrdan etibarən axşam saat 9-dan səhər saat 7-yə qədər komendant saatı tətbiq ediləcək. Bu ölkədə komendant saatı təkcə Milad bayramı və Yeni il gecəsinə şamil edilməyəcək.

Fransada restoranlar və məktəblər 20 yanvar tarixinədək, kafe, bar və gecə klubları isə qeyri-müəyyən vaxtadək bağlı qalacaq. Yalnız Milad günü kilsələrdə dini ibadətlərə 30 nəfər limitlə icazə veriləcək.

Almaniyada da karantin rejimi 10 yanvara qədər uzadılıb. Restoran və əyləncə mərkəzləri bağlıdır, məktəb və mağazalar isə açıqdır. Bir dekabr tarixindən iki ailə və ya maksimum beş nəfərdən artıq insan bir yerə toplaşa bilməz.

Milad bayramı zamanı müvəqqəti olaraq bu rəqəm 10-a qədər artırılacaq. Almaniya kansleri Angela Merkel insanlara bir yerə toplaşmazdan əvvəl yaxşıca düşünməyi tövsiyə edib. O, qeyd edib ki, xəstə sayı həddindən çox olduğuna görə, bundan əlavə ciddi bir yumşalma nəzərdə tutulmayıb. Küçələrdə qələbəlik olmasın deyə atəşfəşanlıq da ləğv olunub.

yeni il

Bəs Milad bayramı ilə Yeni ilin fərqi nədir?

Ümumiyyətlə, xristianlıqda iki böyük bayram var – Milad və Pasxa bayramı. Milad bayramında peyğəmbər İsa Məsihin insan bədənində dünyaya gəlməsi, doğulması qeyd edilir. Beləliklə, bu bayram simvolik olaraq 25 dekabrda keçirilir. 31 dekabrda isə yeni bir ilin, yeni başlanğıcın gəlişi qeyd edilir. Yəni Yeni ilin Milada heç bir aidiyyəti yoxdur.

Yeni il bayramının yaranmasının isə ən azı 25 əsrlik tarixi var. Məlumata görə, ilin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesopotamiyada yaranıb. 12 gün davam edən təntənəli mərasim adətləri sonralar Yunanıstana və Qərbi Avropaya yayılmağa başlayıb.

yeni il senliyi

Dünya ölkələrinin Yeni il adətləri

Fransada Yeni il axşamı Şaxta baba, Per Noel (Noel ata) evlərin balaca sakinlərinin başmağına hədiyyələr qoyur. Ümumiyyətlə, bu ölkədə bayramın ən maraqlı tərəfi hədiyyələrdir. Amma burada bir qədər diqqətli olmaq lazımdır. Hər hədiyyəni hər adama vermək olmaz. Məsələn, bu bayramda qadının öz ərindən başqa kimdənsə hədiyyə olaraq ətir qəbul etməsi yaxşı hal hesab olunmur.

İsveçrədə isə insanlar bir-birinə şam hədiyyə edirlər ki, bu da dostluğun və sevincin rəmzidir. Bayram axşamı isə ailə başçısı – ata zibil atmaq bəhanəsi ilə evdən çıxır və Yul Tomten (Şaxta baba) obrazında qayıdaraq, uşaqlara hədiyyələr paylayır.

İtaliyada isə uşaqların Şaxta babaları yox, Şaxta nənələri var. Onun adı Befan nənədir. Bu ölkədə Yeni ili bərkdən qışqıraraq qarşılamaq adəti var. Ucadan danışmaq italyanlar üçün adi hal olsa da Yeni il gecəsi onlar öz səslərinə tam “sərbəstlik” verirlər. Beləcə onlar həm də köhnə illə vidalaşırlar.

İtaliyada daha bir adət- Yeni il bayramı ərəfəsində insanlar köhnə əşyalarını pəncərədən aşağı atır. İtalyanlar hesab edir ki, Yeni ilin astanasında bütün pis fikirlərdən və köhnə əşyalardan xilas olmaq lazımdır.

Böyük Britaniyada isə Yeni il axşamı evdə ideal təmizlik və qanun-qayda hökm sürməlidir. Artıq gecə olanda ailənin başçısı illərin yerdəyişməsi üçün evin bütün qapılarını geniş açır. Daha sonra qapı bağlanır və evə ilk gələcək qonaq həyəcan və səbirsizliklə gözlənilir. İnanca görə ilin necə keçəcəyi içəri girən adamın görkəmindən çox asılıdır. Qadınlar, sarışınlar və əsmərlər o qədər də arzuolunan deyillər. Ən uğurlu qonaq kürən kişi hesab olunur. Çatmaqaş adamın içəri girməsinə qarşı isə o dəqiqə ehtiyat tədbirləri görülür. Ocağa duz atılır, qapıdan xaç asılır. Gələn qonaq özü ilə viski, şirin çörək və kömür gətirməlidir. Kömür ocağa atılır ki, Yeni ildə ailə ocağı daha gur yansın.

Almanlar isə Yeni il gələn anda ovuclarında metal pul sıxaraq, tullanırlar. Bununla da inanırlar ki, yeni il daha bərəkətli olacaq.

Finlandiyada Yeni il süfrəsi gavalı kiseli və düyü sıyığı olmadan təsəvvür edilmir. Bayramın əsas qəhrəmanı isə fin Şaxta baba – Youlupukkidir.

İspaniyada isə adətən Yeni il gecəsi hamı şəhərin mərkəzi meydanına üzüm yeməyə axışırdı. Adətə görə hər kəs müəyyən vaxt ərzində 12 salxım üzüm yeməlidir.

 

Xalidə Gəray




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir