qadin

Pandemiya ailədağıdan obrazda

Baxış sayı: 933

2020-ci ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 29 580 nikaha daxilolma, 12 347 boşanma halları qeydə alınıb.

Qeyd edək ki, digər aylara nisbətən ən çox nikaha daxilolma halları yanvar ayında müşahidə edilib.

“Bu ayda qeydiyyat şöbələri tərəfindən 4280 nikah rəsmiləşdirilib. May ayında isə ən çox boşanma halı qeydə alınıb. Mayda 1501 boşanma halı rəsmiləşib”.

Bu müddət ərzində əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5, boşanmaların sayı isə 1,5 olub.

Psixoloq Zeynəv Əyyubova bildirir ki, pandemiya dövrü ilə əlaqədar olaraq nigahların sayı azalıb. Yəni əhalinin çox hissəsi ailə həyatı qurarkən, dövlət nikahına girirlər. Bu səbəbdən də nikahların sayı durmadan azalır. Bu fonda da boşanmaların sayı artmaqdadır.

Psixoloqun sözlərinə görə, pandemiya insanların psixoloji durumuna dərindən təsir edib və bu da ailədaxili münasibətlərdə özünü qabarıq şəkildə göstərir:

“Nəinki Azərbaycanda bütün dünyada yaşamadığımız bir vəziyyət yarandı. Psixoloji gərginlik, ölüm qorxusu, yaxınlarından uzaq qalma, sosial məsafə saxlama, müharibə insanların gərginləşməsinə səbəb oldu. Ən əsası isə ölüm qorxusu, panik -atak, insanların işsiz qalması bir evdə cəmlənməsi və sair. Bu gərginliyi bir qədər də artırdı. Seanslarda xanımlar deyir ki, evlilikdə yoldaşımda görmədiyim xarakteri və ya xarakterləri pandemiya dövründə gördüm”.

Əyyubovanın dediyinə görə, pandemiya bəzi ailələri mehribanlaşdırsa da, boşanmaların sayının artmasına mane olmayıb. İşsizlik, əsəb, aqressiya, bir-birinə fikirlərini düzgün ifadə etməmək, bir-birləri ilə münasibətin sağlam olmaması, boşanmalara səbəb olub.

bosanma

Sosioloq Təranə Quliyeva bildirir ki, boşanmaların müxtəlif səbəbləri var. Boşanmalar əksərən xəyanət, hörmətsizlik, zorakılıq və s. səbəblərdən meydana gəlir:

“Evlilikdən əvvəl insnaların bir-birini yaxşı tanıya bilməməsi də əsas səbəblərdəndir. Ancaq boşanma üçün müraciət edən şəxslərin “səbəblərinə” nəzərə salanda daha çox xəyanətin boşanmaya səbəb olduğunu görə bilərik. Diqqətsizlik, ailə quran şəxslərin bir-birinin işinə həddən artıq qarışması, validyenlərin ailəyə müdaxiləsi, ər və ya arvaddan birində xroniki xəstəliyin olması, qısqanclıq, kişinin işləməməsi, cinsi münasibətlərdə uyğunsuzluq, ailənin sadəcə cinsi münasibət üçün qurulması, inanclarda olan fərqlilik, kasıblıq, qadının həddən artıq lüks yaşamaq istəyi, alkoqollu içkilər, pis vərdişlər, narkotiklərin qəbulu, sonsuzluq, fərqlilik arzusu, çox erkən yaşlarda ailə qurma, sevmədiyi biri ilə ailə qurmağa məcbur edilmə, evlənməmişdən öncə əsl simanı gizlətmə, dözümsüzlük, internetin təsiri, təhsildə olan fərqlilik, dedi-qodu və s. ailə həyatının bitməsinə səbəb olur”.

Sosioloq qeyd edib ki, günümüzdə təhlil edərkən, aldatma, xəyanət üzündən boşanmaların 40 faiz təşkil etdiyi məlum olur. Sevginin bitməsi, yalan danışma, mütəmadi olaraq mübahisə etmək 20 faiz evliliklərin bitməsinə səbəb olur.

Sosioloqun fikrincə, nə qədər qəribə olsa da, ailədə maddi vəziyyətin yaxşılaşması da bəzən boşanmaya səbəb ola bilir.

Hüquqşünas Fərid Həmidli isə deyir ki, bəzən ailədə varlanma şansı meydana gəlir və bu zaman maddi gəlirləri artan tərəf ayrılıq qərarı verir:

“Pandemiya dövrünün boşanmalara o qədər də böyük təsiri yoxdur. Evlilik elə bir müəssisədir ki, hər bir halda problem yarana bilər. Problem yarandığı zaman isə cütlüklər əvvəl psixoloqa, sonra hüquqşünasa müraciət etməlidirlər”.

Mütəxəssislərin fikrincə, ailədə yaranan hər problem üçün boşanma qərarı vermək olmaz. Boşanma qərarı verməmişdən öncə, psixoloqlarla, sosioloqlarla məsləhətləşmək, narahat edən problemi aradan qaldırmağa çalışmaq lazımdır. Yox əgər, insanlar artıq bir yerə yaşamamağa qərar veribsə, bu zaman heç bir bəhanə gətirmədən addım atmaq lazımdır.

Xatırladaq ki, ötən ilin martından koronavirus pandemeyası ilə əlaqədar tətbiq edilən sərt karantin rejimi səbəbilə Azərbaycanda toyların keçirilməsi qadağandır. Məhkəmələr də bir müddət bağlı olduğundan, boşanma işlərinə baxılması təxirə salınıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir