Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova uşaqların erkən inkişaf dövrü ilə əlaqədar valideynləri maraqlandıran sualları cavablandırıb.
“Gencaile.az” müsahibəni təqdim edir:
– Uşaqlarda erkən inkişaf dövrü hansı yaş aralığını əhatə edir və nə üçün ən önəmli dövrlərdən sayılır?
– Erkən uşaqlıq dövrü 0-8 yaşları əhatə edir, bu illər ərzində uşağın inkişafı təkrarolunmaz sürətlə baş verir və məhz bu səbəbdən bu dövr çox əhəmiyyətlidir. Bu zaman uşağın beyni hər saniyə inkişaf edir və hər saniya orada 700-ə qədər neyron əlaqələri yarana bilər bu da uşağın əqli inkişafını, gələcəkdə təhsilalma qabiliyyətini, karyera qurma, qazanc əldəetmə imkanlarını, hətta gələcəkdə nə dərəcədə xoşbəxt olmağını istiqamətləndirir. Bu neyron əlaqələri nə qədər çox yaranarsa bir o qədər də uşaq tam öz potensialını reallaşdıra biləcək. Burada xüsusi rolu mayalanmadan 3 yaşa qədər olan dövr oynayır ki, 3 yaşlı uşağın beyninin strukturu böyüklərdə olduğunun 80%-dək artıq formalaşmış olur. Ona görə də məhz bu dövr ərzində uşağın sağlamlıq və inkişafına yönəldilən qayğı nə dərəcədə çox olarsa bir o qədər də onun bütün gələcək həyatının güclü təməli qoyulmuş olacaq.
– Uşaqların fiziki inkişafına təsir edən faktorlar hansıdır?
– Erkən uşaqlıq dövrünün 5 əsas faktoru var ki uşağın həm fiziki, həm əqli, həm emosional, həm də sosial inkişafını şərtləndirir. İlk növbədə sağlamlıq – vaxtında və tam həcmdə göstərilən antenatal (hamiləlik dövrü) tibbi xidmətlər və doğuşayardım, yenidoğulmuşa düzgün qulluq üzrə valideynlərin təlimləndirilməsi, körpənin tibb işçiləri tərəfindən doğuşdan sonra və mütəmadi olaraq müayinələri və hər hansı bir problemlərin erkən aşkarlanması, immunlaşdırma, uşaqlıq dövründə xəstəliklərin düzgün müalicəsi. İkinci amil – qidalanma. Burada xüsusi rol ana südü ilə qidalanma oynayır. Həyatının ilk bir saatı ərzində ana südü ilə əmizdirilən uşaqlarda neonatal dövrdə infeksion xəstəliklərə tutulması riski 17% azalır, neonatal dövrdə ölüm riski isə 30%-dək azalır. Üçüncü amil – təhlükəsiz ətraf mühit. Körpənin doğulduğu andan 3 yaşınadək onun ətraf mühiti ailə və evidir. Həmin mühit uşaq üçün təhlükəsiz olmalıdır. Burada söhbət həm fiziki, həm də psixoloji təhlükələrdən. Dördüncü faktor – böyüklər tərəfindən uşağın tələbatlarına uyğun olan qayğı – onunla sevgi əsasında ünsiyyətin qurulması, səsinə səs verilməsi, ağlamasına diqqət verilməsi və onun ehtiyaclarına həssas, diqqətlə yanaşılması. Beşinci faktor – uşağn inkişafına təkan verilməsi və erkən təlim. Burada həyatının ilk anlarından uşaqla danışmaq, ona mahnı oxumaq, həznli musiqi dinlətmək, danışdıqda gözünə baxmaq, üzünə gülümsəmək. Bütün bunlar inkişafı dəstəkləyir.
– Uşağın düzgün inkişafını təyin edən göstəricilər hansılardır?
– Cəmiyyət olaraq aşağıdakı göstəricilər vacibdir:
• Ana südü ilə qidalanmanın erkən başlanması – bu göstərici Azərbaycanda körpələr arasında cəmi 42%-dir. Ölkəmizdə bu rəqəmlərin daha da cox olması üçün UNİCEF ilə birgə layihələr həyata keciririk;
• 6 ayadək yalnız ana südü ilə qidalanma – bu göstərici Azərbaycanda 28%-dir;
• Uşaqlar arasında inkişaf geriliyinin və ya məhdud sağlamlıq imkanlarının 3 yaşadək aşkarlanması və erkən müdaxilə xidmətlərinin göstərilməsi;
• İmmunizasiya ilə əhatə;
• Valideynlərin uşaqla həftə ərzində ən azı 3-4 fərqli inkişafetdirici fəaliyyətlə məşğul olması;
• Uşaqlar üçün evdə mövcud kitabların sayı;
• Uşaqların məktəbəqədər təhsilə cəlb olunması;
– Uşaqların qatı qidaya keçmə dövründə nələrə diqqət etməliyik?
– Uşaqların menyusuna 6 ayından başlayaraq qatı qidalar əlavə edilməlidir. Burada əsas məqamlar aşağıdakılardı:
• qidaları tədricən əlavə etmək
• birinci tərəvəz purelərindən başlamaq
• qida kifayət qədər qatı olmalıdır ki, uşağın enerji tələbatlarını ödəsin
• hər bir növ qidanın əlavə edilməsi az miqdardan başlayır və tədricən artırılır
• 6-23 aylıq uşaqlar gündə ən azı 4 müxtəlif növ qida qəbul etməlidir
• ana südü ilə qidalanma davam edirsə 6-8 aylıq uşaqlar qatı qidaları gündə 2-3 dəfə; 9-23 aylıq uşaqlar gündə azı 3-4 dəfə qəbul etməlidir
– Uşaqların düzgün inkişafı üçün necə sosial mühit yaradılmalıdır?
– Uşaqların düzgün inkişafı üçün sosial mühit ilk öncə valideynlər üçün dəstəkverici olmalıdır. Uşağın ilk üç yaşında sağlamlığı və inkişafı birbaşa valideyndən asılıdır. Lakin valideynin diqqəti məişət, sosial, iqtisadi problemlərə yönəlibsə o, uşağın inkişafı ilə məşğul ola bilməyəcək və bu uşağın ən vacib illərində ona lazımi qayğı göstərilməyəcək. İşsizlik, maliyyə problemləri, valideynin aşağı təhsil səviyyəsi və maarifsizliyi uşağın inkişafına birbaşa mənfi təsir göstərir. Bütün bunlar kompleks şəkildə həll olunmalıdır. Ailə mərkəzə qoyularaq onların həllinə də kompleks yanaşmanın tətbiqi lazımdır.