masin

Kişilərin “ikinci arvadı” olan avtomobilin, yoxsa qadının xərci çoxdur?

Baxış sayı: 791

Azərbaycan ən çox avtomobil idxal edilən, alınıb-satılan ölkələrdən biridir. Bu ölkədə ən populyar sayt da avtomobil saytıdır. Maşını olan kişi əvvəllər imkanlı hesab edilirdisə, indi “çörək ağacı var” deyə qəbul edilir. “Maşın ikinci arvaddır” deyimini isə yəqin ki, ərindən xəsislik görən qadınlarımız icad edib. Ya da həqiqətən evləndikdən sonra arvadın yox, maşının çox pul tələb etdiyini görən kişilər.

 

Arvadların gözünün düşməni

“Elə ki, kişidən nəyəsə artıq pul istəyirəm, 7 dəsmal çıxarıb ağlayır. 2 ildir nimdaş paltoda, ayaqqabıdayam, vecinə də deyil. Ancaq yemək, kommunal, uşaqlar, bir də maşın. Maşın ustası deyən kimi 200-300 manat lazımdır, hardan olsa tapıb aparır”.

“Bəzən hirsimdən istəyirəm ki, maşını çəkiclə əzim. Çünki onun ucbatından büdcəmiz artmır. Deyirəm, sataq. Deyir bu köhnədir, xərci çoxdur, satıb başqasını alaram. Bu yerdə ərimi də boğmaq istəyirəm”.

“Mənə deyirlər ki, ərinin maşını var, bəxtəvərsən. Amma hansı günümə sevinirlər bilmirəm. Uşaqları özüm dərsə aparıram, bazar-dükana da özüm gedirəm, həkimimə də. Maşın ancaq kişinin xidmətindəndir. İşə gedir, gəlir. Ürəyi hara istəyir özü gedir, lazım olanda tapılmır. Uzaq yola benzin çox gedir. Ancaq anasıgilə aparmağa maşın lazım olur”.

Kişilərin uydurduğu yalanlar

Azərbaycan kişilərinin böyük əksəriyyəti avtobusa nifrət edir.

Sanki ictimai nəqliyyatla getməyi özünə sığışdırmır. Metroda, avtobusda ya çox yaşlı insanlar, ya da tələbələr, gəncləri görmək olur. Orta yaş kişilər maşına az qala ölüm-dirim məsələsi kimi baxır.

Psixoloq Saida Əliyeva bildirir ki, Azərbaycanda qızların maşınlı oğlan arzulaması və maşını olan oğlana ərə getmək istəyi uydurma mifdir və bunun müəllifi elə kişilər özləridir. “Birincisi bizdə tələbə, iş vaxtı avtobusla getməyə öyrəşib. Toya qədər münasibətdə və tanışlıqda avtomobili olan oğlanla ünsiyyətdən çoxu qaçır. Çünki yad adamın maşınına minmək xofu var.

Bizim qadınların maşın arzusundan çox oğlanların maşınsızlıq qorxusu var. Avtomobil mənim hər şeyimdir, ayağımdır, gözümdür, işimdir, adımdır, sanımdır düşünürlər. Hətta toydan yığılan bir az pula da mütləq maşın alınır. Hələ kreditlə, borcla maşın alanları demirəm.

Ailə qurandan sonra isə həyat yoldaşı ilə maşın arasında diqqət, qayğı, pul xərcləmə balansında maşın qalib gəlir. Hamı bilir ki, maşın böyük yükdür. Amma kişi bu yükün altında əzilsə belə ondan imtina etmir.

Biz ailəsində konflikt olan, boşanan və ya bu ərəfədə olan qadınlarla danışırıq. Çoxunun ərinin avtomobili var. Amma bu qadınlar adi məişət problemlərindən ötrü dolana bilmədiklərindən boşanır. Məsələn, problemə baxanda 300 manatlıq problemdir, amma kişi bu pulu ailəyə qıymır. Təkcə maşınına il ərzində 1000 manat xərcləyir, hər gün benzin məsrəfi var. Elə kişi var, uşağının yeməyində, geyimində qənaət edib maşına xərcləyir. “Maşın ikinci arvaddır deyib” özlərinə haqq qazandırırlar. Amma sən birinci, əsas arvada normal pul xərclədinmi?”\

 

Aliment, yoxsa maşının yağı?

Boşanan qadınların bitməyən aliment davasında səbəbkardan biri də avtomobildir.

Kişilər aylarla alimenti ödəmir, gizlənir, övladlarından xəbəri olmur. İcra məmuru ilə qaçdı-tutdu oynayan kişi bəzən elə maşınında yaxalanır. Maraqlıdır ki, uşaqlarının ac qalmasına biganə olan ata avtomobilinə heç nədən korluq vermir.

 

Arvadının qızıllarını lombarda qoyub, maşın düzəltdirənlər

Maşın ustası Renat Babayev gündəlik işində şahidi olduqlarından danışdı:

“Maşının xərci çox zaman arvaddan çox olur. Mənim avtomobilim BMW-dir, ayda təkcə benzin xərci 900 manatdır. 200 manata yaxın motorunun yağı çıxır. Əlavə xərcləri də 200-300 manat olur. Maşının xərci sürücüdən də çox asılıdır. Sürücü var ki, təmirə, yağ dəyişməyə dırnaqarası baxır. 10 manatlıq problemi düzəltmir, o böyüyüb, axırda 200 manatlıq problem olur.  Sürücü var ki, hər xırda səsə diqqətlidir, ustaya vaxtında qulaq asır, qənaət etmir. Pis maşın yoxdur, pis sürücü var.

“Arvad başa düşür ki, bu gün ət yoxdur, kartof yeyə bilər, amma maşın başa düşmür”.

“Ailədə həyat yoldaşı bəzi hallarda maşını olan kişini başa düşür. Çünki bu gün ət yoxdursa, kartof yeyə bilərlər. Bu gün geyim yoxdursa, köhnəsini geyinə bilər. Amma maşın xarab oldusa, düzəltməyincə yerindən tərpənmir. O bilmir ki, bu gün xarab olum, ya yox? Əgər kişinin işi maşınla əlaqəlidirsə, məcburdur. Çox adam məcburiyyətindən xərcləyir. Adam da var, kefindən xərcləyir. Maşına çox bəzək verir, təkərini, diskləri tez-tez dəyişir. Rəngini bəyənmir. Amma kişi var ki, evinin damı su axıdır, pulu amma maşınına xərcləyir.

Ümumiyyətlə kişiləri xarakterlərinə və maşına olan münasibətinə görə 3 tipə bölsək: bir var görənlər, bir var sonradan görənlər, bir də var görməmişlər. Görməmişin əlinə maşın düşəndə çətin olur. O adamın ailəsi də, özü də maşının əsiri olur. İnsan gərək maşını olsa da, olmasa da gözü tox və yerində işini bilən olsun. Məsələn, mən gələcəkdə görsəm ki, maşının xərci ilə ailənin xərci üst-üstə düşmür, ailəmə görə BMW-mi satıb ucuzunu alaram, lazım gəlsə, maşınsız olaram. Belə olmaq daha yaxşıdır, nəinki həyat yoldaşının qızıllarını lombarda qoyub, maşın düzəltdirmək. Ailənin boğazından kəsib maşına sərf etmək olmaz”.

Aylıq və illik xərci hesabladıq

Bu gün taksi sürən, şəxsi maşın kimi tələbat çox olan “Çeşka” deyilən mersedeslər və ortabab maşının aylıq xərci:

Benzinsiz xərc – 200-300 AZN

İldə bir dəfə müəyyən ehtiyat hissələri və kosmetik xərclər – 600-700 AZN

Tez-tez xərc tələb edən yağ, filtrlər, nakladkalar və s. İşi rayonlarla bağlı olan və taksi sürənlərin xərci daha çox olur.

Maşnın parklanma, qaraj, cərimə, benzin, xırda-para xərclərini də üstünə gəlsək, ucuz və ortabab avtomobilin aylıq xərci 500-600 manat arasıdır.

Bahalı və motor gücü yüksək olan maşınlarda bu rəqəm 1000-1200 manata keçir. Deməli orta statistik kişi ortabab maşınına ildə 7-8  min manat xərcləyir.

Bir nəfərin təkcə Bakı şəhəri üzrə ictimai nəqliyyatdan gündəlik 3-5 dəfə istifadəsi ayda 40-45 manat edir. Taksi xidmətlərindən Bakı daxili 5-8-10 km aralığında gündə 2 dəfə istifadə etmək ayda 250 manata başa gələr. Şəxsi avtomobildən imtina edərək ictimai nəqliyyatı seçməklə Bakıda orta hesabla bir nəfərin nəqliyyat büdcəsinə 53%-ə qədər qənaət edə biləcəyini təxmin edirik. Qısası, avtomobildən imtina edərək illik 4-5 min manat pulunuza qənaət edə bilərsiniz.

 

Bəs bu qədər pula görə maşından imtina etməyə dəyərmi?

Bu pulu ailəyə, həyat yoldaşına, özünün arzularına xərcləmək yaxşıdır, yoxsa sadəcə maşında işə gedib gəlmək komfortuna? Bəzən çox az qazanan, maaşı yüksək olmayan kişinin qazancının 90%-nin maşına sərf olunması həqiqətən ağılsızlıqdır.

 

Bəlkə xatırlayasız,  sonuncu dəfə həyat yoldaşınıza bəzəyinə, geyiminə, kosmetik “təmirinə” nə qədər pul xərcləmisiz?




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir