bosanma

Boşanmaların sayı niyə artır? – PSİXOLOQ YANAŞMASI

Baxış sayı: 824

Ailə institutu tarixən cəmiyyətin əsas təsisatlarından biri kimi insani dəyərlərin, nəsillərin tarixi varisliyinin qoruyucusu və inkişaf meyarı sayılıb. Bəşəriyyət ailəni tarixən hər bir cəmiyyətin əsasını təşkil edən, insanların ən ali, ülvi və saf duyğularını, nəcib niyyətlərini özündə təcəssüm etdirən müqəddəs ittifaq kimi dəyərləndirib. Qədimdən bəri ailə Azərbaycan cəmiyyətində də xüsusi dəyər kəsb edib. Həmçinin ölkəmizdə ailə dövlət tərəfindən də qorunur və himayə edilir. Ailə Məcəlləsinə görə, ər və arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım, hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar.

bosanma

Ailə möhkəmliyini saxlayan dəyərlər unudulubmu?

Ümumiyyətlə, ailə qurulduğu gündən hər bir insan öz kiçik “dövlətini” qorumağa çalışmalıdır. Bəs görəsən, ailə quran şəxslərin hamısı bu kiçik “dövləti” daim qoruya bilirmi? Çox təəssüf ki, bu heç də belə deyil. Ailənin möhkəm olub-olmamasının göstəricilərindən biri də boşanmalardır. Son illər bir çox dünya ölkələrində boşanmaların sayı getdikcə artmaqdadır. Məsələn, ABŞ-da evlənən hər iki ailədən biri ayrılmağa qərar verir. Buna oxşar vəziyyət Almaniyada da özünü göstərir. Son illərdə Türkiyədə də boşanmaların sayı artır. Azərbaycan hazırda boşanmaların sayının sürətlə artdığı ölkələr sırasında olmasa da, bu sahədə problemlər də özünü göstərməkdədir.

Azərbaycanda ailə milli adət-ənənələrə, dəyərlərə söykənib. Bir vaxtlar əsasən qohumluq bağı əsasında qurulan böyük ailələr mövcud idi. Hətta 10 nəfərdən çox insanın bir evdə yaşadığı ailələr vardı. Həmin ailələrdə müxtəlif səbəblərlə bağlı problemlər olanda belə, hər iki tərəf məhz ailənin dağılmaması üçün həmin problemləri qabartmazdılar. Eyni zamanda bu boşanmaya valideynlər icazə verməz, “ətrafda mənfi fikir formalaşar, yaxud övladları tək valideynlə qalacaq” kimi amilləri düşünərdilər. Hətta əvvəllər insanlar sanki boşanmaqdan belə utanardılar. Ancaq indi hardasa hər gün çoxlu sayda insan boşanır və artıq boşanmalar adi hala çevrilib. Bəlkə də bunlar həmin ailə möhkəmliyini saxlayan dəyərlərin unudulmasından irəli gəlir. Bu da faktdır ki, evlilik qərarını verərkən düşünmək istəyən həmin insanlar boşanarkən heç çətinlik çəkmirlər. Sadəcə “bir-birimizi başa düşmürük” deyib ayrılırlar. Bəs evlənərkən fikirlərinin eyni olmadığının fərqinə varmamışdılarmı? Bir ömrü paylaşmağa hazır olduqları insanı bir andaca həyatlarından asanlıqla çıxarırlar. Evlənərkən gözəl bir ailəsinin olması ümidilə xəyallar quran bu insanlar ayrılarkən ailəni qorumağa cəhd göstərmirlər. Bu gün artıq evlənmək qədər boşanmaq da təbii sayılır.

Doğrudur, bir evdə iki fərqli adamın yaşaması asan deyil və təbii ki, problemlər də yarana bilər. Lakin ilk olaraq həmin fərqlilikləri qəbul etmək və həyat yoldaşına olan hörmət və sevgisi naminə fədakarlıq etmək lazımdır. Həmin fədakarlıqlar isə qarşılıqlı olmalıdır. Bir vaxtlar bu fədakarlıqları edən insanlardan fərqli olaraq hazırda sadəcə qarşısındakı insanı dəyişdirməyə çalışırlar və əgər istədiyini ala bilmirlərsə, boşanmağa qərar verirlər. Doğrudur, bir sıra problemlər var ki, onlar boşanma üçün əsas ola bilər. Məsələn, buna əxlaqsızlıq, kişilərin narkotik, spirtli içki qəbul edərək qadını döyməsi və s. kimi halları misal göstərmək olar. Ancaq qısqanclıq, həyat yoldaşının çalışmasını qəbul etməmək, kiçik ailədə yaşamaq niyyəti kimi faktlarla bağlı  boşananlar da var. Bəzən boşanmalara ailədə uşağın olmaması da səbəb olur. Ailədə uşağın olmasını yalnız kişi deyil, qadın da istəsə də, uşaq olmadıqda boşanma baş verir. Maraqlı fakt odur ki, çox zaman əgər qadının uşağının olması imkansızdırsa, kişi ayrılmağa qərar verir. Əksinə olduqda isə qadınlar onlarla yaşamaqdan imtina etmir.

Son zamanlar isə bəzi insanlar Avropa ailə modelini tərcih edərək boşanmağa qərar verirlər. Belə ki, bir sıra xarici ölkələrdə insanlar bir müddətdən sonra həyat yoldaşından ayrılaraq tək, ya da uşaqla birgə yaşamağa üstünlük verir ki, bu hal ölkəmizdə, xüsusilə də qadınlar arasında özünü göstərməkdədir.

bosanma

Bu barədə müxtəlif səbəblərdən boşanmış iki ailə üzvünün isə fikirləri belədir:

R.H – 40 yaş: “Biz yoldaşımla tanışlıq əsasında ailə qurmuşduq. İlk illərdə normal həyat tərzi keçirdik və bir oğlumuz dünyaya gəldi. Oğlumun 3 yaşı olduqdan sonra yoldaşım evə gec gəlməyə başladı. Əvvəllər mən bunu işi ilə əlaqələndirirdim. Lakin sonralar bu gecikmələr saatları deyil, günləri əvəz etməyə başladı. İlk vaxtlar yoldaşım bunun səbəbini açıqlarkən dava-dalaş edərdi. Ancaq sonralar bu səbəbi açıq söylədi və bizim birgə yaşamamız üçün heç bir əsas qalmadı. Biz ayrıldıq və uşağa da özüm baxıram, hazırda onun 13 yaşı var”.

T.M – 38 yaş: “Mən orta məktəbi bitirdikdən sonra həmin il ali məktəbə daxil ola bilmədim və işləməyə başladım. Həmin vaxt  qonşu kənddən olan bir oğlan mənə evlənmək təklif etsə də, mənim ali təhsil almaq niyyətim vardı və bu təklifi rədd etdiyim üçün  məni qaçırdı. Biz evləndikdən sonra iki uşağımız dünyaya gəldi. Çox çətin bir şəraitdə yaşadığım üçün bir neçə xəstəliklə üzləşməli oldum. Həmin vaxt yoldaşım məni xəstə vəziyyətdə qoyaraq Rusiyaya getdi. Sonra valideynlərim məni müalicə etdirdilər. Mən sağaldım və işləməyə başladım. Artıq 10 ildir ki, uşaqlarıma özüm baxıram və bu müddət onların atası bir dəfə də olsun onlarla maraqlanmayıb. Nə mən, nə də uşaqları ilə maraqlanmayan həyat yoldaşı ilə nikahda qalmağın heç bir mənası olmadığı üçün boşanmağa qərar verdim”.

Xatire S

Boşanmaların səbəbkarı kimi yalnız bir cinsi günahlandırmaq düzgün deyil 

Psixoloq Xatirə Səfərovanın sözlərinə görə, boşanmalar ən çox ailə düzgün motivlər əsasında qurulmayanda baş verir: “Belə ki, hər iki tərəfin evlənmək ərəfəsində qarşı tərəfi mütləq tanıması lazımdır. Sadəcə, qısa bir tanışlıq əsasında qurulan ailələrdə boşanma halları daha çox baş verir. Bundan başqa ailədə müdaxilələri, o cümlədən qayınanaların gəlinə qarşı müxtəlif düşüncələrdə olmasını da göstərmək olar. Bu, bir növ qısqanclıq xarakteri daşıyır və bu cür qayınanaların  belə münasibəti də onun həyat yoldaşının olmamasından, yaxud da onunla arasında ciddi problemlərin olmasından qaynaqlanır. Qayınana öz məsələsi ilə bağlı obyekt olaraq gəlini seçir və iradlarını gəlinin üzərində həyata keçirir”. Psixoloq onu da bildirdi ki, ümumiyyətlə, boşanmaların səbəbkarı kimi yalnız bir cinsi günahlandırmaq düzgün deyil. Onun fikrincə, ailədə qadınlardan çox şey asılıdır və onlar ailə düsturunu bilməlidirlər: “Bu düstura daxil olan amillərə gəldikdə isə bunlardan biri odur ki, qadın özünə daha çox diqqət yetirməlidir. Evlənməzdən əvvəl nişanlı olarkən hər iki tərəf özünə daha çox diqqət yetirir, ən yaxşı tərəflərini göstərməyə çalışırlar. Evləndikdən sonra isə bir-biri üçün adiləşirlər və nəticə etibarilə kişilərin gözü kənar mühitə daha çox meyil edir. Bunun səbəbkarı yenə də qadın özü olur. Qadınlar daha çox ev işləri, uşaqlarla məşğul olur və kişiyə az vaxt ayırır. Kişi evə gələrkən qadın özünə qarşı səliqəli olmur və artıq uzun müddətdir bir evdə yaşadıqlarını düşünərək bunu normal qəbul edir. Əslində isə bu belə deyil və qadın hər zaman, xüsusilə də yoldaşının yanında özünə fikir verməlidir”. X.Səfərovanın sözlərinə görə, digər xırda nüanslar var ki, onlar ər-arvad arasında böyük bir problemə çevrilə bilər: “Məsələn, qadının uşağı olduqdan sonra hormon pozğunluğu ilə əlaqədar kökəlmə prosesi gedir və o, özündə kompleks yaradaraq tez-tez yoldaşının yanında bununla bağlı danışır. Lakin nəticə etibarilə bəlkə də kişi onun kökəlməsinə diqqət etmirdisə də, artıq özü onun beyninə bu fikri diqtə edir. Təbii ki, bu zaman kişinin şüuraltında öz yoldaşına qarşı antisimpatiya kimi fikirlər formalaşır. Yaxud bəzən qadınlar öz rəfiqəsini yoldaşının yanında tərifləməyə başlayır. Bu cür xırda nüanslar belə ailənin boşanmasına gətirib çıxaran səbəblər ola bilər. Hətta qadın öz yoldaşı ilə söhbət edərkən “mənim uşaqlarım”, “sənin uşaqların” kimi fikirlər söyləməməlidir. O, “bizim uşaqlarımız”, “bizim evimiz” deməlidir, ayrı-seçkilik saldığı zaman ailə forması bütöv bir şar şəklini almır ki, bu zaman da yadlaşma prosesi gedir”.

Ailələrin boşanmasında qayınana, gəlin, yaxud yoldaşın xəyanəti kimi səbəblərin də olduğunu deyən psixoloqun fikrincə, boşanmalara səbəb olan amillərdən biri də qısqanmalardır ki, buna çox yer ayırmaq olmaz və hər şey normal şəkildə olmalıdır: “Son vaxtlar belə bir dəb formalaşıb ki, kişilər evə gəldiyi zaman qadınlar onların telefonlarında axtarışlar aparırlar. Bununla da qadınlar özlərini təhqir edirlər. Qadın özünü bu qədər aşağı səviyyədə dəyərsizləşdirməməlidir”. X.Səfərova onu da bildirdi ki, ailədə bir neçə ildir ki birlikdə yaşamaları ilə bağlı bir-biri üçün adiləşdiyindən qadın yoldaşının ona diqqət yetirmədiyini gördükdə bu adiləşmənin səbəbini axtarmalıdır. Bu məqsədlə bir sıra yeniliklər etməlidir və hətta evin dizaynını dəyişməlidir. Eyni yaşam tərzi, dizayn belə ailəyə təsir edir. Ona görə də qadın ailədə həm siyasətçi, həm ağıllı olmalı, həm də aqressiv olmamalıdır. Hətta bu adiləşmə zamanı qadın öz xarici görünüşünə, geyindiyi paltara belə diqqət yetirməlidir ki, eyni paltar yoldaşının gözünü yora bilər. Eləcə də rəng seçiminə diqqət yetirməlidir. Psixoloq deyir ki, ümumiyyətlə, qadınlar qayınanalarla, uşaqlarla və bütün həyatla düzgün davranış modelini qursa, nə boşanmalar, nə də problemlər olar: “Lakin elə qadınlar var ki, bu normaların hamısına əməl etsə də, boşanmalarla üzləşir. Məsələn, hazırda elə qayınanalar var ki, gəlin maksimum düzgün davranış modelini həyata keçirsə belə ona zülm verə bilər və bu düzgünlüyü görmək istəmir. Nəticə etibarilə əks təsir alınır və boşanmalar özünü göstərir. Bundan başqa qadınlar evdə olduqda yemək hazırlayır, eyni geyimdə qalır. Lakin bir toy mərasiminə gedərkən həmin qadın gözlənilməz dərəcədə dəyişir və yoldaşı bu dəyişikliyə belə təəccüblənir. Çünki həmin qadınların öz daxilində də yoldaşına qarşı adiləşmə prosesi gedib. Yəni bu birtərəfli deyil və qadınların da gözündə kişilər adiləşir. Başqa bir yerə gedərkən qadının özünə diqqət yetirməsinə gəldikdə isə bu, kişiyə görə deyil, onların rəqabəti qadınladır və başqa bir qadından daha yaxşı görünməyə çalışırlar”.

Xatire seferova

Psixoloq onu da bildirdi ki, böyük bir ailə birgə yaşayarkən insanlar bir-biri ilə dil tapmağa çalışmalıdır: “Əslində bu, ailəyə bir köməkdir, yəni nənənin ailədə olması uşaqlar üçün çox yaxşı haldır. Əgər maddi imkanı varsa, ailənin ayrı yaşaması təbiidir. İnsan psixologiyası daha rahat olmağa, komforta üstünlük verir. Ancaq böyük ailədə bütün insanlar elə davranış modelləri ortaya qoymalıdır ki, nəticə etibarilə ailə öz möhkəmliyini qoruyub saxlasın. Avropa ailə tərzini tərcih edənlərə gəldikdə isə bu baxımdan bizdə həmin modeli seçən qadınlar azdır”.

Onu da qeyd edək ki, mövcud səbəbləri həll etməyə çalışmayıb, sadəcə ayrılmaqla onun həllinə qərar verərkən valideynlər düşünməlidirlər ki, bu boşanmalar yalnız onların ailəsinin dağılması ilə deyil, həmin ailədə böyüyən uşağa psixoloji təsirlə də nəticələnir. Gəlin ailələrimizi qoruyaq!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir