issizlik

Hökumət işsizliyə qarşı hansı addımlar atmalıdır?

Baxış sayı: 748

Koronavirus pandemiyası dünyada yüz milyonlarla insanın işsiz qalmasına, gəlir mənbəyindən tamamilə və ya qismən məhrum olmasına gətirib çıxarıb. Əksər analitik mərkəzlər pandemiyanın bu ilin birinci rübünün sonundan etibarən aradan qalxacağını proqnozlaşdırsalar da, mart ayı ərzində xüsusilə Avropada yoluxma səviyyəsinin kəskin artması müşahidə olunur. Bu artım fonunda əksər ölkələr yenidən sərt karantin qapanmalarına getməyə məcbur olurlar ki, bunun da qlobal iqtisadiyyatda bərpa prosesini kəskin ləngidəcəyi gözlənilir. Belə bir şəraitdə əksər ölkələr işsizliyin azaldılması istiqamətində irihəcmli dövlət dəstək mexanizmləri tətbiq etməkdədirlər.

Mart ayının ikinci ongünlüyündən etibarən koronavirusa yoluxma Azərbaycanda da yenidən sürətli artım tendensiyasına keçib. Artıq ölkədə gündəlik yoluxma sayı 2 mindən yuxarıdır. Bu isə artım davam edəcəyi təqdirdə ölkədə yenidən sərt karantin tədbirlərinə qayıdılması ehtimalını artırır. Sərt karantin rejiminin tətbiqi çoxsaylı sahələrdə iş yerlərinin bağlanması deməkdir. Bu isə Azərbaycanda onsuz da getdikcə artan işsiz sayının daha da çoxalmasına gətirib çıxara bilər.

Qeyd edək ki, ağır pandemiya şərtləri altında keçirdiyimiz 2020-ci il ərzində Azərbaycan hökuməti işsizliyin artmaması üçün bir sıra addımlar atdı. Bunlar pandemiyadan zərərçəkən sahələrdə çalışan biznes subyektlərinin əmək haqqı xərclərinin qarşılanması, onların kredit faizlərinin ödənməsi, həmçinin vergi güzəştlərinin tətbiqi aiddir. Bundan əlavə, dövlət qeyri-rəsmi məşğul olub, pandemiya nəticəsində işləyə bilməyən 600 min nəfərə aylıq 190 manat ödəniş təyin edib. Ümumilikdə sərt karantin qapanmaları olan ərazilər və müddətlərdə bu məqsədlə 450 milyon manat pul xərclənib.

2020-ci ildəki bütün çətinliklərə rəğmən,  rəsmi statistikaya görə, Azərbaycanda 129 min yeni iş yeri açılıb.  Bunun 54,9 faizi qeyri-dövlət sektorunda, qalanı dövlət sektorunda olub. Yeni iş yerlərinin 69,3 faizi Bakı şəhərinin, 0,7 faizi Naxçıvan Muxtar Respublikasının, 30,0 faizi digər regionların payına düşüb. Yeni açılmış iş yerlərinin 6,2 faizi yeni yaradılmış, 74,8 faizi mövcud, 0,3 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 18,7 faizi isə digər tədbirlər üzrə yaradılıb.

Bununla yanaşı, 2020-ci il ərzində ölkədə 20,1 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 28,1 faizi qeyri-dövlət, 71,9 faizi isə dövlət sektorunun payına düşüb. İş yerlərinin 20,4 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 79,6 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlarla əlaqədar bağlanıb.

Maraqlıdır ki, Azərbaycanda işsizlik statistikasında ciddi ziddiyyətlər var. Belə ki,  2020-ci ildə ölkədə 129 min yeni iş yeri yaradılıb, 20 min iş yeri bağlanıb. Yəni muzdlu işçi sayında ən azı 109 min nəfərlik artım qeydə alınmalıydı. Amma rəsmi statistikaya görə, 2020-ci ilin 1 yanvarına Azərbaycanda muzdla işləyənlərin sayı 1 milyon 645,4 min nəfər olub. 2021-ci ilin 1 yanvarına isə 1 milyon 691,8 min nəfər olub. Bu isə 2021-ci ilin 1 yanvarınadək, yəni 2020-ci il ərzində muzdlu işçi sayında cəmi 46,4 min nəfərlik artımın olması deməkdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Kürdəmir, müavinləri Ucar və Zərdab rayonlarında vətəndaşlarla görüşəcəklər - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda isə qeyd olunur ki, 2020-ci ildə əmək müqavilələrinin sayında 149 min və ya 10 faiz artım qeydə alınıb: “Əmək müqavilələrinin sayında və əməkhaqlarında mütəmadi artım əməkhaqqı fondunda da ciddi artımı şərtləndirib. 2020-ci ildə aylıq əməkhaqqı fondu 12 faiz (o cümlədən özəl sektor üzrə 18 faiz, dövlət sektoru üzrə 6 faiz) artıb”.

Diqqətçəkən bir məqam isə budur ki, cari ildən ölkədə muzdlu işçi sayının azalması qeydə alınır. Belə ki, rəsmi statistikaya əsasən 2021-ci ilin 1 fevralına Azərbaycanda muzdla çalışan işçilərin sayı 1684,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 915,3 min nəfər, qeyri-dövlət sektorunda isə 769,1 min nəfər təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,4 min nəfər və ya 2,6 faiz artım deməkdir. Lakin bir ay əvvəlki göstərici ilə müqayisədə muzdlu işçi sayında 7,4 min nəfərlik azalma qeydə alındığı görünür. Nəzərə alsaq ki, ölkə üzrə məşğul əhalinin sayında artım baş verir, bu zaman işsiz sayının daha da çoxaldığını söyləyə bilərik. Belə ki, 2021-ci il yanvarın 1-i iqtisadi fəal əhalinin sayı 5252,5 min nəfər, fevralın 1-dək artaraq 5253,4 min nəfər olub. Fevral ayında iqtisadi fəal əhalinin sayı daha da artmaqla 5259.2 min nəfərə çatıb.

Yanvar ayında ən çox iş yeri tikinti sahəsində azalıb – 6.5 min nəfər. Azalmanın 3 min nəfəri dövlət, 3,5 min nəfəri isə özəl bölmədə baş verib. Ay ərzində cəmi iki sektorda artım baş verib. Bunlardan daha çox artım İnzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində olub – 11,2 min nəfər. Bu zaman artım yalnız dövlət bölməsinin hesabına baş verib – 12,2 min nəfər. Böyük ehtimalla, bu, ictimai iş yerləri ilə bağlıdır. Özəl bölmədə isə bu sektorda muzdlu işçilərin sayı min nəfər azalıb.

Muzdlu işçi sayının artdığı ikinci sahə olan dövlət idarəetməsi və müdafiə; sosial təminat sahəsində yanvarda 100  nəfər artım qeydə alınıb. Bu zaman dövlət bölməsində 200 nəfərlik artım, özəl bölmədə isə 100 nəfərlik azalma olub.

Statistik məlumata əsasən, 2021-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,0 faiz azalaraq 690,9 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Rəşad Həsənov: “Yeni qaz yatağı müəyyən imkanlar formalaşdırır”

Pandemiyanın davam etməsi, növbəti sərt karantin tədbirləri ehtimalının artması şəraitində dövlət işsiz sayının artmasının qarşısını almaq üçün hansı addımlar ata bilər? Sualı cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a bildirdiyinə görə, pandemiya dövründə Azərbaycanın əmək bazarındakı vəziyyət xeyli mübahisələr doğurur: “Faktiki olaraq pandemiya şəraitində əmək bazarında iş yerlərinin sayında azalma baş verib. Amma rəsmi statistika muzdlu işçi sayının artdığını göstərirdi. Bu da əsasən əmək münasibətlərinin rəsmiləşdirilməsi hallarının artması ilə bağlıdır – sərt karantin rejimində işçilərə SMS icazə almaq üçün onlarla məcburən əmək müqaviləsi imzalanırdı. Bir çox hallarda qeyri-rəsmi məşğul şəxslər hərəkət sərbəstliyi əldə etmək üçün tanış şirkətlərdə əmək müqaviləsi bağlayırdılar. Digər tərəfdən, sahibkarlar dövlətin əmək haqqına etdiyi yardımdan bəhrələnmək istəyirdilər deyə işçi sayını azaltmırdılar. Amma bu ildən artıq dövlətin əmək haqqına dəstəyi dayanıb, SMS icazə sistemi tətbiq olunmur. Buna görə də sahibkarlar onsuz da formal xarakter daşıyan əmək müqavilələrini ləğv edirlər. Pandemiyanın təsirləri kifayət qədər ağırdır, çoxsaylı sahibkarlıq subyektləri normal maliyyə-təsərrüfat fəaliyyətini təmin edə bilmirlər. Bu şəraitdə onlar işçi sayını azaltmağa başlayıblar. Bütün bunların nəticəsi olaraq biz muzdlu işçi sayının azalmasını müşahidə edirik”.

Ekspertə görə, dövlət işsiz sayının artmasının qarşısını almaq üçün əksər ölkələrin istifadə etdiyi mexanizmdən yararlanmalıdır: “İndiki halda hökumətin görəcəyi iş məcmu tələbin dəstəklənməsi, istehlak qabiliyyətinin gücləndirilməsi və dolayısı ilə bazarda istehsal prosesinin, xidmət sektorunda aktivliyinin təmin olunması ola bilər. Amma burada da çətinliklər var. Hökumət pandemiya dövründə maksimum ehtiyatlı davranmağa çalışdı. Çünki qarşıda manatın məzənnəsinin qorunub saxlanması, idxal təzyiqli inflyasiyanın idarə olunan həddə saxlanması kimi vəzifələr də var. Buna görə də hökumət nisbətən yumşaq pul-kredit siyasətinə də keçə bilmir. Yəni çətinliklər var. Hökumət çalışmalıdır mümkün qədər iqtisadi mühiti liberallaşdırsın, əmək şərtlərini liberallaşdırsın. Xüsusilə də sosial sığorta yığımları ilə bağlı müəyyən islahatların aparılmasına ehtiyac var. Mövcud yığım həddi sahibkarlar üçün kifayət qədər ağır maliyyə yükü formalaşdırır. Pandemiya dövründə əmək haqqından sosial ayırmaların bir qisminin dövlət tərəfindən kompensasiya olunması gözlənilirdi, lakin bu, olmadı. Düşünürəm ki, heç olmasa bundan sonrakı dövrdə bu sahədə sahibkarlara yönəlik yumşalmaya gedilməlidir. İqtisadiyyatdakı liberallaşdırma ilə birlikdə bu addım iqtisadi aktivliyin bərpası baxımından ciddi dəyişikliklərə nail olmağa imkan verər”.

Qeyd edək ki, 2021-ci ildə dövlətin məşğulluq tədbirləri sırasında ictimai iş yerlərinin yaradılması, özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsi kimi tədbirlər var.

Dünya SAKİT,




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir