insan alveri

İnsan alveri cinayətlərini törədənlərin əksəriyyətinin qadın olmasının kökündə nə dayanır?

Baxış sayı: 875

İnsan alveri cinayətləri törədənlərin əksəriyyəti qadınlardır. Bu barədə informasiya Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2020-ci il üzrə illik məlumatında əksini tapıb. Məlumata görə, ötən il insan alveri və məcburi əmək cinayətlərinə görə başlanan cinayət işləri üzrə 20 şəxs təqsirləndirilən şəxs qismində cəlb edilib. Təqsirləndirilən şəxslərdən 17 nəfəri qadın, 3 nəfəri kişi olub.

 

İnsan alveri cinayətlərini törədənlərin əksəriyyətinin qadın olmasının kökündə nə dayanır?

Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Həbibə Qəribova həm insan alveri cinayətlərinin böyük hissəsinin qadınlar tərəfindən törədilməsinin səbəblərindən, həm də mərkəz olaraq gördükləri işlərdən danışdı: “Səbəb olaraq erkən nikahlar, məişət zorakılığının qurbanı olma kimi hallar da bu kimi cinayətlərə yol açır. Biz mərkəz olaraq burada insan alverinin qurbanı olan şəxslərin reabilitasiyasını təşkil edir və onlarla iş aparırıq. Burada sosial, hüquqi, tibbi, psixoloji yardımlar göstərilir və həmin şəxslərin işlə təminatı istiqamətində müəyyən addımlar atılır. Bundan başqa, bu şəxslər peşə təhsili, müəyyən bacarıqlarla təmin olunurlar. Bilirsiniz, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi var. Biz insan alverinin qurbanı olan şəxsləri aidiyyəti üzrə sözügedən agentliyə yönləndiririk və onlar işlə təmin olunurlar”.

Mərkəz direktoru bildirir ki, insan alverinin qurbanı olan şəxslərə yardımlar mütəmadi olaraq göstərilir: “Yəni bunun konkret bir müddəti, zamanı yoxdur. İnsan alverinin qurbanı olan şəxsi mütəmadi olaraq müxtəlif yardımlarla təmin edirik. Bu şəxslərin sonrakı həyatları da nəzarətimizdə olur. Onlar peşə kurslarına yönəldilirlər, bu kursları bitirdikdən sonra hansı fəaliyyətlə məşğul olduqlarını araşdırırıq”.

“İstismar növündən asılı olaraq vəziyyət dəyişir. Lakin daha çox qadınlar cinsi istismara məruz qalırlar. Və eyni zamanda cinsi istismar cinayətləri də əksər hallarda qadınlar tərəfindən törədilir. Bu da qadının qadını daha çox inandıra bilərək aldatması ilə əlaqədardır”, – deyə o bildirir.

H.Qəribova bildirir ki, insan alverinə qarşı mübarizənin əsas prinsipləri qurbanların cəmiyyətdə ayrı-seçkiliyə məruz qalmasının qarşısını almaq, qurbanların təhlükəsizliyini və onlarla nəzakətli rəftarı təmin etməkdir. Daha dəqiq olaraq, AR-da insan alverinə qarşı mübarizənin aşağıdakı prinsipləri var:

-İnsan alveri qurbanlarının cəmiyyətdə ayrı-seçkiliyə məruz qalmasının qarşısının alınması;

-İnsan alveri qurbanlarının təhlükəsizliyinin və onlarla nəzakətli rəftarın təmin edilməsi;

-İnsan alverinə görə cəzanın labüdlüyü;

-Hüquqi, siyasi, sosial-iqtisadi və təşkilati xarakterli profilaktik tədbirlərin həyata keçirilməsi;

-İnsan alverinə qarşı mübarizəyə qeyri-hökümət təşkilatlarının cəlb edilməsi;

-İnsan alverinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi;

insan alveri

“Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə isə bildirir ki, insan alveri dedikdə yalnız qadınların seksual istismarı nəzərdə tutulmamalıdır:

“Halbuki bu ölkədə uşaq əməyinin istismarı daha aktualdır, nəinki qadının cinsi istismarı. Ən böyük işimiz maarifləndirmədir. Həssas qruplar kimi qiymətləndirdiyimiz ailələr, xüsusi qayğıya ehtiyacı olan insanlar, baxımsız şəraitdə olan uşaqlar da potensial olaraq insan alverinin qurbanı hesab edilirlər. Daha çox onların maariflənməsi, bu şəxslərlə profilaktik tədbirlərin həyata keçirilməsi önəmlidir ki, gələcəkdə insan alverinə məruz qalmasınlar”.

O insan alveri qurbanına çevrilmənin səbəblərindən söz açıb: “Erkən nikahlar, uğursuz ailə modelinin inikişaf etməsi, qızların tək anaların himayəsində böyüməsi, təhsildən kənarda qalma, tez-tez ölkədaxili miqrasiya insan alverinə səbəb amillərdəndir. Ailə təsərrüfatında uşaqların əməyə cəlb edilməsi də onların bezməsinə səbəb ola bilər. Ən çox münaqişəli ialələrdən çıxan uaqlar, qadınlar, erkən nikahın qurbanı olanlar insan alverinin qurbanı olurlar. Erkən yaşlarda cinsi zorakılığa məruz qalanlar, fiziki şiddət görən qızlar gələcəyin insan alveri qurbanlarıdır”.

“Azərbaycanda insan alveri ilə mübarizədə yetərincə iş aparılır. İnsan alverinin bir növü kimi illərdir Azərbaycanda cinsi istismar ön pillədə idisə, bu gün biz daha çox məcburi əməyi və uşaq istismarını önə çəkə bilərik. Lakin bu o demək deyil ki, uşaq istismarı və məcburi əməklə bağlı rəqəmlər həddindən artıq böyükdür. Qeyd edim ki, get-gedə bu sahədə də çox böyük nailiyyətlər əldə olunub. Baxın, DİN-in statistikasında rəqəmlərin öncəki illə artması artım kimi qəbul olunmamalıdır. Bu, illər öncə insan alveri qurbanı olanların aşkarlanmasıdır”, – deyə birlik sədri əlavə edib.

K.Ağazadə qeyd edir ki, təhsilə önəm verilməsi, peşə yönümlü ixtisasların çoxaldılması, kursların əlçatanlığının olması bu kimi halların qarşısını almaqda köməklik edə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir