EDV

ƏDV-nin qaytarılmasında nüanslar: daha tez mümkündürmü?

Baxış sayı: 808

2020-ci ilin may ayından ölkədə pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizm uğurla tətbiq edilir. Həmin dövrdən 2021-ci ilin 1-ci rübünün sonunadək istehlakçılara 60,2 milyon manat geri qaytarılıb. 2021-ci ilin 1-ci rübü ərzində çek əlavə edən müştərilərin sayında artım dinamikası müşahidə edilib. Bu da “ƏDV geri al” layihəsinə olan marağın sürətlə artmasını göstərir.

Bəs maraqlıdır, hansı mal və məhsullara ƏDV tətbiq edilmir? Vətəndaşa ƏDV-nin 1 ay içərisində deyil, daha tez geri qaytarılması mümkündürmü?

İqtisadçı Rəşad Həsənov deyir ki, kənd təsərrüfatı məhsulları, çörək, un və digər bir sıra məhsullar ƏDV-dən azaddır:

“Xüsusilə yeni nəsil kassa aparatlarında hər bir məhsul növü üzrə ƏDV ayrıca hesablanır. ƏDV-nin hesablanması 0-18 faiz arasında aparılır. Ola bilər ki, vətəndaşın marketdən aldığı məhsulların bir çoxu ƏDV-dən azaddır və belə olan halda az ƏDV geri qaytarılır. Ümumiyyətlə, ticarət müəssisələrinin ƏDV-nin hesablanması prosesi ilə heç bir əlaqəsi yoxdur”.

Ekspertin fikrincə, ƏDV-nin daha tez geri qaytarılması mümkün deyil: “1 ay ərzində Vergi Xidməti yoxlamalar aparır. Bu proses kütləvi şəkildə olduğu üçün burada 1 ay vaxt lazım olur”.

İxrac əməliyyatlarında ƏDV geri qaytarılması. Və yoxlamadan keçməmisinizsə və ƏDV sizə qaytarılmayıbsa? ƏDV-nin qaytarılması üçün tələb olunan sənədlər

İqtisadçı Radil Fətullayev də bildirir ki, bütün məhsullar ƏDV-yə cəlb edilmir: “Məsələn, damazlıq heyvanların, toxum və tinglərin, mineral gübrələrin, pestisidlərin idxalı və satışı, heyvan və quş ətinin satışı, kəpəyin istehsalı və satışı, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr, külçə, sikkə və ya qranula şəklində qızılın və gümüşün satışı ƏDV-dən azaddır”.

ƏDV-nin daha tez geri qaytarılması məsələsinə də toxunan iqtisadçı bildirib ki, qanuna görə, 15 gün ərzində vətəndaşın məhsulu və ya malı mağazaya geri qaytarmaq hüququ var: “Ona görə də ƏDV-nin vətəndaşa geri qaytarılması 15 gündən tez ola bilməz və bu proses 1 ay çəkir. Ola bilər, vətəndaş 15 gün ərzində mağazadan aldığı malı geri qaytarsın”.

Mütəxəssis qeyd edir ki, yanacaqdoldurma məntəqələrindən neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV geri qaytarılmır:

“Onsuz da yanacaqdoldurma məntəqələri kassa çekini vururdular. Burada əsas hədəf kassa çekini vurmayan müəssisələri buna təşviq etməkdir. Başqa sözlə, bu istiqamətdə ictimai nəzarəti artırmaqdır”.

Xatırladaq ki, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı bir neçə məqama diqqət yetirilməlidir. İlk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalıdır. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb edilməlidir. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.

İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizi, nağd ödənişlər üzrə isə 10 faizi müvəkkil banklar tərəfindən alıcının elektron kabineti açılarkən yaradılmış virtual “pul qabı”na yerləşdirilir. İstifadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir