aile

Azərbaycan ailələrində ailənin və evin idarəolunması məsələsini necə həll edirlər?

Baxış sayı: 630

Sağlam ailənin müasirləşməsi, yeniliyə meyilli olması heç də onun möhkəm olmaması ilə əlaqələndirilməməlidir. Sağlam təməli olan ailə hər zərbəyə davam gətirməlidir. Sağlam ailəsi olan cəmiyyətin təməli də möhkəm olur. Hər xırda mübahisə, kiçik problemdə ailə silkələnirsə, o sağlam deyil və toplum üçün təmələ qoyulmuş “bomba” effektini verir.

Azərbaycanda ailə ilə bağlı vəziyyət hər gün bir az daha dəyişir. Müxtəlif mədəniyyətlərin təsirləri nəticəsində fərqli düşüncə və yaşam tərzi formalaşmaqdadır. Bir qisim insan Avropa dəyərlərini əsas götürür, özünü Avropada zənn edərək bizə xarakterik olmayan davranışlar sərgiləyir.

Digər qisim dini ənənələrə uyğun sərt yaşam tərzini müdafiə edir. Başqa bir qisim insan isə öz milli-tarixi dəyərlərimizin qorunub saxlanmasında var gücü ilə çalışır.

İnkar etmək olmaz ki, hər mədəniyyətin yaxşı adətləri, örnək alınmalı davranışları var. Ona görə də hər bir mədəniyyətdən yaxşı dəyərləri götürmək lazımdır. Lakin bu, heç də öz milli dəyərlərimizin itirilməsi prosesi ilə paralel olmamalıdır. Çünki dünyadan alacağımız dəyərlər kimi, dünyaya verəcək örnəklərimiz də az deyil. İnteqrasiya prosesləri fonunda, o cümlədən qloballaşmanın təsiri altında əriyib getməməliyik.

Azərbaycanda inkişaf etmək, müasirləşmək fikrinin daha çox təqlid etmək kimi anlaşıldığı məlumdur. Hazırda cəmiyyətimizdə belə təqlid həvəskarları az deyil. Əvvəlki dövrlərdə ailənin möhkəm olmasını bir çoxları mentalitetlə bağlayır.

aile

Ağıl yaşda deyil, başdadır

Sosioloqlar deyir ki, ailə kiçik bir dövlətdir və o “dövlət”in də daxilində münaqişə də olur, sülh də. Ailənin böyüyü yaş anlayışını ifadə etmir və ola bilər ki ailədə yaşca kiçik olan birinin fikirləri yaşı çox olanın fikirlərindən daha çox ağlabatan və obyektiv olsun.

Kişilər adətən ailədə son sözü deməyə adət etdikləri üçün qadının qərar qəbul etməsinə normal baxmırlar. Düzdü, qadına söz haqqı verilir, amma el arasında bir söz var, “xala-xətrin qalmasın” deyə fikrini də soruşurlar. Lakin nəticə yenə də kişinin istədiyi formada olur.

Bir çoxumuzun ailəsində nənə və babalarımız da var və onlar da ailədə alınan vacib qərarlarda söz haqqına malikdirlər. Düzdür, bəzən gənclərlə sözlər üst-üstə düşümür və mübahisə yaranır. Amma nəticə etibarilə ailədə böyük sözü dinlənilir.

AILE

Qadının ailədə yeri necə olmalıdır?

Bizim cəmiyyətdə qadın olmağın üstünlüklər də var, çatışmazlığı da. Müsəlman ölkələrinin çoxunda olan qadın-kişi bərabərliyi problemi, gender məsələsi bizdə o qədər də qabarıq deyil. Azərbaycanın dünyəvi dövlət olması bu məsələdə böyük rol oynayır.

Qadınların ailədə söz haqqına sahib olması məsələsi indi gündəmdə olan və çox müzakirə edilən mövzudur. Düzdür, bizim cəmiyyət də “süddən çıxmış ağ qaşıq” deyil, çatışmazlıq çoxdur, amma qadınların ailədə söz haqqına sahib olması və fikirlərinin nəzərə alındığını da bilirik.

Amma ailədə olan böyük və ya kiçik məsələlər çox vaxt cəmiyyətin gözündən uzaq baş verir. Qadının ailədəki yeri çox vaxt ətrafının xəbərdar olmadığı məsələdir. Kənardan baxınca hər şeyin qaydasında olduğunu düşünənlər sonra ailənin problemlərinə şahid olurlar.

Ailədə alınan vacib qərarlarda söz haqqına sahib olan qadınlar da var, bir cümlə deməyə ixtiyarı olmayanlar da. Hətta söz haqqı istədiyinə görə şiddətə, zorakılığa məruz qalanlar da var. Bəzi ailələrdə hələ də “qadının yeri mətbəxdir” düşüncəsi hakimdir.

Aile

Ailədə kişinin yeri necə olmalıdır?

Qələminə hörmət etdiyim yazarlardan birindən bu məsələni soruşdum, xanımına ailədə söz haqqı verdiyini söylədi, amma heç vaxt onun sözlərini ciddiyə almadığını da dedi. “Onun söylədiyi ümumi vəziyyətin xeyrinə olsa belə?” deyə soruşdum, “öz qərarımın səhv olduğunu bilsəm də, onun qərarı ilə oturub durmaram” dedi. “Səbəb?” deyə soruşdum, “qadının ağlı ilə oturub-durmaq zəiflikdir” dedi.

Bu cür düşünən kişilərimiz çox deyil, amma az da deyillər. Əksər kişilərə görə, ailənin bir “rəisi” var, o da kişidir. Cəmiyyətdə ümumi bir rəy formalaşır ki, qadın yalnız biş-düşlə, uşağın tərbiyəsi ilə, evin səliqə-sahmanı ilə məşğul olmalıdır, qərarlar isə kişilərin öhdəsindədir.

Düzdür, dövr dəyişdikcə cəmiyyətin baxış bucağı da dəyişir. İndi qadınlar özlərini mətbəxdə deyil, ailədə önəmli statusa malik olduğunu sübut edirlər. İndi əksər hallarda ailənin, evin idarə olunması ilə bağlı qərarlar birlikdə verilir.

Mühafizəkar kişilər və qadınlar hesab edir ki, ailədə son sözü kişi deməlidir. Bəzi kişilər məsələyə belə yanaşır: “Mən razı olmaram ki, mənim xanımım mənim sözümün üstündən söz desin. Fikrini soruşaram, amma yenə son sözü mən deyirəm”.

Bəziləri isə belə fikirləşir: “Ömrü boyu bozbaş bişirməkdən başqa əlindən heç nə gəlməyən arvad sənə ağıl verməyə qalxırsa, bu, normal deyil.”

aile

Psixoloq: Ailənin bir böyüyü, himayəçisi olmalıdır, amma…

Sağlam Cəmiyyət Hərəkatının eksperti, psixoloq Fəridə Məmmədova deyir ki, milli mentalitet deyilən dəyərlərlə razılaşsaq ailənin böyüyü kişi sayılır: “Bu qadın və kişilərin hüquq bərabərliyini pozur. Amma ailəyə bir nizam-intizam da gətirir. Minillərin sınağından çıxmış bir sistem var. Ona görə atalarımız deyib ki, Allahsız yerdə otur, böyüksüz yerdə oturma. Böyüklük o deməkdir ki, ədalətli və fədakar olasan. Əgər ailənin qadını həyat yoldaşı ilə birgə çiyin-çiyinə çalışırsa, ailənin yükünü sosial baxımdan əri qədər çəkirsə, ağlı kişinin ağlından geri qalmırsa, onun kimi yetkin insandırsa, o zaman ailənin və evin idarəolunmasında onun da rolu və fikri olmalıdır. Ailəyə böyüklük hər ikisinin üzərindədir və hər hansı qərarı birlikdə anlaşaraq qəbul etməlidirlər. Lakin kişi həm bioloji, həm hüquqi, həm sosioloji cəhətdən ailənin böyüyüdür”.Psixoloq deyir ki, ailədə qadın və kişinin qarşlıqlı anlaşması bütün problemlərin həlli deməkdir: “Ola bilər qadın ərindən 5-10 yaş kiçik olsun, amma problem olanda daha ağlabatan fikir irəli sürsün. Ola bilsin əksinə. Əsas olan verilən qərarın ailənin birliyinə xidmət etməsidir. Fərq etməz, qadın ya kişi. Onlar ayrılıqda yarımçıqdırlar və yalnız birlikdə bir ailəni qura bilərlər. Bunu anlayan bütün cütlüklər ailədə söz birliyi, əməli birlik nümayiş etdirirlər. Qısa desək, ailənin böyüyü ikiliyin yaratdığı birlikdir və bu birlik ikiliyə ayrıldıqda ailədə həll edilməsi çətin olan psixoloji problemlər yaranır”.

aile

Sosioloq: “Ailəni ahəng idarə etməlidir”

Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, ailə sosial mərkəzdir və o mərkəzin idarəsində ahəng önəmlidir: “Bu ahəngi ailədə kim yarada bilirsə başçı odur. Ola bilər ki, qadın daha məharətli olsun və ailədə uyum, uyğunluq, sülh, ahəng yarada bilir, niyə də ailənin böyüyü o olmasın? Və yaxud da əksinə.”

“Azərbaycan gerçəkliyinə görə ailənin böyüyü adətən kişi olur” deyən sosioloq bildirdi ki, adətən kişi ailəyə baxdığı, maddi cəhətdən təmin etdiyi üçün sorğusuz-sualsız ailə başçısı olurlar: “Cəmiyyətdə də belədir, ailədə də, o lider daha yaxşıdır ki, o despot olmasın, ədalətli olsun. Hər an qan qaraldan, problem yaradan ailə böyüyü böyük deyil. Əgər konkret olaraq “ailənin böyüyü kimdir?” sualına cavab versəydim, o zaman belə deyərdim: -Bu, tarixi, sosial və mənəvi şəraitdən asılıdır”.

aile

Sağlam ailə sağlam cəmiyyət və güclü dövlət deməkdir

Qədim keçmişə malik Azərbaycan xalqının tarixi qədər qədim dəyərləri də var. Bu dəyərlərə hər zaman sadiq xalqımız onları müqəddəs bilib və qorumağa çalışıb. Bu gün bizim vətənə, torpağa, ailəyə, böyüklərə, valideynlərimizə olan sevgimiz məhz buradan qaynaqlanır.

Ailə– bu bir söz özündə çox böyük məfhumu birləşdirir. Mənəvi-emosional hisslər əsasında birləşmiş insanların ümumi maraqlarını ifadə edən bu institut, eyni zamanda, sağlam cəmiyyətin və güclü dövlətin təməlini təşkil edir. Ailənin gücü və cazibəsi, mahiyyəti onun sosial birlik, kiçik sosial qrup və sosial institut kimi xarakterizə edilməsi ilə bağlıdır. Ailə cəmiyyətimizin gələcək fərdinin formalaşdığı mühitdir. Bu mühit nə qədər sağlam və möhkəm olarsa, cəmiyyətimiz bir o qədər yenilməz olar.Ailə insan şəxsiyyətini mədəniyyətə qovuşduran, uşağa insan davranışının normalarını, qaydalarını mənimsədən, sosiallaşmasını təmin edən ilk məktəbdir. Sağlam cəmiyyətdə ilk növbədə bütün bəşəri xüsusiyyətləri, dəyərləri mədəni və estetik kriteriyaları özündə cəmləşdirən sağlam ailə modeli olmalıdır. Bunun üçün isə həm milli mənəvi dəyərlərimizi qorumalıyıq, həm də dövrün tələblərinə uyğun bir ailə formalaşdırmalıyıq. Mənəvi cəhətdən sağlam ailələr sağlam cəmiyyət deməkdir. Sağlam cəmiyyət isə sağlam və güclü dövlət deməkdir.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir