baki

Xəyanət etməyən azərbaycanlı kişilərin problemi

Baxış sayı: 1. 121

Bütün gənc ailələr eyni cür dalaşır; intonasiya, qadınların səsləri, ağlayanda təkrarladığı nidalar… Bu eynilik insanı gənc Azərbaycan ailələri arasında paralellər aparmağa məcbur edir.

Xəyanət!

Subay və evliliyinin ilk vaxtlarını yaşayan əksər qadınların “nömrə 1” keçilməzi!

Adam tanıyıram ki, nişanına bu dialoq son qoyub:

Oğlan: Sənə xəyanət eləsəm, neyləyərsən?

Qız: Mən də eləyərəm!

Bununla da artıq evliliyin bir addımlığında olan cütlük bilmərrə ayrılıb.

Burda fəlsəfə açmağın vaxtı deyil, amma filosoflardan psixoanalitiklərə qədər hər kəs bu qənaətə gəlib ki, kişinin qadına münasibətilə, qadının kişidən gözləntiləri tərs mütənasibdir.

Qadın sevdiyi insanın başqa qadınla birgünlük münasibətini belə aşkarlasa, elə qəbul edir ki, artıq sevgilisi üçün maraqlı deyil. Çünki özündə belədir. O, başqa bir kişi ilə münasibətə girmək üçün əvvəlki kişini tamam unutmalı, bütün köhnə bağlarını ayırmalıdır. Kişidə isə epizodik münasibətlər hər gün təkrarlana bilər və bu münasibətlər heç də o demək deyil ki, onun sevgilisi ilə bütün bağları qopub.

Təbii, son 2-3 minilliyin mədəniyyət, mentalitet, əxlaq modeli kişinin bu genetik istəyini tənzimləmək üzərində qurulub. Gənc kişi bu təbii (bəzilərinə görə heyvani) hissi, yəni gördüyü hər gözəl qadına qarşı duyduğu ehtirasını tənzimləyə bilməlidir. Əks halda, o, əxlaqsız, mədəniyyətsiz, şorgöz və başqa ağır ittihamlarla qarşı-qarşıya qala bilər.

Buna görə, müxtəlif mədəniyyətlər kişilərə qadın mövzusunda bəzi üstünlüklər tanıyır. Məsələn, İslam müəyyən şərtlərlə kişiyə bir neçə dəfə evlənmək imkanı yaradır, bəzi islami təriqətlər “siğə” anlayışı ilə bu uyğunsuzluğa başqa imkanlar əlavə edir.

Təbii ki, əksər kişilərə qalsa, başqa qadınla olan qısamüddətli yaxınlığın adını xəyanət qoymaz. Kişi qafasında xəyanət – qadını atıb başqası ilə yaşamaq, yaxud bir evin içində olsa belə, xəyalən uzun müddət başqasının yanında olmaq, əhdi olduğu qadını unutmaqdır.

Ancaq dünyanın bütün ölkələrində xəyanət anlayışına qadın gözü ilə qiymət verilir, yəni kişinin başqası ilə yaxınlığı analiz edilmir, müddətindən, məqsədindən asılı olmayaraq, bütün yaxınlıqlar xəyanət sayılır, hətta bir neçə dəqiqəlik olub bitmiş bir yataq tsikli belə.

Bu fonda gənc, xəyanət etməyən Azərbaycan kişisinin çox ciddi bir problemi üzə çıxır…

“Kişilər hamısı xəyanət edir…”, “Kişi xəyanət edər…”, “Qoy, mənim xoruzum başqa barılarda banlasın…”, “Əsas odur gecə evə qayıdır…” – kimi ifadələr Azərbaycan kişisinə ümumi bir don biçib:

Xəyanət etməyəni yoxdur!

Bu reallıqda xəyanət etməyəcəyini qafasına qoyan gənc kişi isə özünə qədir ağacının əkilməsini arzulayır, bütün ailə problemi də elə bu gözləntidən doğur.

O, yoldaşına xəyanət etmir və şüuraltı olaraq, yoldaşından bunun mükafatını gözləyir. Qadına görə isə bu, normal bir münasibətdir. Qarşılığında qadın xüsusi nəsə etməməlidir. Axı o özü də xəyanət etmir!

Az əvvəl qeyd olunan əzbər ifadələrdən irəli çıxaraq deyə bilərik ki, əksər Azərbaycan qadınının düşüncəsində, üzə vurmasa belə, kişi xəyanətkardır, o, ən yaxşı halda xəyanətini gizləyə biləndir, xəyanət etməyən yox.

Belə məqamda xəyanət etməyən gənc kişinin içi özünü yandırır, çölü başqasını. Düşünür ki, demək olar, heç kəsin etmədiyi bir fədakarlığı edir, əvəzində, yoldaşından zərrə qarşılıq almır. Təbii, kişi yoldaşının da ona xəyanət etməməsini öz fədakarlığına qarşılıq kimi görmür. Daha doğrusu, bununla toxtamır.

Qadının ona xəyanət etməməsi də kişiyə normal görünür.

O, əlahiddə hörmət gözləyir, bu olmadıqda, ailədə qıcıqlanmalar başlayır. Kişi düşünür ki, mən “hamıdan yaxşı kişi olduğum halda” niyə qədrim bilinmir?

Bu təmənna ilə daim əsəbi olan kişi və bu əsəbin mənbəyini analiz edə bilməyən qadın sonda çox kiçik səbəblər ucbatından dəhşətli uçurumlar qarşısına gəlir, bəzən hətta boşanırlar.

Xəyanət edən kişilər isə xəyanət etməyən həmcinslərindən fərqli olaraq, qaşqabaqlı olmur, əməllərinin üstü açılmasın deyə, evdə daim mehriban davranır, yoldaşının sosial, maddi təkliflərinə açıq olur.

Beləliklə, həmin evlərdə daha az problemlər yaşanır.

Xəyanət etməyən kişilərin bu dərdi danışılası, deyiləsi, analiz olunası bir problem deyil. Fərdi, yalnız insanın içində çözüləsi bir dilemmadır.

Kişi özü qərar verməlidir, ya xəyanət etməməyini normal insanlıq halı kimi görməli, qarşılıq gözləməməli, təmənnalarını yığışdırmalıdır, ya da…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir