tehsil

Universitetlərdə təhsil haqqı yüksək, keyfiyyət isə aşağıdır – təklif

Baxış sayı: 813

İki ilə yaxındır ki, ölkədə pandemiya vəziyyəti davam edir. Pandemiya vəziyyətinin davam etməsi bir çox fəaliyyət sahələrinə mənfi təsir etdi. Pandemiyanın təsirləri təhsildən də yan keçmədi. Ənənəvi tədris distant təhsillə əvəzləndi. Maraqlıdır, mövcud durum ali məktəblərin təhsil haqlarına necə, təsir edibmi?

Təhsil eksperti Kamran Əsədov bildirir ki, cari ildə ali təhsil müəssisələrinin təhsil haqlarında hansısa ciddi artım müşahidə edilməsə də, ölkədə təhsil haqları kifayət qədər yüksəkdir:

Kamran Əsədov ali təhsil müəssisələrinin bakalavr pilləsi üzrə ləğv olunan ixtisaslardan yazıb – Tam siyahı

“Ən yüksək təhsil haqqı ADA universitetinin “Hüquqşünaslıq” fakültəsindədir . Burada illik təhsil haqqı 6 min  500 manatdır. Ən aşağı təhsil haqqı isə Azərbaycan Dillər Universitetinin “Alman dili müəllimliyi”, “Fransız dili müəllimliyi” fakültələrindədir. Bu ixtisaslar üzrə isə təhsil haqqı 1000 manatdır”.

O bildirir ki, regionlarda isə təhsil haqları fərqlidir: “Sumqayıt Dövlət Universitetinin qiyabi təhsil üzrə illik haqqı 1200 manatdır. Digərlərində isə bu məbləğ hədsiz dərəcədə yüksəkdir”.

K.Əsədovun sözlərinə görə, təhsil haqqı yüksək olsa da, ciddi kadr hazırlığı həyata keçirilmir:

“Yəni, alınan təhsil haqqı reallıqda özünü doğrultmur. Əmək bazarına daxil olan məzunların bilik və bacarıqlarına əsasən də bunu demək olar. Vəziyyətin bu cür olmasının da əsas səbəbi tədrisin keyfiyyətinin yüksəldilməsi ilə bağlı addımların zəif atılmasıdır”.

O bildirir ki, ali təhsil müəssisələri məzunlarının keyfiyyət göstəricilərini heç bir halda yoxlamır, ölçmür.

İlqar Orucov: "Təhsili əlçatan etməliyik" -

Təhsil eksperti İlqar Orucov da bu problem ətrafında danışıb. O bildirir ki, ABŞ və İngiltərə kimi ölkələrdə də təhsil haqları kifayət qədər yüksəkdir. Bu, illik olaraq 50-60 min dollar həcmindədir. Ekspertin sözlərinə görə, bu qiymətə universitetin reytinqi, keyfiyyət göstəricisinin də təsiri var: “Avropa təcrübəsində universitetlərdə təhsil haqları fərqlidir. Belçikanın universitetlərində avropalı tələbələr üçün təhsil haqları illik 250 avrodur. Avropa İttifaqına daxil olmayan ölkələrdən gedən tələbələr üçün isə təhsil haqları 1500-2000 avrodur. Qiymətlərin bu cür olmasında da məqsəd təhsilin əlçatanlığının təmin olunmasıdır”.

O qeyd edir ki, Hollandiyada əcnəbi tələbələr üçün illik təhsil haqqı 10 min avro olsa da, yerli tələbələr üçün bu məbləğ kifayət qədər aşağıdır. Ekspert deyir ki, Azərbaycanda universitetlər bu əcnəbi universitetlərdən çox geri qalsa da, təhsil haqları yüksəkdir. O bunun səbəblərindən də söz açıb:

“Xaricdə universitetlər gəlirlərini təkcə təhsil haqqı hesabına formalaşdırmırlar. Universitetlərin xeyli əlavə gəlir əldə etmək imkanları var. Bu da imkan verir ki, həmin universitetlər təhsil haqlarını çox da yüksək etməsinlər. Biz ali təhsilin səviyyəsini ən azı Türkiyədəki səviyyəyə qaldıra bilsək, yaxşı olardı. Türkiyədə özəl universitetlərdə təhsil haqları yüksəkdir. Bu da fakültədən asılı olaraq dəyişir. Lakin Türkiyənin dövlət universitetlərində təhsil haqları kifayət qədər aşağıdır. Məsələn, Akdeniz Universitetinin Tibb fakültəsində illik təhsil haqqı 750 dollardır ki, bu da kifayət qədər az məbləğdir. Ankara Universitetində “Kompüter elmləri” üzrə təhsil haqqı bizim yerli məzənnə ilə 3 min manatdır. Bu universitetlərin reytinqi də bizim universitetlərin reytinqindən yüksəkdir. Bu səbəbdən düşünürəm ki, Azərbaycanda təhsil haqları yüksəkdir”, – deyə İ.Orucov əlavə edib.

O bildirir ki, Azərbaycanda çox yaxşı universitetlər də var, amma onlarda da təhsil haqları yüksəkdir. Ekspert çıxış yolundan danışır: “Düşünürəm ki, biz təhsil haqları aşağı olan universitetləri də qurmalıyıq. Bahalı universitetlər də olsun, aşağı təhsil haqqı olan universitetlər də olmalıdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir