Nermine Abbasova

Stomatit nədir və necə müalicə olunur? – HƏKİM DANIŞIR

Baxış sayı: 989

Stomatitlə demək olar ki, hər bir insan nə vaxtsa qarşılaşır. Bu xəstəliyə həm uşaqlarda, həm böyüklərdə çox tez-tez təsadüf edilir. Xoralar ağızın yumşaq toxumalarında – dodaq, yanaq, diş əti, dil, damaqda rast gəlinə bilər. Xoraya səbəb ağızın selikli qişasının iltihabıdır. Belə ki bakteriyalar stomatitin inkişafına səbəb olur. Bu, gigiyena qaydalarına riayət etməməsi, immun sistemini zəifləməsi, ağız boşluğu selikli qişasının travmaları zamanı mümkündür”.

Bu xəstəliklə bağlı “Gencaile.az” saytına Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, ailə həkimi, həkim-terapevt Nərminə Abbasova danışıb.

Nərminə xanım bildirib ki, bəzi hallarda xora hətta qida borusunda da yerləşə bilər:

“Əksər hallarda xoralar 1-2 həftə ərzində öz-özünə keçir və az narahatçılıq verir. Əgər stomatit yüksək hərarət, dəridə suluqların əmələ gəlməsi və sair simptomlarla müşayiət olunarsa, mütləq həkimə müraciət edilməlidir. Bunu da bilmək mütləqdir ki, bəzi dərman preparatlarının uzun müddət ərzində qəbulu stomatitin inkişafına səbəb ola bilər. Bu dərmanların arasında: antibiotiklər, epilepsiya əleyhinə preparatlar, xərçəng xəstəliyinin müalicəsində istifadə olunan dərmanlar da var”.

Həkim deyir ki, stomatitin iki əsas növü var. Bunlar Aftoz stomatit və Herpes stomatitdir:

“Avtoz stomotit qırmızı haşiyəli ağ və ya sarımtıl xoralar ilə xarakterizə olunur. Tək və ya topa halında yerləşə bilər, daha çox yanağın daxili səthində və damaqda rast gəlinir, yoluxucu deyildir”.

Həkim-terapevt deyir ki, buna mümkün səbəblər travma, breket zədəsi, yanağı, dili dişləmək, xərçəng üçün kimya terapiyası, ağız quruluğu, siqaretçəkmə, bakterial və ya virus infeksiyası, immun sistemin zəifləməsi, cinsi yolla keçən infeksiyalar, stress, güclü kimyəvi maddələrdən qıcıqlanma, allergik reaksiya, isti içki və qidanın səbəb olduğu yanıqlardır.

Qeyd edildiyi kimi, stomotitin ikinci növü herpes stomatitidir. N.Abbasovanın sözlərinə görə, herpes stomatiti “uçuqlama” olaraq bilinən, daha çox dodaq ətrafında rast gəlinən yaralardır:

“İçərisi maye dolu və ağrılı olur. Xora yaranmazdan əvvəl yerində qıcıqlanma, yanma hissi və həssaslıq olur. Belə xoralar quruyur və üzəri sarı qabıq bağlayır. Herpes stomatiti olduqca yoluxucudur”.

Nərminə xanım xəstəliyin müalicəsindən də bəhs edib. Bildirib ki, stomatitin müalicəsi onu törədən səbəbdən asılıdır:

“Bu səbəbin aradan qaldırılması stomatitin təkrar yaranmasının qarşısını alır. Yerli olaraq isə ağrını azaltmaq və sağalma prosesini sürətləndirmək üçün yerli kortikosteroidlər, antibiotiklər, anestetiklər istifadə oluna bilər”.

Həkim-terapevt vurğuladı ki, stomatitin təkrar yaranmasının qarşısını almaq üçün yumşaq diş fırçası istifadə etmək, qidalanma və su balansına nəzarət etmək, xroniki ağız quruluğunu müalicə etmək, antiseptik ağız yaxalama sularından istifadə etmək tövsiyə olunur.

Nərminə xanım onu da qeyd etdi ki, stomatit zamanı ağız boşluğunun selikli qişası iltihablaşmış olur. Bu səbəbdən xəstə xüsusi pəhriz saxlamalıdır. Qida yumşaq, yüngül, ilıq olmalı, menyuda əsasən tərəvəz püreləri, suplar yer tutmalıdır. Şirin, istiotlu, turş, isti, qızardılımış qidalar, qəhvə, şokolad əks-göstərişdir:

“Bəzi xalq təbabəti üsulları da stomatit zamanı çox yaxşı müalicəvi effekt verir. Çobanyastığı, kalendula bitkisindən hazırlanan dəmləmə ilə qarqara çox yaxşı təbii antiseptikdir. Propolis dəmləməsi ilə qarqara da çox yaxşı kömək edir”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir