-Bizim qadınların başı xarabdır, Vallah. İnanın elə əsəbiyəm, əlim-ayağım əsir. İndi danışım, baxın, görün haqsızam əsəbiləşməkdə ya yox.
(İlk dəfə deyildi bu qədər hərarətli daxil olurdu içəriyə Ayşən. Onsuz da emosional olan bu xanım taleyi gərəyi bir az da artırıb həssaslığını, bu xəstəlikdir artıq.)
– Öncə oturaq, Ayşən?
– (Gülümsəyir) Başımı itirmişəm. Bağışlayın. Bu məktəb adamda baş qoyar?! 3 ildir uşaq eyni sinifdə oxuyur. Hər il eyni problem! Sinifdə 30 uşaq var, onlardan ikisinin ailəsi boşanıb. Biri mən, biri də başqa bir valideyn. Onun uşağın anası gətirir. Heç üzün də görməmişik. Mənim anam rəhmətə gedib, bilirsiniz. Atam da xəstə, yaşlı kişidir. Ona görə uşağı özüm aparıb-gətirirəm. İlahi, bu valideynlərin əlacı ola məni daşlayarlar. Bəlkə də aralarında ən qapalı geyinən, ən qaraqabaq mənəm. Amma onların gözündə mən ərlərini əlindən alma potensialı olan bir … (gözü qızarır. Əsəbin cilovlayıb, göz yaşın udur.) Əvvəl öz-özümə deyirdim ki, Ay Ayşən, sən özündən xoflusan, uydurursan. Amma sonra baxdım ki, yox. Belə deyil. Uşaqlar piknikə gedir, mənə demirlər. Valideynlər çay içməyə görüşür, heç xəbərim olmur. Guya xəbərim olsa da, mən yetimin vaxtı var?! Məsələ o deyil əlbəttə. Məsələ onların məni gördüyü yerdir! Allaha Şükr edirəm ki, övladım oğlandır. Yoxsa min ad qoyardılar. Lənətə gəlsin bu cəmiyyəti! Mən neyləyim ki, bir şərəfsizlə rastlaşdım və həyatım alt-üst oldu! Öldürülən gəlinləri görəndə düşünürəm ki, vaxtında düz qərar vermişəm ayrılmaqda! Amma mən ölsəm kampaniyalar başladacaq insanlar, ölmədən boşandım deyə məni q. çıxarır! Tüpürüm sizin qeyrət anlayışınıza!
Sinifdə bir qadın var, ancaq əri haqda danışır. Artıq sinifimizdə hamı Tərlanın xarakterin bilir. “Çayı qənddən başqa heç nə ilə içmir.”, “Axşamdan qalma yeməkləri səhər yeməyində yeməyi xoşlayır.”
Tərlan da bari bir Tərlan ola. 55 yaşında yaşlı bir kişidir. Gəlindən 20 yaş böyükdür. Və görünən odur ki, bunlar ailə kimi bir-birini saymırlar. Amma bunlar önəmli deyil! Önəmli olan o qadına Tərlanına görə heç kəs pis gözlə baxa, söz deyə bilməz! Bilmirəm e, hissimi necə ifadə edim ki, məni doğru anlayasınız?! Çöldə sahibsiz görsən evinə almayacağın adamı kiminsə əlindən alacağımızı düşünürlər. Niyə?! Çünki nə vaxtsa, daha cəsarətli davranmısan! Niyə?! Çünki təslim olmamısan! Niyə?! Çünki razılaşmamısan! Niyə?! Çünki onların edə bilmədiyi şeyləri etmək cəsarətin var! Ona görə də bədbəxtliklərinin səbəbkarı kimi məni görürlər! Və mühakimə edirlər ki, sən niyə bədbəxt olmadın?! Mənim də ayrı cür bədbəxtlik yaşadığımı görmürlər! Görmək istəmirlər! Başları özlərinə qarışıb çünki! (Ağlayır, hıçqırıq səsləri adamı narahat edəcək qədər çoxdur)
Belə…
Bəzən belə də olur. Alın yazımızın cavabdehi kimi məzəmmət olunuruq. Və əksərən bu cür iddihamlar gerçəyə çevrilir. Digərlərinin “inamlarını doğrultmaq üçün!”
Psixoloq Əfsanə Rüstəmova