Ailədə hər bir tərəfin gələcəklə bağlı müəyyən xəyallar qurması təbiidir. Evlilikdən əvvəl tərəflər gələcək həyat yoldaşları ilə bağlı xəyallar qurduqları halda, evlilikdən sonra uşaqları ilə bağlı xəyallar qururlar. Ancaq bəzi tərəflər bu xəyallarına həddindən artıq bağlı olurlar.
Belə ki, mütəmadi olaraq qız xəyalı ilə yaşayan bir ana oğlan xəyalını ağlına da gətirmir. Və ya mütəmadi olaraq oğlan xəyalı ilə yaşayan bir ana qız xəyalını yadına da salmır. Hətta bu az imiş kimi, bu barədə düşünmək belə onu narahat edir. Halbuki, bu vəziyyət uşaq üçün çox təhlükəlidir. Nə üçün? Əslində, bu sualı müxtəlif prizmalardan izah etmək olar.
…İki il əvvəl uşağına qarşı heç bir hiss bəsləməyən, hətta uşağına adi analıq hissi ilə belə yanaşmaqda çətinlik çəkən bir ana var idi. Və bu ana təbii olaraq uşağı ilə ünsiyyət qurmaqda çətinlik çəkirdi. Onun əsas şikayəti uşağının sözünə qulaq asmaması idi. Aparılan söhbətlər nəticəsində ana ilə uşaq arasında heç bir emosional bağlılığın olmadığı məlum oldu. Və bunun səbəbi nə qədər qəribə olsa da, hamiləlik dövrü ilə bağlı idi. Bir sözlə, bu vəziyyətdə problem uşaqda yox, anada idi. Buna görə də, müalicənin uşaq yox, ana üzərində aparmağı qərara aldıq…
Təbii ki, bətnindəki körpənin cinsiyyətini qəbul etməyən bir ana müxtəlif gərginliklər yaşayır. Nəticədə, ananın yaşadığı bu gərginlik uşağa da mənfi təsir göstərir. Hətta bəzən bu proses doğum prosesinə qədər davam edir. Başqa sözlə, həmişə qız arzusunda olan bir ananın bətnindəki oğlandırsa və bu uşağı qəbul etmirsə, bu vəziyyət doğumda da özünü göstərir.
Həm özünüz, həm uşağınız üçün qız-oğlan arzunuzu kabusa çevirməyin. Üstəlik, bu arzunun gələcəkdə ailə daxilində əlavə problemlərə səbəb olacağını da unutmayın.