Soyuq havalarda bəzi səhvlər dəriyə zərər verə bilər! “Gencaile.az” saytı “Publika.az”-a istinadən xəbər verir ki, dermatoloq Filiz Topaloğlu Dəmir həddən artıq isti duşun dəri üçün zərərli olduğunu açıqlayıb.
Ekspert bildirib ki, soyuq hava dərinin qoruyucu qatını pozur və qurumasına səbəb olur: “Dəri quruluğunun qarşısı vaxtında alınmazsa və lazımi tədbirlər görülməzsə, dəridə çatlar, qızartı, qalınlaşma, qaşıntı, ağrı və sərtləşmə kimi əlamətlər özünü göstərəcək. Dərinin pisləşməsi isə mikrobların dəriyə daxil olmasını asanlaşdırır. Yaş artdıqca dərinin su tutma qabiliyyəti azaldığından bu simptomlar yaşlılarda daha ağır ola bilər.
Digər tərəfdən uzun müddətli dərinin quruluğu qırışların yaranmasına, yəni vaxtından əvvəl yaşlanmasına səbəb olur. Ən çox təsirlənən nahiyələr üz, dodaqlar və əllər olsa da, soyuq havanın təsiri saçlara və dırnaqlara da təsirsiz ötüşmür. Bundan əlavə, sədəf, atopik ekzema, əl ekzeması kimi bir çox dəri xəstəlikləri bu mövsüm pisləşməyə meyllidir. Dərinin elastik və yumşaq olması, həmçinin ideal su tutma qabiliyyətini təmin etmək üçün soyuqdan qorunmaq lazımdır. Yaş, dəri tipinə və ətraf mühit amillərinə uyğun olaraq dərini düzgün dərini nəmləndirin. İnsanlar soyuq havada dəri quruluğunun qarşısını almaq üçün bəzən səhv yollara əl atır. Məsələn, əlləri tez-tez yumaq, isti su ilə duş qəbul etmək, dodaqları yalamaq, qış aylarında günəş qoruyuculardan imtina etmək tez-tez edilən xətalardır. Odur ki, duşda suyun istiliyini azaltmaq, hamam yağlarından istifadə etmək və hamamdan dərhal sonra ilk 3 dəqiqə ərzində bədəbə yüngül nəmləndirici tətbiq etmək vacibdir.
Dodaqlarınız quruyubsa yalamaq olmaz, çünki tüpürcəkdəki həzm fermentləri və bakteriyalar dodaqlara zərər verə bilər, dolayısı ilə dodaqların qurumasını sürətləndirir. Mövsümi təzə meyvə və tərəvəzlər, E vitamini ilə zəngin badam, qoz-fındıq kimi məhsulları çiy yeyin, qırmızı ət yerinə mümkün qədər balığa üstünlük verin və kifayət qədər su için”.