aile budcesi

Azərbaycan ailələrində büdcə mədəniyyəti niyə formalaşmayıb?

Baxış sayı: 887

“Ailə kiçik dövlətdir” modeli bütün kateqoriyalarda keçərlidir. Həqiqətən də kiçik dövlət missiyasını həyata keçirən ailə böyük dövlətin həm iqtisadi, həm də idarəedici funksiyasını yerinə yetirir. Ailədə də lider var, idarəedici demokrat, liberal, yaxud diktator mövqeyi ilə seçilə bilir. Dövlətdə olduğu kimi, ailənin də dayaq sütunu olan büdcənin kim tərəfindən idarə olunması birbaşa həmin ailəyə hakimliyin göstəricisi kimi anlaşılır. Çünki ailədə büdcə hər şeyi öz şəxsi nəzarəti altında saxlayır. Büdcə mədəniyyətinin formalaşmamsı isə həmin ailədə müəyyən intriqaların yaranmasına yol açır.

Sosioloq alim Əhməd Qəşəmoğlunun fikrincə, bu, həqiqətən də Azərbaycan cəmiyyətində ciddi problemə çevrilib. Normal büdcəsi olmayan ailə avtomatik olaraq intriqa mənbəyinə çevrilir:

ehmed qesemoglu

“Büdcə mədəniyyəti cəmiyyət və ailənin həyatında çox önəmli məsələdir. Amma hələ ki bizdə ailələrin əksəriyyətində bu mədəniyyət formalaşmayıb. Qazanılan pulu düzgün xərcləmək mədəniyyətinə hələ sahiblənməmişik. Bu səbəbdən həyatına qəsd edən, cinayətə əl atanlar olur, bəzən hətta ailələr dağılır. Ailədə büdcə mədəniyyətinin yaranması və qorunmasında daha çox yəhudi təcrübəsindən istifadə olunmalıdır. Nəinki yəhudi, eləcə də Qərb-Avropa praqmatizmi önə çəkilməlidir.

Bu hava, su kimi lazım olan bir məsələdir. İki meyar önə çəkilməlidir: birincisi, ailə daxilində mənəviyyat, əxlaq yüksək səviyyədə olmalıdır ki, həmin ailənin büdcəsi də əxlaqi dəyərlərlə idarə olunsun. İkincisi, təbii ki, təfəkkür faktorudur və təhsil sistemi bu işdə əlindən gələni etməlidir. Aşağı siniflərdən şagirdə pulla düzgün davranmaq mədəniyyəti aşılanmalıdır.

aile budcesi

Sosioloq alim ailədə büdcənin kim tərəfindən idarə olunmasına da diqqət yetirdi. Onun sözlərinə görə, burada sterotiplərə söykənərək nəzarəti yalnız kişinin əlinə vermək olmaz. Sadəcə, daha yaxşı kim bacarırsa, o da bu işi görməlidir:

“Bu məsələ ailələrə görə fərqlənir. Amma əksər ailələrdə bu işi kişi öz öhdəsinə götürür. Bu da yəqin ki, uzun illərdir formalaşan ənənələrə görədir. Amma əsas bacarıq amilidir. Bu işi kim yaxşı görə bilirsə, o da yerinə  yetirməlidir. Qadın büdcəni kişidən daha yaxşı idarə edə bilirsə, o bu işlə məşğul ola bilər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir