otel

Otellərin fəaliyyətindəki “əmma”lar – ARAŞDIRMA

Baxış sayı: 1. 164

Azərbaycanda turizm inkişaf etməkdə olan sahələrdən biridir. Bu sahənin inkişafına diqqət çox ayrılır. Lakin yenə də müəyyən “əmma”lar gözdən yayınmır. Otellərin işində sanki boşluq müşahidə olunur. Regionlarda, xüsusən də, yerli turistlərin daha çox istirahət etdikləri bölgələrdəki otel və istirahət mərkəzlərinin qiymətləri və ümumiyyətlə, müştəri sıxlığı ilə maraqlandım. Həftəsonları və bayram günlərində müştəri ilə aşıb-daşan otellər həftə içi – ara günlərdə boş-bikar qalır.  Hərəsində bir neçə təsadüfi müştərini saymasaq, demək olar ki, əksər otellərdə qalan olmur. Lakin həftə sonlarında boş yer tapmaq müşkül məsələyə çevrilib.

 

O təbəqəni cəlb etmək olar

Bəs niyə otellərin fəaliyyəti tənzimlənmir? Bu boşluq hansısa proqram və ya kampaniyalar vasitəsilə yoluna qoyulmur? Düşünürəm ki, hər halda, həftə boyu müxtəlif vasitələrlə insanları cəlb etmək olar. Düzdür, əlbəttə ki, tələbat, istənilən halda, yenə də həftə sonlarına olacaq. Müxtəlif strukturlarda çalışan adamlar ancaq həmin günlərdə  bölgələrə üz tuta bilirlər. Amma ölkənin bütün vətəndaşları işləmir axı. Yəni həftə içi qiymətlər münasib olsa, ən azından o təbəqəni cəlb etmək olar.  Bununla bağlı turizm üzrə ekspertlərlə danışdıq. Fikirlər müxtəlif, təkliflər ağlabatan oldu…

Azərbaycanda Turistlərin Hüquqlarının Müdafiəsi Komitəsi yaradılıb

Düzgün qiymət siyasəti

Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, otellər düzgün qiymət siyasəti yürütməlidir: “Ümumiyyətlə, bu, dünya praktikasında da belədir, həftə sonunda otellərin qiymətləri, təbii ki, həftə içi qiymətlərdən nisbətən baha olur. Bu da tələbata uyğundur. Bütün dünyada  tələbat olunan günlərdə qiymətlər yüksək olur. Ancaq burada fərqli bir tendensiya yaratmaq olar. Yəni ki,  həftə sonu – şənbə-bazar günlərində  otellərin qiymətlərinin düzgün qiymət siyasətini, marketinqini qurmaq olar. Məsələn, deyək ki, beşinci, altıncı, bazar gününü – yəni üç günü rezervasiya edənə, növbəti gün – yəni bazar ertəsi günü hədiyyə olunsun. Baxın, orada qalan adamlar həmin otelin digər servislərindən də istifadə edəcəklər. Məsələn, restoran, idman zalı və s. xidmətlərdən istifadə edəcək. Bu da öz növbəsində həmin otelə xeyir gətirəcək. Yəni həmin müştərilərin növbəti bir günü də oteldə qalmağı və yaxud da məsələn, beşinci, altıncı, bazar günü bu qiymətlə, amma dördüncü gün hədiyyə kimi qalması otelin gəlirini artıra bilər. Bundan başqa,  qiymətlərə də endirim etmək çox yaxşı olardı”.

 

Oteldə pulsuz gün

Ekspert deyir ki, müxtəlif kampaniyalar keçirmək,  kalkulyasiya edərək qiymətləri müqayisə etmək olar. Və hər iki tərəf üçün sərfəli qiymətlər çıxarıb müxtəlif endirim kampaniyaları keçirmək də mümkündür: “Bunlar, təbii ki, həm də otellərin kateqoriyalarına uyğun olmalıdır. Düşünürəm ki, ən yaxşı çıxış yolu həftə içi günlərdən birini “free” – yəni pulsuz etməkdir. Bayaq da qeyd etdiyim kimi, həmin günlərdə müştəri otelin digər xidmətlərindən istifadə etməklə otelə əlavə gəlir gətirəcək. Bunun səhər yeməyi, naharı, şam yeməyi var. Hamısı da ödənişlidir axı. Otelin işi dayanmayacaq”.

 

“Həm də otel ayaqda qalacaq”

Mütəxəssis bildirdi ki, hazırda otellərdə qidalanma orada qalmaqdan bahadır: “Yəni  bölgələrimizdə dörd-beş ulduzlu otellərin restoranında ikinəfərlik nahar yeməyi, təqribən qırx-əlli manata başa gəlir.  Təsəvvür edin ki, əgər otel nömrəni pulsuz belə versə, müştərinin orada qidalanmasından gəlir əldə edəcək. Elə iki dəfə yemək yüz manat edir. Otelin günlük qiyməti yetmiş-səksən manatdırsa, deməli, yeməkdən gələn gəlir ondan daha çoxdur. Tövsiyə edərdim ki, otellər düzgün qiymət siyasəti aparsınlar. Əvvəldə də dediyim kimi, qiymət endirimləri, “free” günlər və s. etməklə müxtəlif kampaniyalar keçirsinlər. Bütün bunlar, əlbəttə ki, otellərin işini çoxaldacaq, müştəri bazasını  artıracaq. Eyni zamanda də xidməti personal işləyəcək.  Həm də otel ayaqda qalacaq”.

Otellərin fəaliyyətindəki

Qiymətləri endirmək, keyfiyyəti qaldırmaq

Məsələ ilə bağlı turizm şirkətlərindən birinin rəhbəri Aqil Ağalarov da bölgələrimizdə otellərdə qiymətlərin həftə sonları və bazar günlərində daha baha olduğunu vurğuladı: “Çünki həmin vaxtda tələbat böyük olur. Həftə içi, demək olar ki, müştərisiz qalan otellər, həmin günlərdə yüksək qiymət tətbiq etməklə, sanki bunu balanslaşdırırlar. Lakin biz müəyyən otellərlə əməkdaşlıq edirik. Onlar həftə içi qiymətləri aşağı saldılar. Bu cür qiymətlərlə müştərilərdə daha çox maraq və həvəs oyada bildik. Bu, çox effektiv vasitədir. Pandemiyaya qədər gözləntilərimiz özünü doğruldurdu. Xüsusən də, Quba-Qusar, Lənkəran-Lerik zonalarında bu sistemlə işləyirdik. Hazırda da bu prinsiplə otellərlə əməkdaşlıq edirik. Otellərə müştəri cəlb etməyin ən optimal yolu, ilk növbədə qiymətləri endirmək, keyfiyyəti qaldırmaqdır.

 

Xanım Aydın




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir