Həyat davam edir və biz durmadan danışırıq. Evdə, işdə, küçədə, məktəbdə, dükanda, bazarda… Elə isə daha gözəl danışmaq üçün nə etməliyik? Peyğəmbərmizin (s.ə.s.) “Ya xeyir söylə, ya sus!” düsturundan xəbərimiz varmı? Gələcəyimiz olan uşaqlara bu məsələdə nə qədər kömək edə bilirik, ya da özümüz bu məsələdə nə qədər səriştəliyik? Yəqin ki, bütün bu suallar barədə düşünməyə dəyər…
Uşaqların gözəl danışması, məqsədlərini daha gözəl və daha aydın ifadə etməsi, danışarkən ədəb gözləməsi, bir sözlə, söz sənətinə vaqif olması əlbəttə ki, bu günümüz üçün çox vacib şərtlərdəndir. Ən azı ona görə ki, sağlam bir ailə mühiti üçün necə danışmaq və ya özümüzü necə ifadə etmək çox vacibdir. Ailə ilə bağlı əksər məsələlərdə olduğu kimi təbii ki, bu məsələdə də ön plana uşaqlar çıxır.
Bir çox psixoloqlar uşaq tərbiyəsinin ana bətnində başladığını bildirirlər. Elə isə “dil tərbiyəsinin” də ana bətnində başladığını söyləsək, yəqin ki, səhv etmiş olmarıq. Çünki uşağın psixoloji vəziyyəti ananın keçirdiyi hamiləlik dövründən birbaşa asılıdır. Məsələn, rahat hamiləlik dövrü keçirən anaların uşaqları daha sakit, gərgin hamiləlik dövrü keçirən anaların uşaqları isə daha stresli olurlar. Uşaqlarının gələcəyini düşünən analar xüsusilə hamiləlik dövründə onlara kitab oxuyur, Quran və musiqi dinləmələrinə imkan verirlər. Bu üsulun uşağa müsbət təsiri ilə bağlı artıq kifayət qədər elmi sübutlar var.
Nə etməli?
– Uşaqları əzizləyərkən onlarla uşaq dili ilə danışmayın. Çünki bu, uşağın uzun müddət düzgün danışa bilməməsinə gətirib çıxara bilər. Onlarla düzgün və aydın tələffüzlə, böyük bir adamla danışırmış kimi danışın.
– Validenylər uşaqlarının danışdığı dilə müdaxilə etməli, arqo və ya kobud bir dillə danışmasına imkan verməməlidirlər.
– Mütəmadi musiqi kliplərinə və reklamlara baxmaq uşaqlarda nitq problemlərinə səbəb olur.
– Hələ körpə yaşlarında onlara düzgün bir tələffüzlə nağıl oxuyun. Əgər belə bir imkanınız yoxdursa, CD-lərdən istifadə edin. Bundan başqa, oxuduğunuz nağılları evdə səhnələşdirə də bilərsiniz. Bir müddət sonra uşaqlarda nitq qabiliyyətinin necə inkişaf etdiyinə özünüz də təəccüb edəcəksiniz.
– Uşaqlarınıza hələ az yaşlarından kiçik bir kitabxana qurun. Bundan başqa, uşaqları kitab mağazalarına aparmaq, onlara kitab seçməkdə və almaqda sərbəstlik vermək də sizə çox kömək edə bilər. Bu, eyni zamanda uşağınızda məsuliyyət hissinin formalaşması üçün də vacibdir.
Dil və şeir
Dili daha yaxşı öyrənmək və ondan daha yaxşı istifadə etmək üçün ən əlverişli yollardan biri də şeirdir. Axıcı və rəvan danışmaq, yaddaşı möhkəmləndirmək, həmçinin sözləri düzgün tələffüz etmək baxımından şeirin əhəmiyyəti böyükdür. Buna görə də, 2-3 yaşlarından başlayaraq uşaqlara təkərləmələr öyrətmək, şeirlər əzbərlətmək lazımdır. Unutmayın, sizin uğurunuz seçdiyiniz təkərləmələrdən, şeirlərdən də çox asılıdır.
Güclü kitabxana böyük bir məktəb deməkdir
Gözəl danışmağın sirləri əlbəttə ki, bununla bitmir. Bu sirlərdən biri də uşaqların söz xəzinəsi geniş olan insanların arasında olmasıdır. Çünki onlar nə qədər belə insanlarla ünsiyyətdə olsalar, söz dağarcıqları da o qədər geniş olar. Bundan başqa, uşaqlara gözəl danışmağı öyrətmək üçün onlara ucadan şeir və ya nağıl oxutdurmaq lazımdır. Uşaqları lüğətə alışdırmaq və onlara lüğətdən istifadə etməyi öyrətmək də əsas şərtlərdən biridir. Digər tərəfdən, uşaqlar “Buyurun”, “Təşəkkür edirəm”, “Sağ olun”, “Rica edirəm” və s. kimi sözlərin əhəmiyyətini bilməli və yeri gəldikcə bu sözlərdən istifadə etməlidirlər. Əlbəttə ki, bu məsələdə kitabxanaların əhəmiyyətini unutmaq olmaz. Çünki güclü bir kitabxana bəzən böyük bir məktəb deməkdir. Əgər buna imkanınız yoxdursa, məktəb kitabxanasından və ya şəhərinizdəki, rayonunuzdakı, kəndinizdəki ümumi kitabxanalardan istifadə edə bilərsiniz.
Uşaqlar nəyi bilməlidirlər?
– Yalanın və başqalarının arxasınca danışmağın pis iş olduğunu,
– Verilən suallara cavab verməyi,
– Necə tanış olmağı,
– Necə salamlaşmağı,
– Yaş qruplarına görə kiminlə necə danışmağı,
– İcazə alaraq hərəkət etməyi,
– Bir şeyi necə istəməyi,
– Qapını necə döyməyi,
– Telefonla necə danışmağı,
– Necə təşəkkür etməyi,
– Necə üzr istəməyi,
– Yeməyi necə yeməyi,
– Qonağı necə qarşılamağı,
– Qonağı necə yola salmağı,
– Danışanı necə dinləməyi və s.