2009564_univ_lsr_lg

Pulu necə xərcləməli?

Baxış sayı: 2. 689

Ailə xoşbəxtliyinin açarları

Pulu necə xərcləməli?

Ər: «Mənə elə gəlir ki, arvadım Laura * pulu nəyə gəldi xərcləyir. Aldığı şeylərə əslində elə də ehtiyacımız yoxdur. O, bir qəpik də olsun əlində pul saxlaya bilmir! Birdən nəyəsə pul lazım olanda əlimyandıda qalırıq. Mən həmişə demişəm ki, əgər onun əlinə pul düşübsə, mütləq başına daş salacaq».

Arvad: «Düzdür, ola bilər, mən pula qənaət edə bilmirəm, amma ərimin qiymətlərdən heç xəbəri də yoxdur. O bilmir ərzağa, ev əşyalarına və digər şeylərə nə qədər pul gedir. Bütün bunlarla mən məşğul oluram, buna görə də evə nə lazım olduğunu mən yaxşı bilirəm və söz-söhbətə gətirib çıxarsa da, yenə də lazım gələn şeyləri alıram».

PUL bir çox ailələrin yaralı yeridir. Belə ki, bu haqda söhbətləri mübahisəsiz ötüşmür. Təəccüblü deyil ki, ailədə söz-söhbət ən çox pul üstündə düşür.

Pula tarazlı yanaşmayan ər-arvad arasında tez-tez mübahisə yaranır, onlar narahatçılıq keçirir, özlərinə emosional və ruhani zərər yetirirlər (İncil, 1 Timoteyə 6:9, 10). Pulu düzgün xərcləməyi bacarmayan valideynlərə daha çox işləmək lazım gəlir və bu səbəbdən də onlar nə özlərinin, nə də uşaqlarının emosional və ruhani tələbatlarını lazımınca ödəyə bilmirlər. Bundan əlavə, bu cür ailələrdə böyüyən uşaqlar da, adətən, puldan düzgün istifadə etməyi bacarmırlar.

Müqəddəs Kitabda deyilir ki, pul insanın sipəridir (Vaiz 7:12). Lakin pul təkcə onu düzgün xərcləməyi yox, həm də həyat yoldaşınızla bu haqda söhbət etməyi öyrəndiyiniz təqdirdə ailənizi və nikahınızı qoruyacaq *. Belə olduqda, pul üstündə mübahisəniz düşməyəcək, əksinə, bu cür söhbətlər həyat yoldaşınızla münasibətlərinizi möhkəmləndirəcək.

Bəs nə üçün pul ailədə bu qədər söz-söhbətə səbəb olur? Bu məsələdə mübahisə etmədən ümumi dil tapmaq necə mümkündür?

Problemlərin səbəbi

Çox vaxt pul üstündə yaranan mübahisələrə səbəb pulun olub-olmaması yox, etibarsızlıq və ya qorxu olur. Məsələn, ər hər qəpiyin hesabını tutanda, əslində, həyat yoldaşının ailənin büdcəsindən düzgün istifadə etdiyinə şübhə ilə yanaşdığını göstərmiş olur. Qadın isə ərinin qırağa az pul qoyduğundan şikayətlənəndə gələcəkdə ailədə yarana biləcək maddi çətinlikdən qorxduğunu bildirir.

Ərlə arvad arasında problemin yaranmasına aldıqları tərbiyə də səbəb olur. Səkkiz ildir ki, ailə qurmuş Metyu deyir: «Arvadımın böyüdüyü ailədə puldan düzgün istifadə ediblər. O, heç vaxt mənim keçirdiyim hissləri yaşamayıb. Mənim atam içən və çəkən olub, həm də əksər hallarda işləməyib. Çox  vaxt biz ən zəruri ehtiyaclarımızı belə ödəyə bilmirdik. Buna görə də məndə qorxu var ki, birdən borca girməli olaram. Hərdən bu qorxu ucbatından pul haqqında arvadımla sakit söhbət edə bilmirəm». Narazılığın nəyin üstündə düşməsindən asılı olmayaraq, ərlə arvad necə edə bilər ki, pul evdə söz-söhbətə səbəb olmasın, əksinə, ailəyə xeyir gətirsin?

Sizin üçün nə daha vacibdir — pul, yoxsa nikahınız?

Müvəffəqiyyətə yol açan dörd açar

Müqəddəs Kitab maliyyə məsələləri üzrə məsləhət kitabçası deyil. Buna baxmayaraq, orada ailələrə pulla bağlı problemlərdən qaçınmağa kömək olacaq faydalı məsləhətlər var. Nə üçün növbəti məsləhətləri oxuyub, onlara əməl etməyəsiniz?

1. Pul haqda sakit danışmağı öyrənin. «Yaxşı nəsihətə qulaq asanın hikməti var» (Süleymanın məsəlləri 13:10). Ola bilsin, aldığınız tərbiyənin ucbatından sizə pulla bağlı məsələlərdə başqaları ilə, xüsusilə də həyat yoldaşınızla məsləhətləşmək çətindir. Lakin bunu bacarmağı öyrənmək müdrik hərəkət olardı. Məsələn, nə üçün həyat yoldaşınıza valideynlərinizin pula münasibətinin sizə necə təsir etdiyini danışmayasınız? Həmçinin aldığı tərbiyənin həyat yoldaşınıza da necə təsir etdiyini başa düşməyə çalışın.

Pul haqda danışmaq üçün problem yarananacan gözləmək lazım deyil. Müqəddəs Kitabı yazanlardan biri belə bir sual vermişdi: «İki nəfər razılaşıb görüşməsə, birgə yol gedərmi?» (Peyğəmbərlərin kitabı, Amos 3:3). Bu ayədəki prinsipi necə tətbiq etmək olar? Əgər büdcə məsələlərini müzakirə etməyə vaxt ayırsanız, çox ehtimal ki, mübahisəyə gətirib çıxaran anlaşılmazlıqları azalda bilərsiniz.

MƏSLƏHƏT. Büdcə məsələlərini müntəzəm müzakirə etmək üçün vaxt ayırın. Bunun üçün ayın ilk gününü və ya həftənin müəyyən gününü ayırmaq olar. Çalışın ki, söhbətiniz qısa, 15 dəqiqə və ya bundan az olsun. Elə vaxt seçin ki, heç biriniz yorğun olmayasınız. Bu məsələləri süfrə arxasında, yaxud uşaqlarla dincələndə etməməyə sözləşin.

2. Ailənin gəlirinə düzgün yanaşın. «Bir-birinizi hörmətdə qabaqlayın» (İncil, Romalılara 12:10). Əgər ailədə yalnız bir nəfər işləyirsə, o, qazancına özünün yox, bütün ailənin pulu kimi baxmaqla həyat yoldaşına hörmət etdiyini göstərə bilər (İncil, 1 Timoteyə 5:8).

Əgər ərlə arvadın ikisi də işləyirsə, onlar nə qədər maaş aldıqlarını və böyük xərclərini gizlətməməklə bir-birinə qarşılıqlı hörmət göstərə bilərlər. Bu kimi şeyləri gizlətsələr, bir-birilərinə etibarları itəcək və münasibətləri korlanacaq. Əlbəttə, bu o demək deyil ki, edəcəkləri hər xırda xərclər haqda bir-birinə hesabat verməlidirlər. Amma böyük xərclər etməzdən əvvəl məsləhətləşsəniz, həyat yoldaşınızın fikrinə hörmət etdiyinizi göstərərsiniz.

MƏSLƏHƏT. Müəyyən edin ki, bir-birinizlə məsləhətləşmədən nə qədər pul xərcləyə bilərsiniz. Bu, 20 manat, 200 manat, yaxud başqa məbləğ ola bilər. Bundan çox pul xərcləmək istədikdə, həmişə yoldaşınızla məsləhətləşin.

3. Planlarınızı vərəqə yazın. «Çalışqanın niyyəti xeyir gətirər» (Süleymanın məsəlləri 21:5). Boş yerə əmək sərf etməmək üçün ailə büdcəsini yaradın. Beş ildir ki, ailə quran Nina deyir: «Öz gəlirini və xərclərini vərəqdə görmək adamı sanki ayıldır. Bu zaman həqiqəti danmaq mümkün olmur».

Büdcə yaratmaq üçün mürəkkəb üsullara əl atmaq vacib deyil. İki oğul atası olan Darren 26 ildir ki, ailə qurub. O deyir: «Əvvəlcə biz həftə ərzində xərcləyəcəyimiz pulu ayrı-ayrı zərflərə qoyurduq. Məsələn, bizim yemək, istirahət və hətta bərbərxana üçün ayrı-ayrı zərflərimiz var idi. Bir zərfdə pul qurtaranda o birisindən götürüb xərcləyir və  tez bir zamanda yerinə qaytarırdıq». Əgər siz çox vaxt nəğd ödənişlə yox, kreditlə mal alırsınızsa, o zaman sizə plan tutub, xərclərinizi yazmaq xüsusilə vacibdir.

MƏSLƏHƏT. Sabit xərclərinizi yazın. Gəlirinizin neçə faizini kənara qoyacağınızı müəyyənləşdirin. Sonra qeyri-sabit xərclərin, məsələn, qida, elektrik enerjisi və telefon xidməti ilə bağlı xərclərin siyahısını tutun. Bir neçə ay ərzində nə qədər pul xərclədiyinizi yazın. Lazım gələrsə, borca girməmək üçün həyat tərzinizdə dəyişiklik edin.

4. Öhdəçiliklərinizi müəyyənləşdirin.

 «İki adam bir adamdan yaxşıdır, çünki zəhmətləri üçün yaxşı muzd alacaqlar» (Vaiz 4:9, 10). Bəzi ailələrdə pul işinə ər baxır. Digərlərində qadın bu işin öhdəsindən bacarıqla gəlir (Süleymanın məsəlləri 31:10-28). Bir çox ər-arvadlar isə bu məsuliyyəti öz aralarında bölüşürlər. 21 ildir ailə quran Mario deyir: «Hesab işlərinə və xırda xərclərə arvadım baxır. Mən isə vergiləri və icarə haqqını ödəyirəm. Biz gördüyümüz işlər haqda bir-birimizə məlumat verir və əlbir işləyirik». Bu işləri necə gördüyünüzdən asılı olmayaraq, əsas məsələ əlbir olmaqdır.

MƏSLƏHƏT. Bir-birinizin zəif və güclü cəhətlərini nəzərə alaraq kimin hansı işi görəcəyini müzakirə edin. Bir neçə aydan sonra məsuliyyətlərin öhdəsindən necə gəldiyinizi nəzərdən keçirin. Lazım gələrsə, dəyişiklik edin. Həyat yoldaşınızın əməyini qiymətləndirmək, həmçinin hesabı ödəməyin, alış-veriş etməyin və sairə şeylərin necə başa gəldiyini anlamaq üçün hərdən rollarınızı dəyişə bilərsiniz.

Pulla bağlı müzakirələrin məqsədi

Əslində, pulla bağlı müzakirələr ərlə arvadın münasibətlərində soyuqluq yaratmır. Beş ildir ki, ailə quran Lea öz təcrübəsində bunun şahidi olub. O deyir: «Yoldaşımla mən pul haqda açıq və dürüst söhbət etməyi öyrənmişik. Bunun sayəsində indi yekdil iş görürük və bir-birimizə olan məhəbbətimiz daha da artıb».

Pulu necə xərcləməyi müzakirə edəndə ərlə arvad bir-birilə öz ümidlərini və arzularını bölüşür, eyni zamanda, nikaha sadiq qaldıqlarını göstərirlər. Bahalı şey almazdan əvvəl məsləhətləşəndə onlar bir-birinin hisslərini və fikrini nəzərə aldıqlarını göstərmiş olurlar. Müəyyən məbləği məsləhətsiz xərcləməyə yol verəndə bir-birilərinə etibar etdiklərini bildirirlər. Bütün bunlar nikahda əsil məhəbbətin olduğunu göstərir. Bu cür münasibətlər isə puldan qat-qat qiymətlidir. Belə olan halda, pul üstündə mübahisə etməyə dəyərmi?

ÖZÜNÜZDƏN SORUŞUN:

  • Axırıncı dəfə nə vaxt həyat yoldaşımla pul haqda sakit söhbət etmişik?
  • Hərəkətlərimlə və sözlərimlə həyat yoldaşımın ailənin büdcəsinə etdiyi yardımı qiymətləndirdiyimi necə göstərə bilərəm?



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir